“Bəşər övladını əxlaqi paklığa, humanizmə, birlik və bərabərliyə dəvət edən, insanların ruhunu və mənəviyyatını saflaşdıran mübarək Ramazan ayında müsəlmanlar Uca Yaradan qarşısında öz borclarını ləyaqətlə yerinə yetirmək fürsəti əldə edir, mənəvi kamilliyin və savab əməllərin sevincini yaşayırlar.
İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycanda Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur”. Bu fikirlər ölkə Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdəndir.
Cəmiyyətimizdə vəhdəti və həmrəyliyi daha da gücləndirən, xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən Ramazan ayının İslam aləmində “on bir ayın sultanı” adlandırılmasının səbəbi bu ayda müsəlmanlar üçün iki mühüm dini hadisənin baş verməsidir. Həmin hadisələrdən biri İslam dininin müqəddəs kitabı Qurani-Kərimin həzrəti Peyğəmbərimizə (s.) Ramazan ayının gecələrinin birində nazil olmasıdır ki, həmin gecə “Qədr” və ya “Əhya” adlanır. Digəri isə müsəlman təqvimi hicrinin 2-ci ilində ibadətlərdən biri olan Orucun Allah-təala tərəfindən bütün müsəlmanlar üçün fərz buyurulmasıdır. Bu ibadət həmin ayda buyurulduğuna görə “Ramazan orucu” adlandırılır. Müqəddəs kitabımız Qurani-Kərimdə deyilir: “Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə, oruc tutsun.”
Allahın orucu ibadət olaraq vacib buyurmasındakı məqsəd maddi və mənəvi sıxıntı ilə üzləşən insanları xilas etməkdir. Bu mənada, İlahi buyruqlar olan ibadətlər, o cümlədən oruc insanın öz mənəvi mövcudluğunu qoruması üçün sığınacağı limandır. Oruc tutan bəşər övladı pis əməldən, tamahdan, bilərəkdən, yaxud bilməyərəkdən etdiyi günahlardan təmizlənmək üçün Uca Yaradandan əfv diləyir, imkansızların keçirdiyi hissləri özü yaşayır.
İlahiyyətçilar bildirirlər ki, oruc arzu və tələbatlarımızı müəyyən müddət ərzində durğunlaşdırır və insan bu yol ilə təqva sahibi olur. Oruc daxilimizdə nizamı bərqərar edir, ruhumuzu və iradəmizi gücləndirir, bəzi arzu və istəklərimizin önünə bir qalxan kimi sədd çəkir. İnsan gözünü, qulağını, dilini günahdan qoruyur. O, vicdanının səsini dinləməyi bacarır. Oruc sayəsində özü ilə üzləşmə fürsəti əldə edir və nəfsinə qalib gəlməyin mümkünlüyünü öyrənir.
Mənəviyyat və əxlaqı zənginləşdirən oruc həm də insanı daxilən saflaşdırır, pis vərdişlərdən uzaq tutur, Allah yolunda xeyirxah işlər görməyə səbəb olur.
Uca Yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu ülvi bayram günlərində valideynləri yad etmək və sevindirmək, qohum-əqrəbaya baş çəkmək, dünyasını dəyişənlərin məzarlarını ziyarət etmək, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərmək, küsülüləri barışdırmaq hər bir müsəlmanın borcudur.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatı Ramazan ayının son günündə çıxarılır. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə çıxarması, onu ehtiyacı olanlara verməsi vacibdir.
Ay ərzində, hətta zəif olsaq belə, oruc tutduq, namaz qıldıq, Qədr gecələrində oyaq qalıb millətimiz, əzizlərimiz, övladlarımız üçün dualar etdik. Bütün dualarımızın Rəbbimiz tərəfindən qəbul edilməsi diləyilə, bayramımız mübarək olsun!
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

