Şamlar, bayram şamları,
Bu bayram axşamları
Məni də yandıraydı
Səni yandıran əllər!
Bu sətirləri Şıxəli Qurbanov 1965-ci il mart ayının 21-də, yəni, Novruz bayramı günü qələmə alıb. Həmin anlarda, görəsən, hansı hissləri keçirib bu yurdsevər şair, ədəbiyyatşünas və ictimai-siyasi xadim? Bunu bilmək indi bizim üçün heç də asan deyil. Amma o məlumdur ki, çox yox, cəmi 2 ildən sonra məhz Şıxəli Qurbanovun əsl fədakarlığı, vətəndaşlıq qeyrəti sayəsində Azərbaycan xalqı qədim sevimli, qadağan edilsə də, unudulmayan Novruzunu sovet dövründə ilk dəfə rəsmi qaydada, elliklə bayram etdi.
1967-ci ilin yazqabağı günlərində bu bayrama Bakının elm-mədəniyyət, incəsənət ocaqlarının işçiləri, ali təhsil müəssisələrinin bədii özfəaliyyət kollektivləri rəngarəng tədbirlərlə qabaqcadan ciddi hazırlaşmışdılar. Əsas şənliklər martın 21-də axşam saatlarında paytaxtın “Qız qalası” ətrafında oldu. Öncədən elan edildiyindən həmin əraziyə, yaxın ətrafdaki küçə və prospektlərə hər cür nəqliyyat vasitələrinin girişi dayandırılmışdı. Buna baxmayaraq, axşama yaxın oralarda adam əlindən dəbərmək mümkün deyildi. “Qız qalası” qarşısındakı meydan və döngələrə də, dənizkənarı parkda yüz minlərlə insan cəmlənmişdi. Bu əzəmətdənmi, ya nədənsə dəlisov Xəzər kirimişdi, ahəstə-ahəstə yırğalanırdı. Toplaşmış insan dənizi isə sevincdən, fərəhdən coşur, getdikcə gurlaşır, dalğalanırdı. Hamı deyib-gülür, şənlənirdi.
Saat 20 radələrində zınqırovlu, qotazlı köhlənlər qoşulmuş, al-əlvan qumaşa, atlasa, zər-baftaya tutulmuş faytonda “Bahar qız” gəldi. Bəyaz geyimli, ağ kəpənək timsallı “Bahar qız”ı Azərbaycan Dövlət Akademik Dram Tetrının gənc aktrisası Safurə İbrahomova canlandırırdı. Onun gəlişiylə eyni vaxtda nəhəng tonqallar çatıldı, qalanın zirvəsində gur məşəllər şölələndirildi. İzdihamlı bayram – kütləvi rəqslər, çal-çağır, Novruz oyun və mərasimləri başladı. Adamlar sıralanıb əl-ələ tutdular, yallı getdilər. Əsrlər, qərinələr yola salmış, çox mərasimlərin şahidi olmuş Qız qalası belə əzəmət, təntənə, kütləvi bayram görməmişdi.
Adamlar sevincdən, fərəhdən kövrəlib qəhərlənirdi. Çünki uzun illər yasaq edilən Novruz bayramı həmin gün azadlığa çıxıb qol-qanad açmış, asudəliyə qovuşmuşdu. Bu “Bahar bayramı” özüylə yanaşı, təravət, yeniləşmə havası da yaratdı. Ürəklərdə qövr eləyən xalqımızın azadlıq, müstəqillik eşqi də novruzgülü qar altından necə boy atıb çıxırsa, o sayaq zühur etdi, aşkar intişar tapdı.
Məlumatlı şəxslərin danışığından bəlli olur ki, Şıxəli Qurbanov Novruz bayramını buz kimi soyuq örtük altından çıxartmaq naminə yuxarı dairələrdə uzun müddət mübarizə aparmışdır. Oradakıları inandıra bilmişdi ki, bu bayramın dinlə, xurafatla heç bir bağlılığı yoxdur. Hətta əlacsızlıqdan ona “Bahar bayramı” adı verilməsinə də razı olmuşdu. Bu səbəbdən 1967-ci ildə şənliklər, gəzintilər, çal-çağırlar “Bahar bayramı” adı ilə keçirilsə də, büsbütün Novruzun özü idi. Xalq, el-obalar, şəhər-kəndlər onu elə əsl Novruz bayramı kimi xüsusi təntənə və qədim mərasimlərlə keçirdi. Məhz Şıxəli Qurbanovun gözə görünməyən məşəqqətləri, çarpışmaları, səyi, cəsarəti və təşkilatçılığı sayəsində xalqın bu çoxəsrlik sevimli bayramı əsarətdən qurtuldu, “həbs”dən azad oldu, Günəşə doğru boylanmağa, yenidən çiçəklənməyə başladı.
Şıxəli Qurbanovun qəfil ölümündən sonra onun başladığı işi Azərbaycan KP Bakı Şəhər Komitəsinin katibi Vəli Məmmədov davam etdirmək istədi. Lakin əvvəlki ehtişamla mümkün olmadı. Çünki Novruz bayramının qarşısına yenidən “kötük atıldı”. Hətta Vəli Məmmədovu incitmək arzusuna da düşdülər. Onun “qanının arasına” “Pravda” qəzeti girdi. SSRİ-nin bir nömrəli qəzeti özünün foto müxbirinin 1967-ci ildə Bakıda keçirilmiş tarixi Novruz bayramı günlərində lentə aldığı 2-3 foto şəkli 1968-ci ilin mart ayının ortalarında “Bakı Novruz bayramı keçirir” qeydləriylə dərc etmişdi. Buna görə Vəli Məmmədovun əleyhdarları ondan əl çəkdilər. Başqa cür mümkün deyildi–Moskvada bəyənilirsə, Bakıda ona irad tutmaq olmazdı!
Rafiq HƏSƏNOV,
“Xalq qəzeti”nin veteranı