Media və məsuliyyət yaxud kütləvi yayımın hüquq və əxlaq hüdudları

post-img

Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu sözügedən məcəllənin “Media haqqında” Qanuna uyğunlaşdırılması məqsədi daşımaqla, həm də qanunvericiliyin media fəaliyyəti ilə bağlı hissələrini təkmilləşdirir. Burada müəyən formal prosedurlar da var, vacib məqamlar da. Birinci ilə bağlı müxtəlif maddələrdəki “kütləvi informasiya vasitələri” sözünün “media”, “mətbuatın və digər kütləvi informasiya vasitələrinin” sözlərinin “media subyektlərinin”, habelə 533-1-ci maddənin adındakı və mətnindəki “Kütləvi informasiya vasitələrində” sözlərinin “Media məhsullarında” sözləri ilə əvəzlənməsi vurğulanmalıdır.

Başlıca məqam İXM-nin 381-ci maddəsindəki Media haqqında qanun­vericiliyin pozulmasına görə məsuliy­yətdir. Belə ki, 381.1-ci maddəyə görə media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane ol­mağa görə fiziki şəxslər iki yüz manat­dan üç yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimələnəcəklər. 381.2-ci maddə üzrə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edil­məsinə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.

İXM-nin yeni redaksiyasına görə, 381.3-ci maddə üzrə nəzərdə tutulmuş qanunla müəyyənləşdirilmiş hallardan başqa, media subyektləri və jurnalist­lərin informasiya almaq hüququnun məhdudlaşdırılmasına və ya onla­ra informasiya verilməsindən imtina edilməsinə, yaxud qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə üç yüz ma­natdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcəkdir.

İXM-nin 381.4-cü maddəsinə dəyi­şiklikdə isə media subyektləri tərəfin­dən təkzib, cavab və düzəliş verilmə­sinin “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən­ləşmiş qaydalarının pozulmasına görə məsuliyyət müəyyənləşəcək ki, bu, və­zifəli şəxslər üçün üç yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər üçün isə min manatdan min beş yüz mana­tadək məbləğdə cərimə deməkdir.

İXM-nin 381.5-ci maddəsinin yeni redaksiyası audiovizual media sub­yektləri tərəfindən yayımlanmış ma­terialların saxlanılmasının “Media haqqında” Azərbaycan Respublikası­nın Qanunu ilə müəyyənləşmiş qayda­larının pozulmasına görə məsuliyyəti müəyyənləşdirir. Bu, vəzifəli şəxslər üçün beş yüz manatdan yeddi yüz ma­natadək, hüquqi şəxslər üçün isə min manatdan min beş yüz manatadək məbləğdə cərimənin tətbiqi ilə bağlıdır.

Yeni dəyişikliyə əsasən, İXM-nin 381.6-ci maddəsi audiovizual media, çap mediası və onlayn media subyekt­ləri tərəfindən reklam və sponsorluqla bağlı “Media haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət edil­məməsinə görə vəzifəli şəxslər üçün iki min beş yüz manatdan üç min beş yüz manatadək, hüquqi şəxslər üçün səkkiz min manatdan on min manata­dək məbləğdə cərimə müəyyənləşdirir.

İXM-nin 381.7-ci maddəsinə dəyi­şiklik plagiat faktına görə məsuliyyət müəyyənləşdirməkdədir. Belə ki, proq­rama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa, digər audiovizual yayımçıların həmin proqramı yayımlamasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər üç min ma­natdan beş min manatadək məbləğdə cərimələnəcəklər. 381.8-ci maddə ya­yımın müvəqqəti dayandırılması barə­də məlumatın yayımın dayandırıldığı müddət ərzində audiovizual yayımçı­nın televiziya və (və ya) radio kanalın­da yayımlanmamasına, yaxud yayımın dayandırılmasına və ya digər məsu­liyyət tədbirinin tətbiqinə səbəb olmuş audiovizual proqramın audiovizual yayımçının veb-saytından və həmin proqramın yayımlandığı videopaylaşım platformalarından çıxarılmamasına görə məsuliyyətlə bağlıdır. Bu maddə üzrə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər iki min manatdan dörd min manatadək məbləğdə cərimələnəcəklər.

İXM-də audiovizual media sub­yektlərinin redaksiyasının loqotipinin (embleminin) Azərbaycan Respublika­sı Audiovizual Şurasının razılığı olma­dan dəyişdirilməsinə görə də məsuliy­yət nəzərdə tutulur. Sənədin 381.9-ci maddəsi də yeni redaksiyada təqdim olunur ki, burada qeyd edilən pozuntu faktına görə vəzifəli şəxslərin dörd yüz manatdan altı yüz manatadək, hüquqi şəxslərin isə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimələnmələri təsdiqlənib.

İXM-dəki daha bir dəyişikliyə görə, dövlət büdcəsindən maliyyələşən au­diovizual yayımçılar (sifarişli yayım xidməti istisna olmaqla) tərəfindən au­ditoriya həcminin reytinq ölçən təşkilat vasitəsilə müəyyənləşdirilməsinin tə­min edilməməsinə görə də məsuliyyət müəyyənləşdirilib. Bu, sənədin 381.10-cu maddəsində nəzərdə tutulub. Belə ki, sözügedən əməlin törədilməsi səbə­bindən vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxs­lər iki min manatdan dörd min manata­dək məbləğdə cərimələnəcəklər.

İXM-nin 381.11-ci maddəsi audio­vizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə məsuliyyəti əhatə edir. Bununla bağlı vəzifəli şəxslərin min beş yüz manat­dan iki min beş yüz manatadək, hüquqi şəxslərin beş min manatdan səkkiz min manatadək məbləğdə cərimələn­mələri nəzərdə tutulur.

Sənədə əsasən, media subyektləri tərəfindən sağlamlığın və ətraf mühi­tin qorunmasına zidd olan hərəkətlərin təbliğinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər iki min manatdan üç min mana­tadək məbləğdə cərimələnəcəklər ki, bu, məcəllənin 381.12-ci maddəsinin tələbi olaraq meydana çıxmaqdadır.

İXM-nin 381.13-cü maddəsi qanu­ni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayım­lanmasına) görə cərimə məbləğləri­ni müəyyən edir. Belə ki, qeyd edilən əmələ görə vəzifəli şəxslər min manat­dan min beş yüz manatadək, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cə­rimələnəcəklər.

İXM-də platforma və ya multipleks operatorunun fəaliyyətinin Azərbay­can Respublikasının Audiovizual Şu­rası tərəfindən monitorinqinin həyata keçirilməsi məqsədilə həmin operator tərəfindən şuranın ödənişsiz istifadə hüququnun təmin edilməməsinə görə, məsuliyyət də nəzərdə tutulub. Sənə­din 381.14-ci maddəsinə əsasən bu­nunla əlaqədar olaraq vəzifəli şəxslərin iki min manatdan iki min beş yüz ma­natadək, hüquqi şəxslərin beş min ma­natdan səkkiz min manatadək məbləğ­də cərimələnmələri üzərində dayanılıb.

İXM-dəki vacib yeniliklərdən biri də sənədin 388-ci madəsinə edilmiş də­yişiklikdir. Bu dəyişiklik media azadlı­ğından və jurnalist hüququndan sui-is­tifadə ilə əlaqədardır. Belə ki, media subyektinin redaksiyası (məsul redak­toru) və jurnalistlər tərəfindən media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadəyə, yəni, açıqlanması qanunla qadağan edilən informasiyanı yaymağa və ya informasiya mənbəyini qanunla yol ve­rilməyən hallarda açıqlamağa görə cə­rimə halı yaranacaqdır. Bu baxımdan fiziki şəxslər üçün iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər isə iki min manatdan üç min manatadək məbləğdə cərimələnə­cəklər.

Son dəyişikliyə görə, həmçinin İXM-nin 382–385-ci və 387-ci mad­dələr ləğv edilir. 

R.AMİN

Sosial həyat