Son vaxtlar Azərbaycan Texnologiya Universitetinin rektorluğu bu ali məktəbin istehsalatla əlaqələrini yaxşılaşdırmaq üçün ən müxtəlif imkanlardan istifadə etməyə çalışır, respublikamızın şəhər və rayonlarında fəaliyyət göstərən sənaye müəssisələri ilə sıx əməkdaşlıq yaradılmasına nail olur.
Bu günlərdə növbəti səfər Qəbələ rayonunda yerləşən konserv zavoduna və “Aspi Winery” üzüm emalı zavoduna olmuşdur. Universitetin rektor vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov və qida mühəndisliyi fakültəsinin əməkdaşlarından ibarət heyəti bu müəssisələrin infrastrukturu, istehsalat prosesi, tətbiq olunan müasir texnologiyalar, avadanlıqların iş prinsipi, kadr tələbatı, eləcə də qarşıya çıxan problemlərlə yaxından tanış olublar.
Hər iki müəssisədə görüş zamanı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması kimi məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb, digər əməkdaşlıq imkanları müzakirə olunub.
Müzakirələrdən sonra Yaşar Ömərov və “Aspi Winery” üzüm emalı zavodunun direktoru Əjdər Şəfizadə əməkdaşlıq memorandumu imzalayıblar.
Qəbələ konserv zavodu ilə də əməkdaşlıq memorandumunun imzalanacağına dair razılıq əldə edilib.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri