...Həmin günlərdə İkinci Dünya müharibəsinin başa çatmasından 22 il ötürdü. Yəni, insanların maddi aclığı artıq geridə qalmışdı. Ancaq mənəvi aclıq gündən-günə artırdı. Çünki sovet rejimi rus olmayan xalqların milli-mənəvi dəyər və düşüncələrini, sözün həqiqi mənasında, həm buxovda, həm də boyunduruqda saxlayırdı. Belə bir zamanda Novruz kimi milli bayrama pasport verilməsinin nə qədər çətin və riskli olduğunu söyləməyə ehtiyac yoxdur. Elə həmin fədakarlığı hansı soydaşımızın etdiyini xatırlatmağa da zərurət hiss edilmir. Çünki hamı həmin tarixçəni yaxşı bilir.
... Ötən əsrin son iki onilliyində (hələ müəllim işlədiyim illərdə) İncəsənət İnstitutunun məzunu olduğuma görə “Bakı” qəzetində mənə iki rubrikanı davam etdirmək etibar olunmuşdu: “Şəhərimizin mədəniyyət ocaqlarında” və “Arxivlərdə yaşanan ömürlər”. Birinci rubrikanın materialları üçün paytaxtın ən ucqar kənd və qəsəbələrini gəzməli olsam da, ikinci rubrikanın materiallarını hazır şəkildə mənə verirdilər.
Belə ki, hələ tələbəlik illərindən tanıdığım ədəbiyyatşünas, publisist, mətnşünas, Azərbaycan Yazıçılar, Teatr Xadimləri və Jurnalistlər birliklərinin üzvü, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini – sonralar direktoru olan Maarif Teymurov arxivdən götürdüyü “xoruz səsi” eşitməmiş tarixi sənədlərin surətini mənə verirdi və həmin materialları qəzet məqaləsinə çevirərək ikimizin imzası ilə “Bakı” qəzetinə təqdim edirdim. Yeri gəlmişkən, həmin rubrikada Azərbaycan Xalq Cümhuriyyəti dövründə oxumaq üçün xaricə göndərilmiş gənclərin əksəriyyətinin sonrakı acı taleyi barədə də yazmışdıq.
Maarif müəllim bəlkə də hər görüşümüzdə Şıxəli Qurbanov haqqında danışır və əlavə edirdi ki, onun milli-mənəvi dəyərlərimizə verdiyi önəmin, göstərdiyi xidmətin layiqincə qiymətləndirilməsi hər birimizin borcudur.
Mərhum dostum danışırdı ki, 1967-ci ildə Azərbaycanda Novruzun yüksək səviyyədə qeyd olunması Moskvada çox böyük həyəcanla qarşılanmışdı. Kreml rəsmiləri Şıxəli Qurbanovu Mərkəzi Komitəyə çağırıb izahat tələb etmişdilər. O da 22 vərəqdən ibarət izahat yazmış və yazdıqlarının həqiqət olduğunu təsdiqləmək üçün tanınmış şərqşünas İosif Braginskidən kömək istəmişdi. Novruzun dinlə heç bir əlaqəsi olmadığını sübut edən həmin izahat əvvəlcə “Pravda”, sonra isə – 1977-ci il mayın 20-də “Ədəbiyyat və incəsənət” qəzetlərində dərc edilmişdi. Arxivçi dostum xatırladırdı ki, məqalə – daha doğrusu, izahat qəzetdə dərc edildikdən sonra Şıxəli Qurbanov deyibmiş: “Novruz pasport aldı”.
…Bu sətirləri qələmə almaq üçün Prezident kitabxanasında bəzi materiallara da baxdım. Orada Maarif Teymurovun da bəzi fikirlərinə rast gəldim. Məsələn, bir məqalədə oxudum:
“Həmin vaxt tələbə olduğunu deyən Maarif Teymurov 1967-ci ilin Novruz bayramını belə xatırlayır: “İndi də həmin hadisəni xatırlayıram. İri tonqal qalanmışdı. Bahar qız – Səfurə İbrahimova bu obrazı gözəl canlandıra bilmişdi. Yadımdadır, məsul dövlət işçiləri olaraq Şıxəli Qurbanov və Vəli Məmmədov tədbirə necə böyük sevinclə tamaşa edirdilər. Tədbir martın 20-də başlandı. Camaat axın-axın gəlirdi. Hamı üçün bu, sanki təzə bir hadisə idi. Xalq neçə onillərdən bəri qadağan olunmuş bayramın belə bir səviyyədə keçirilməsindən hədsiz sevinirdi. Həmin günün axşamından səhərə kimi adamlar küçələrdən yığışmadılar. Od Suraxanı Atəşgahından gətirilmişdi. O zaman çalınan musiqiləri xatırladıqca, hələ də sanki qulaqlarımda səslənir. Xalqımız o illərdə belə təntənələrin acı idi.
Novruz bayramı mövzusunda ənənəvi meydan tamaşalarına hamı böyük maraqla baxırdı. Aktyorlar Fərəc Nağıyev və Əliimran Dəmirov Şirvanski Kosa və Keçəl obrazlarını yaratmışdılar… O zaman Bakıda bu tədbirin keçirilməsi az sonra Orta Asiyadakı sovet respublikalarında da Novruz bayramının keçirilməsinə səbəb oldu. Həmin tədbirlə bağlı geyimlərin eskizləri də maraq doğurur. Kosanın papağı ilə bağlı eskiz forması da diqqəti çəkir. Sovet dövründə bizimkilər Novruzu yaşatmaq üçün ona Bahar və Yaz bayramı kimi adlar uydurmağa məcbur olublar. Bu, sadəcə olaraq, ilin təzələnməsidir, milli mədəniyyətimizdə Yeni il bayramıdır”.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”