Bu günlərdə “Dünya musiqi xəzinəsinin incisi Muğam” İctimai Birliyinin və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bir millət, iki dövlət” adlı məclis keçirilib. Tədbirin təşkilatçısı, həm də aparıcısı, respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova bu barədə qəzetimizə açıqlamasında bildirdi:
–“Bir millət, iki dövlət" adlı məclisimiz ulu öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə – Azərbaycan qardaşlığına həsr olunmuşdu. İki saat yarımdan artıq çəkən tədbir emosional və təsirli anları ilə yadda qaldı. Məclisə Türkiyədən də sənətçilər dəvət etmişdik. Bakıda fəaliyyət göstərən Türk iş adamları, Yunus Əmrə İnstitutunun əməkdaşları, Milli Məclisin deputatları da tədbirimizdə iştirak etdilər. Məclisdə musiqi ilə yanaşı, çıxışlara da geniş yer verildi. Əsasən söz adamları, siyasi arenanın təmsilçiləri, elm-incəsənət nümayəndələri ümummilli lider Heydər Əliyevin milli dövlətçilik siyasətindən, Türkiyə – Azərbaycan qardaşlığına verdiyi töhfələrdən mühüm məqamlara toxundular.
Bundan əvvəl mən “Qorqud” Foklor Ansamblının rəhbəri idim. Təəssüflər olsun ki, bizim ansambl artıq fəaliyyət göstərmir. Düşünürəm ki, ansamblı yaşatmaq lazımdır. Sədri olduğum ictimai birlik bu boşluğu hələ ki, doldurmağa çalışsa da, ansamblın yeri başqadır. Bu tədbiri də biz öz təşkilatımız adından Beynəlxalq Muğam Mərkəzi ilə birgə ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində təşkil etdik. Türkiyənin qardaş dövlət olaraq hər zaman Azərbaycanın yanında olması, bu münasibətlərin həm də qarşılıqlı olması ulu öndərin bu sahədə misilsiz xidmətlərinə toxunuldu.
Yeri gəlmişkən deyim ki, mən sənətə ulu öndərin istəyi ilə gəlmişəm. O zaman mənim sənətə gəlməyimə valideynlərim razı deyildi. Uşaq musiqi festivalında çıxışımı izləmiş ulu öndərin tapşırığı ilə bizim evə bir məktub yazıldı və məhz o məktubdən sonra mənim Bakıda musiqi təhsili almağım baş tutdu. Beləliklə, mən Bülbül adına Musiqi Məktəbini, Bakı Musiqi Akademiyasını bitirdim. Çoxları kimi mənim də həyat yolumda ulu öndər həlledici rol oynayıb.
Ümummilli lider Heydər Əliyev Türkiyə ilə qardaşlığımızın əbədi olmasına çalışırdı. Biz məclisi birgə səyimizlə ulu öndərin bu amalına uyğun təşkil edib keçirdik.
Anar ƏLİ, “Xalq qəzeti”

