Yuxu sağlamlığı qoruyur və bərpa edir

post-img

Gecələr yaxşı yatmağın faydaları çoxumuza məlumdur. “Gözəllik yuxusu” ifadəsinin əbəs yerə olmadığı elmi şəkildə sübut edilmişdir. Mançester Universiteti tərəfindən aparılan araşdırmaya görə, bədənimizin təbii yuxu ehtiyacına cavab verdiyimiz zaman, kollagen ifrazı artır və eyni zamanda, əzələ bərpası baş verir. Bu, həm də daha gözəl bir görünüş əldə etməyimizə kömək edir. 

Nəzərinizə çatdı­raq ki, kollagen insan orqanizminin fəaliyyəti üçün çox mühüm rol oynayır. Sümüklərin, qığırdaqların, əzələlə­rin, vətər və bağların tərkibinə daxil olan kollagen məhz onla­rın möhkəmliyini qoruyur. Başqa sözlə desək, kollagen bütün orqanlar üçün birləşdirici toxuma rolunu oynayan, xüsusi yapışdırıcı zülaldır. 

Üz əzələlərinə dəstək verərək təbii toxumanı təmin edən kollagenin miqdarı 25 yaşdan başlayaraq tədricən azalmağa başlayır. Bu zaman dəridə quruluq və sallan­malar yaranır. Bu günə qədər kollagenin azalmasının səbəbləri arasında düzgün olmayan qidalanma, şəkərli qidaların həddindən artıq qəbulu, siqaret və çirkli hava şəraitinin olduğu məlumdur. 

Kollagen bədənin birləşdirici toxumasının bütövlüyü­nü, elastikliyini və gücünü təmin edir. Orqanizmin yuxu saatı isə kollagenin istehsalında bərpaedici rol oynayır. Bu rolu dəstəkləmək üçün etməli olduğumuz tək şey yuxumuzu pozacaq səbəblərdən uzaq olmaq və orqaniz­min ehtiyaclarına cavab verməkdir. 

Araşdırmalar göstərir ki, yuxu, “mühərriki yağlamaq” kimi dəriyə qulluğu təmin edir. Sözügedən araşdırmaya görə, yuxu saatımıza diqqət etdiyimiz zaman orqanizm özünüqoruma və bərpa etmək qabiliyyətini nümayiş et­dirə bilər. 

 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Sosial həyat