Konstitusiya Məhkəməsi Heydər Əliyevə konfrans həsr etdi

post-img

Bu ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində Konstitusiya Məhkəməsi tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışaraq ölkəmizdə müstəqilliyin bərpasından sonra Ümummilli Liderin xalqın təkidli tələbi nəticəsində hakimiyyətə qayıtmasının Azərbaycan dövlətçiliyini ciddi təhlükələrdən xilas etdiyini, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını, bütün sahələrdə qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu qeyd edib.

Vurğulanıb ki, müstəqilliyimizin bərpa edildiyi dövrlərdə ölkəmiz Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşsa da, Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirib, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyadan qurtarıb, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alıb, yeni qurulan dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edib və xalqının mənafeyini daim qorumaq üçün bütün imkanlardan istifadə edib.

Sədr görkəmli siyasətçi Heydər Əliyevin vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi üçün önəmli işlər həyata keçirdiyini, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoyaraq inkişaf etdirdiyini vurğulayıb. Hüquqi dövlət quruculuğu inkişafın başlıca istiqaməti kimi müəyyən edilərək Ulu Öndərin rəhbərliyi ilə qısa müddət ərzində geniş məhkəmə-hüquq islahatlarına başlanılıb, demokratik prinsiplər əsasında yeni hüquq sistemi formalaşdırılıb, insan hüquq və azadlıqlarının müdafiəsinin təminatı üçün yeni təsisatların yaradılmasına əsaslı zəmin yaranıb.

Dahi şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən bəhs edən Fərhad Abdullayev qeyd edib ki, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafına, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşdırılmasına geniş imkanlar açıb, həmin proses çərçivəsində ölkəmizdə ilk dəfə olaraq konstitusiya ədalət mühakiməsi institutu təsis edilib.

Qeyd edilib ki, bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin qorunmasına yönələn müqəddəs ideyaları onun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Dövlətimizin başçısının məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanın daxili və xarici siyasəti, respublikamızı dünyada nüfuzlu dövlətlər sırasına daxil edən nəhəng quruculuq işləri, ölkənin və xalqın mənafeyi naminə həyata keçirilən layihələr Heydər Əliyevin siyasi və idarəçilik irsinin davamıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları Heydər Əliyevin siyasi-hüquqi ideyalarına uyğun olaraq qanunçuluğun və Konstitusiyanın aliliyinin daha da möhkəmləndirilməsinə, hüquqi cəmiyyətin inkişafına, habelə Azərbaycanın sivil və inkişaf etmiş dövlətlərin ailəsinə daha fəal inteqrasiyasına xidmət edir.

Tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Milli Məclisin deputatları Əminə Ağazadə, Nurlan Həsənov, Elnur Allahverdiyev, Bəhruz Məhərrəmov və hüquq sahəsi üzrə bir sıra görkəmli alimlər, ictimai xadimlər iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı olub. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə atılmış addımlar, Azərbaycanda əsası qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələr gələcəkdə Azərbaycan xalqının istiqlaliyyət qazanması üçün zəmin yaradıb. Dərin təfəkkürə sahib olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə bütün dövrlərdə xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.

Daha sonra Konfransın praktiki hissəsində “Azərbaycanda Ombudsman təsisatının yaradılmasında Ulu Öndər Heydər Əliyevin rolu”, “Heydər Əliyev Müstəqil Azərbaycan vəkilliyinin banisi kimi”, “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu”, “Konstitusiyada təsbit edilmiş dəyərlərin inkişafında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rolu”, “İnsan hüquqlarının müdafiəsi sahəsində hüquqi ekspertiza və qanunvericilik təşəbbüsləri mərkəzinin rolu” və digər hüquqi mövzular üzrə məruzələr təqdim edilib, geniş fikir mübadiləsi aparılıb.

Anar Əli,

“Xalq qəzeti”

Sosial həyat