Bakıda növbəti dəfə Hindistan günləri keçirilir. Martın 3-dən başlayan tədbir 19-dək davam edəcək. Nizami Kino Mərkəzində təşkil edilən tədbir “AVM EXPO INDIA” sərgi şirkətinin təşkilatçılığı əsasında baş tutur.
Sərgidə Hindistan mədəniyyəti ilə daha yaxından tanış olmaq mümkündür. Belə ki, bu ölkənin yeddi müxtəlif şirkətinin ərzaq və digər məhsulları ilə yanaşı, Hindistan milli geyimləri də nümayiş etdirilir.
Sərgidəki köşklərdən birinin satıcısı Xədicə Abdulkərimova qəzetimizə bildirdi ki, səhər saatlarında qonaqlar bir qədər az olsa da, axşamtərəfi canlanma müşahidə olunur. Sərginin ikinci və üçüncü günləri çox sayda qonaqlar sərgini ziyarət edib, müxtəlif məhsullar alıblar.
Sərgi-satış yarmarkasında iştirak edən hindistanlı Chirag Motiyani Bakıda belə sərgilərin çox təşkil edildiyini bildirdi. O qeyd etdi ki, ötən il də Hindistanın müstəqilliyinin 75-ci ildönümü ilə əlaqədar Bakı İdman Sarayında ticarət sərgisi təşkil olunub.
Qeyd edək ki, hər gün saat 11:00-dan 20:00-dək davam edən sərgiyə xüsusi musiqi proqramı da daxildir. Paytaxt sakinlərinin nəzərinə çatdıraq ki, sərgiyə giriş pulsuzdur.
Elçin ABBASOV, “Xalq qəzeti”

