Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin həkim, rezident və tələbələrinin iştirakı ilə akademik Zərifə Əliyeva adına Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbində görkəmli oftalmoloq-alimin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş görüş keçirilib.
Qonaqlar akademik Zərifə Əliyevanın adına məktəbin foyesindəki büstünün önünə gül dəstələri qoyub, bu kənddə dünyaya göz açmış alimin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olublar. Məktəbin konfrans salonunda müəllim və şagirdlərlə keçirilən görüşdə dünya şöhrətli akademikin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev Prezident İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2022-ci il 3 noyabr tarixli sərəncamı ilə bağlı ölkəmizin elm və təhsil müəssisələrində, səhiyyə sistemində görkəmli elm xadiminin yubileyinin geniş qeyd olunduğunu diqqətə çatdırıb. O bildirib ki, akademikin çoxcəhətli elmi-tibbi fəaliyyəti təkcə öz dövründə olduğu kimi, bu gün də nəzəri-təcrübi baxımdan önəmlidir və aktuallığını qoruyur.
Şahtaxtı kənd tam orta məktəbini direktoru Ehtimad Məmmədov, universitetin ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, dosent Gültəkin Əliyeva, həmin kafedranın müəllimi, tibb üzrə fəlsəfə doktoru Nüsrət Həsənov akademik Zərifə xanım Əliyevanın zəngin və şərəfli ömür yolundan, dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı xidmətlərindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıblar.
Sonra tibb fakültəsi əməkdaşlarının müəllifi olduqları 20-yə yaxın kitab, dərslik, dərs vəsaiti, monoqrafiya, 50-yə qədər buklet məktəbin kitabxanasına hədiyyə edilib.
Səbuhi Həsənov,
“Xalq qəzeti”