Şəhid analarının sağlamlıqlarına qayğı

post-img

“Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşəbbüsü ilə Vətən müharibəsində canlarını fəda edən şəhidlərin ailə üzvlərinin tibbi müayinlərdən keçirilməsi davamlı təşkil edilir.

Bu dəfə Kardiologiya İnstitutunda Tərtər rayonundan olan şəhid analarının hərtərəfli müayinəsi aparılıb. İnstitutun direktoru, tibb elmləri doktoru, professor Gülnaz Dadaşova tərtərli xanımların hər biri ilə mehriban görüşüb, onları bağrına basıb. O, saçları bəmbəyaz şəhid analarının həm sağlamlıq, həm də digər məişət qayğıları ilə maraqlanıb. Bildirib ki, o, həmişə şəhid analarına dəstək göstərməyə, onların yanında olmağa hazırdır. 

İnstitutun mətbuat xidmətindən bildiriblər ki, həssas kateqoriyalardan olan 30-dan artıq şəhid anası kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib. Onlara EKQ, ExoKQ və USM müayinəsi və muasir beynəlxalq standartlara cavab verən laborator müayinələr də aparılıb.

Həkimlər tərəfindən müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndiriliblər.

Günün sonunda şəhid anaları üçün iftar süfrəsi verilib. Qeyd edək ki, tədbir Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”







Sosial həyat