Bu gün Yel çərşənbəsidir – Novruza qədər qeyd edilən ilaxır çərşənbələrin üçüncüsü... Dünyanın yaranmasında iştirak edən üçüncü ünsür hava olduğundan, tədqiqatçıların fikrincə, Yel çərşənbəsi adlanır.
Mifalogiyaya görə, qədim MisirdəHava Allahı Yeri və Göyü məğlub edir, bütün aləmi ələ alıb canlıları yaradır. Hindistanda Brahm nəfəsini çölə verəndə dünya yaranır, içəri alanda məhv olur. Çinlilərin təsəvvüründə göyün qapılarının açılıb bağlanması ilə həyat–ölüm hadisələri baş verir. Bəzi səmavi dinlərin miflərində isə İsa nəfəsi ilə ölüləri dirildir. Torpağı, suyu durğunluqdan çıxaran yel, buna görə ruhla eyniləşdirilir. Mifik təsəvvürlərdə dünyanın mənəvi, ruhi tərəfi kişilərlə, maddi, əşya tərəfi isə qadınlarla əlaqələndirilir. Lakin od və hava işə qarışmasa, maddi, əşyavi tərəf əbədi, dəyişməz qalar, sular coşub–daşmaz, dalğalanmaz, torpaqlar vulkana çevrilib püskürməz. Bu əlamətə aid təcrübələrə əsasən, inanılmış xeyli fikirlərə rast gələ bilərik. “Yel olmasa, sel olmaz”, “Yel eləyəni fələk eləyə bilməz”, “Yel əsməyincə, çöp də tərpənməz” və s.
İnanca görə, Yel çərşənbəsi girən gün söyüd ağacının altında dilək tutub Yel babanı çağırsan, niyyətin hasil olar. Yel özündən əvvəlki Od çərşənbəsinin hərarətini çöllərə yayır, torpağı isitməyə, oyatmağa tələsir. Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır.
Hələ lap qədimlərdən üzü bu yana xalq çərşənbələri çox böyük istək və həvəslə keçirir. Evlər, həyət-baca təmizlənir, səliqəyə salınır, xalça-palaz havaya verilir, müxtəlif şirniyyatlar bişirilir, nişanlı qızlara xonçalar aparılır, qəbirlər ziyarət edilir. Su çərşənbəsindən fərqli, amma Od çərşənbəsində olduğu kimi, bu gün də ailənin hər bir üzvünün adına şam yandırılır.
Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi, qazanlar qaynamalıdır. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur. Süfrələr bəzənir, bişən nemətlər düzülür. Hamı bir-birini “çərşənbən mübarək!”– deyə təbrik edir. Bütün ailə üzvləri eyni vaxtda süfrə ətrafına toplaşırlar...
Nə yaxşı ki, Azərbaycan türklərinin mifoloji düşüncəsinin qaynaqları öz kökləri etibarilə tarixin çox dərin qatlarına bağlanıb, onların izlərini gen yaddaşımızdan adət–ənənələrə, rituallara, qədim bayramlara, folklor örnəklərinə, klassik ədəbiyyata, mədəniyyət formalarına qatmaqla unudulmağa qoymayıblar.
Nə yaxşı ki, bizim belə – kütləvi şəkildə keçirilən bayramımız yaşayır.
Bu çərşənbə günündə niyyət edək, bütün diləklərimiz həyata keçsin!
Süfrələrimiz bol, ruzimiz bərəkətli, Yel çərşənbəmiz mübarək olsun!
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

