Doğma yurda qayıdış bəşəri missiyadır

post-img

Soydaşlarımız İrəvan şəhəri də daxil olmaqla Qərbi Azərbaycanın bürtün bölgələrində yaşayıblar və bu ərazilərdən zaman-zaman soyqırımı və kütləvi deportasiyaya məruz qalıblar. İndiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıtması onların qanuni haqlarıdır. 

Qarabağ uğrunda Vətən müharibə­sində torpaqlarımızın işğaldan azad edil­məsindən sonra bu məsələnin gündəmə gəlməsi qanunauyğundur. Qərbi azərbay­canlılar doğma dədə-baba yurdlarına qa­yıtmalıdırlar. Xatırladaq ki, Qarabağ ətra­fında münaqişə başlanan zaman prosesin ilk qurbanları həmin dövrdə Ermənistan SSR-də yaşayan azərbaycanlılar olublar. 

Qərbi Azərbaycanda yaşayan soy­daşlarımızın sonuncu nəsli öz dədə-baba yurdlarından qısa müddətdə amansız şə­kildə qovuldular. Bəzi yerlərdə qətliamlar baş verdi, dinc insanlar amansızlıqlar­la üzləşdilər. İndi zaman və şərait köklü surətdə dəyişib, qaçqınların və məcburi köçkünlərin dədə-baba yurdlarına qayı­dışı artıq vaxtı çatmış məsələdir və bu prosesin gündəmə gətirilməsi tamamilə qanunauyğun haldır. Lakin bu prosesi reallaşdırmaq üçün, ilk növbədə, soydaş­larımızın Qərbi Azərbaycanda, yəni indiki Ermənistan ərazisində təhlükəsizliyinin tə­min olunmasını formalaşdırmaq lazımdır. 

Tarixi faktlar da sübut edir ki, ermənilər davamlı olaraq azərbaycanlılara qarşı ter­ror aktları, dəhşətli soyqırımları törədiblər. Bu faciələr beynəlxalq təşkilatlar tərəfin­dən hələ də hüquqi qiymətini almayıb. Ermənilərin vəhşiliyini, qəddarlığını bütün dünyaya nümayiş etdirən Xocalı, Ağda­ban, Qaradağlı faciələrini, sərhədboyu ərazilərdəki digər amansız qətliamları xa­tırlatmaq istərdim.

Vaxtilə, bütövlüklə, Azərbaycan türklə­rinə məxsus olmuş İrəvan xanlığının tor­paqlarında “erməni dövləti” yaradıldıqdan sonra azərbaycanlılar sıxışdırılmağa, təz­yiqlərlə üzləşməyə başladılar. Son nəticə dünya ictimaiyyətinin gözü qarşısındadır. Azərbaycanlıların kütləvi deportasiyası, bu zaman məruz qaldıqları vəhşiliklər, qır­ğınlar beynəlxalq hüquq prinsiplərinə zidd olsa da, indiyədək sükutla qarşılanıb.

Qayıdışla bağlı indiki Ermənistan ərazisində yaşayacaq azərbaycanlıla­rın təhlükəsizliyinin təmin olunması əsas məsələlərdən biridir. 1988-ci ildə azərbay­canlıların kompakt yaşadıqları, çoxluq təş­kil etdikləri ərazilərdə mədəni muxtariyyə­tin təmin olunması zəruri vəzifədir. Yerli və inzibati idarəçilik məhz azərbaycanlılara məxsus olmalıdır. Söhbət Zəngəzurdan, Göyçəətrafı ərazilərdən gedir. İlkin qayıdış həmin ərazilərdə təmin edilməlidir. 

Tarixə nəzər saldıqda bir daha aydın olur ki, ermənilər yüz illik tarix ərzində imzaladıqları sazişlərə, müqavilələrə heç vaxt əməl etməyiblər. Ermənistan tərəfi 44 günlük müharibədən sonra imza atdığı sənədləri də icra etməkdən boyun qaçırır. Məhz o səbəbdən ikitərəfli müqavilələrlə yanaşı, beynəlxalq səviyyədə qarantın olması da əsas şərtdir. Təəssüf ki, bey­nəlxalq təşkilatlar Ermənistanın hüquqa­zidd hərəkətlərinə, qətliamlarına, terror aktlarına və deportasiyalara hələ də qiy­mət verməyib.

Ermənilər münaqişəyə siyasi, dip­lomatik, hüquqi yanaşmada məğ­lub olduqda tarixilik prinsipinə əl atır­lar. Artıq buna adət ediblər. Halbuki, ərazi iddialarında tarixilik deyil, real məskunlaşma prinsipi əsasdır. Tarixdən ermənilərin nəinki şifahi vədlərinə, hətta imzaladıqları saziş və müqavilələrə əməl etmədikləri yaxşı məlumdur.

1918-ci ilin iyununda imzalanmış Ba­tum müqaviləsi ilə götürdükləri öhdəlikləri yerinə yetirmədilər, 1919-cu il noyabrın 23-də imzalanmış sazişə də əməl etmə­dilər. Zəngəzurda yenidən azərbaycanlılar məhv edildi, müsəlman kəndlərinə divan tutuldu. Sazişin bağlanması prosesində vasitəçilik etmiş ingilis rəsmi nümayən­dələrinin, Britaniya Xarici İşlər Nazirliyi­nin çoxsaylı yazışmaları var. İngiltərənin ən yüksək çinli siyasi və hərbi xadimləri rəsmi məlumatlarında erməni dövlətinin götürdüyü öhdəliklərə əməl etmədiyini, saziş bağladığına baxmayaraq, müsəl­man kəndlərinə hücum edib, müsəlman­ları məhv etdiyini bildiriblər. Ona görə də hüququ yanaşma ilə yanaşı, tarixilik də diqqətdə saxlanılmalıdır. Bu sənəd və materiallar xarici səfirliklərə, diasporlara çatdırılmalıdır.

Sonda bildirək ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması prosesində xarici qüvvələrin təzyiqi ilə İrəvan şəhəri şərti olaraq ermənilərə siyasi mərkəz kimi güzəşt edilib. Həmin vaxt Ararat respub­likası iki qəzada yaradılmışdı ki, onlar da İrəvan azərbaycanlılarının ərazisi idi, amma bu barədə Azərbaycan Milli Şura­sının protokolunda güzəşt kimi bəhs edil­məyib. İrəvan şəhərinin güzəşt edilməsinə dair protokol bu gün İrəvanın azərbaycan­lıların yurdu olduğunu təsdiq edən daha bir hüququ sənəddir. Bundan diplomatik, siyasi müstəvidə istifadə etmək lazımdır. 

Həmin dövrdə “Azərbaycan” qəze­tində dərc edilən teleqramda yazılmışdı ki, müsəlmanlar İrəvandan başlayaraq Şuşayadək məhv edilir. İndi isə azərbay­canlıların Şuşadan başlayaraq doğma yurdlarına, o cümlədən İrəvan ellərinə qa­yıtmalarının zamanı çatıb. 

Firdovsiyyə ƏHMƏDOVA, 
Dövlət İdarəçilik Akademiyası tarix kafedrasının müdiri, dosent, Əməkdar müəllim

Sosial həyat