Hamını razı salmaq mümkündürmü?

post-img

“Başqaları haqqımda nə düşünür?” Çox güman ki, bu sualı özünüzə tez-tez verirsiniz. Elə isə gəlin cavabı birlikdə araşdıraq.

Nə qədər çətin səslənsə də, başqa­larının sizin haqqınızda nə düşündüyü­nü görməzlikdən gəlməyin bir neçə yolu var… 

Davamlı olaraq başqalarının rəğbətini qazanmaq istəyiniz öz arzularınızı real­laşdırmağa mane olacaq. Bir çox insan sevilmək istəyir. Başqaları üçün öz xoş­bəxtliyinizi qurban vermək nöqtəsinə gəlib çatmısınızsa, əsl problem elə budur. Bu problemlə mübarizə aparmaq istəyirsiniz­sə, başqalarının fikirlərinə məhəl qoyma­mağa və diqqətinizi özünüzə, işinizə və məqsədlərinizə yönəltməyə çalışın və bu yolla da davam edin.

Ətrafınızı nə qədər məmnun etməyə səy göstərsəniz də, həqiqət budur ki, ha­mını razı sala bilməyəcəksiniz. Sizi hər zaman qınayacaqlar. İşinizin öhdəsindən yetərincə gəldiyinizi düşünsəniz də, bu­nun əksini düşünən biri sözsüz ki, olacaq. 

Haqqınızda mühakimə yürüdən in­sanlarla, əlbəttə ki, qarşılaşacaqsınız. Vəziyyət nə qədər xoşagəlməz olsa da, bunun heç bir əhəmiyyəti yoxdur. Əmin olun ki, ətrafınızdakı insanlar haqqınızda nəyisə şərh etdikləri üçün sizə heç nə ol­mayacaq. Bu sizin probleminiz deyil. Bun­lar sadəcə ətrafınızda “uçuşan” fikirlərdir və heç bir şəkildə sizi əks etdirmir. 

Onları bir pərgar kimi düşünün: bir yerə dayaq olurlar və sivri dillər hey fırla­nır. Bununla da irəli getdiklərini düşünür­lər. Amma hər zaman da eyni mərkəzə qayıdırlar. Əldə etdikləri sadəcə böyük bir dairə olur.

Sizin fərqli olmanızla ətrafınızdakı in­sanların öz mühakiməsinə görə dəyişmə­sini gözləyə bilməzsiniz, elə deyilmi? Elə buna görə də çox düşünməyi dayandırın. Həddindən artıq təhlil və çox düşünmək sizə sadəcə zərər verəcəkdir. Mənfi təfər­rüatlarla məşğul olmaq əvəzinə, irəliləmək üçün fürsətlərə üz tutun. Başqalarının nə düşündüyü barədə narahat olmağa başla­yan kimi dayanın, bunun mümkün olan ən pis “ssenari” olduğunu düşünün. Ətrafınız “rol ifa edərkən” siz özünüz olun. 

Bəli, mövzunun əsl mahiyyəti bax elə budur. Özünüzə əsl mənliyinizi yaşamağa icazə verin. Sizi olduğunuz kimi sevən in­sanlarla addımladığınız zaman “başqası” olmaq məcburiyyətində olmayacaqsınız. Əziz oxucum, xoşbəxtliyinizi başqalarının düşüncələri üzərində qurmayın, yoxsa həyatınızın sonuna kimi ona, sadəcə, kə­nardan izləyici kimi baxmalı olacaqsınız. 

İlk və son nəfəs arasında sığışdırdığı­mız və nə zaman bitəcəyi bəlli olmayan həyatımızı öz istəklərimizə görə yaşa­yaq… 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Sosial həyat