Kəlağayı əlvan, qıyqacı...

post-img

Köhnə Əhmədlidəki “Kəlağayı muzeyi”nə getmək istədiyimi eşidən həmkarım İlqar Həsənov mənə bir əhvalat danışdı və reportajıma əlavə edə biləcəyimi söylədi.

İlqar müəllim dedi ki, 44 günlük Vətən müharibəsində könüllü olaraq cəbhəyə – hərbçilərimizə köməyə get­miş zaqatalalı tibb bacısı Fatimə Şıxəmi­rova neçə-neçə əsgərin yarasını sarıyıb, təxliyəsinə kömək edib. Əsgərlərimizlə Xocavənd rayonunun Böyük Tağlar kən­dinə girəndə bir erməni həyətində palçı­ğa bulaşmış tünd mavi kəlağayı görüb. Eynilə nənəsinin anasına bağışladığı kəlağayıya oxşayan örpəyi “qənimət” götürüb. Nankor ermənilərin 30 il əvvəl qamarlayıb sahib çıxmaq istədikləri hə­min kəlağayını indi Fatimə xanım dava­nın əziz yadigarı kimi saxlayır, başına örtməkdən qürur duyur. 

Xanımlarımız milli varlıq nişanə­si olan hər şeyə, bax, belə dəyər verir. Gözəllik, ismət, həya simvolu sayılan kə­lağayı da bu qəbildəndir. Hətta göydən od yağan müharibə meydanında da hər­bi libaslı qızlar ona biganə qala bilmirlər. 

Bəzi regionlarımızda bu baş örtüyü “çarqat” adlanır. Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllının qədim Basqal kəndində hələ yüz illərdən üzübəri bu tip gözəl ipək örpəklər hazırlanıb. 2014-cü il noyabrın 26-da Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın xidmətləri sayəsin­də Azərbaycan kəlağayısı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Repre­zentativ Siyahısına daxil edilib. Beləcə, göz-könül oxşayan bu baş örtüyü xalqı­mıza məxsus milli-mənəvi dəyər kimi beynəlxalq səviyyədə təsdiqlənib. Sonra Mehriban xanımın dəstəyi ilə Mədəniy­yət və Turizm Nazirliyi tərəfindən məx­susi “Kəlağayı faylı” hazırlanıb. Onu da deyək ki, 26 noyabr Azərbaycan Kəlağa­yısı Günü kimi qeyd edilir. 

...“Kəlağayı muzeyi”ndəyəm. Əs­lində, bura onun yaradılmasının təşəb­büskarı, “Mirvarid Dilbazi Poeziya Məc­lisi”nin sədri, saz-söz sənətinə bağlı şair Güllü Eldar Tomarlının evidir. Muzeyin ekspozisiyası 40 kvadratmetrlik zal-otağı bəzəyir. Ekspozisiyada çox qədim kəla­ğayılar, 200-ə qədər əntiq əşya yer alıb. Bir qisim qədim kəlağayı isə yer olmadı­ğı üçün müvəqqəti olaraq ATV kanalında saxlanılır və bayram verilişlərində studi­yaların bəzəyinə çevrilir. 

Cilvəli, işvəli kəlağayılardan göz çək­mək olmur. Naxışları – baxışları adamı sehirləyir. Sanki, dil açıb danışır, min məna daşıyır bu əlvan, zərif naxışlar. Şərq motivləri əsasında basma üsulu ilə bəzənib haşiyələnən, gözəlliyi aşiyan edən ipək kəlağayıların dünyaca şöhrətli olması fərəh doğurur. 

Güllü xanım və anası Gülüstan nənə kəlağayıların özəlliklərindən maraqlı söhbətlər edirlər. Sən demə, kəlağayını armud, qoz, cır alma ağacından hazır­lanmış, üzəri böyük ustalıqla oyulmuş nəbati və həndəsi təsvirlərdən ibarət qəliblərlə naxışlayırlar. “Günəş”, “Səma­yi-şəms”, ”Haşiyə”, “Şax”, “Buta”, “Mə­dahil”, “Xarıbülbül”, “Heyratı”, “Xətayi”, “Kəpənək”, “Çobanyastığı”, “Çiyələk” və “Aypara” naxışlar daha məşhurdur. “Şah buta”, “Saya buta”, “Xırda buta” çeşnili, “Heyratı”, “Soğanı”, ”İstiotu “, “Al­buxarı”, “Abi”, “Yeləni” adlı bu möcüzəli örtüklər sənət nümunələri kimi sərgilər­də, yarmarkalarda həmişə göz oxşayıb. Ölkəmizə gələn əcnəbiləri “Bəstə-nigar”, “Gəlinlik”, “Qızılı”, “Mixəyi”, “Noxudu”, “Yaşıl-qara”, “Zeytun”, “Bənövşəyi”, “Ağ­zəmin-zanbağı”, “Ağzəmin-qızılı” kəla­ğayılar daha çox heyrətə salır. 

Güllü Eldar Tomarlı ayrı-ayrı soydaş­larımızın da muzeyə təmənnasız kəlağa­yı bağışladığını razılıqla bildirir. Ardınca klassiklərimizin portretləri ilə bəzədilmiş nümunələri göstərib deyir ki, yeddi arxa dönənindən üzü bəri kəlağayı sənətini yaşadan Mürşüd Talıbovun əl işləridir.

Ötən il “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi “Azərbaycan kə­lağayısı – min illərin yadigarı” adlı kitab nəşr etdirib və eyni zamanda, Qey­ri-Hökumət Təşkilatlarına Dövlət Dəstə­yi Agentliyinin vəsaiti ilə həmin adda sənədli film ekranlaşdırılıb. Bakıdakı “Pasaj-1901” sərgi salonunda iki gün, Gədəbəydə Milli Yaylaq Festivalında isə üç gün ərzində muzeyin qədimi kəlağa­yıları seyrçiləri heyran qoyub. Ötən il Azərbaycan Kəlağayısı Günü ərəfəsində isə bu qeyri-adi muzeyin açılış mərasimi keçirilib. Tədbirdə Özbəkistandan gəlmiş 15 nəfər tanınmış elm adamı da həvəs­lə iştirak edib. Qonaqlar muzeyə özbək milli qadın baş örtüyünü və üstü xüsusi bəzəklə işlənmiş cilalı qab bağışlayıb­lar. Güllü xanım isə onların hərəsinə bir gözəl kəlağayı ərməğan edib. 

Müsahibim kəlağayıya el-oba rəğbə­tini həm də onun çətin zəhmətlə ərsəyə gəlməsi ilə əlaqələndirir: “Dədə-baba us­tadların dediyinə görə, kəlağayını ərsəyə gətirmək, evə təzə gələn gəlinin nazını çəkməkdən ağırdır”. 

Muzeydə bir saz da var. Sanki, kə­lağayıların gözəlliyindən hayıl-mayıl olubmuş kimi, boynunu burub baxır. Xalq sənətimizin təəssübkeşi Güllü xa­nım sazı yaxşı çala bilmədiyini desə də, mənim təkidimlə möcüzəli musiqi alətini götürüb sinəsinə sıxır. Aşıq Ələsgərdən oxuyur: “Kəlağayı əlvan, qıyqacı – üs­tündən basa tellərin”. Onun özünün də bu mövzuda şeirləri var, amma dilə gətir­mir, “Dədə Ələsgərin ruhundan ayıb olar” deyir... 

Azərbaycanda kəlağayıya rəğbət nə qədər fərəhlidirsə, muzeyin Köhnə Əhmədlidə çalın-çarpaz yolları olan bir həyət evində məskunlaşması bir o qə­dər təəssüf doğurur. Əlbəttə, belə bir muzeyə paytaxtın mərkəzində, lap elə Azərbaycan Tarixi, Milli Xalça və ya İn­cəsənət muzeylərinin birində yer ayrılsa, mədəni irsin təbliği baxımından daha məqsədəuyğun olar. Bir də ki, nəyə görə Bakıda, Naxçıvanda və yaxud elə Basqal qəsəbəsində “Kəlağayı festivalı” keçirilməsin, kəlağayı satılan xüsusi ma­ğazalar açılmasın? Düşünməyə dəyər. 

 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Sosial həyat