Laçın–Xankəndi yolunda aksiya başlanandan bəri bütün tərəflər Bakıya təzyiq etməyə çalışsalar da, nəticə əldə edə bilmədilər. Çünki hər şey Azərbaycanın suveren ərazisində baş verir. Dinc etirazçılarımız isə öz tələblərində haqlıdırlar.
Ekspertlər təkidlə bildirirlər ki, Azərbaycan tərəfi Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi ləvazimatın, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınmasının qarşısını mütləq almalıdır. İnsanların həyat və sağlamlıqlarının qorunması, sülhə təhdid yaradacaq növbəti təxribatların qarşısının alınması məqsədilə Azərbaycanın Qarabağ iqtisadi rayonu ilə Ermənistan arasında istifadə oluna biləcək yeganə avtomobil yolu Laçın-Xankəndi yoludur. Başqa yollardan hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsinə qəti şəkildə yol verilməməlidir.
Digər tərəfdən isə erməni silahlılarının Qarabağ ərazisindən təmizlənməsi üçün qəti, təsirli və kifayət qədər adekvat addımların atılmasının vaxtının çatdığı görünür. Bundan ötrü də Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanla Ermənistan sərhədində mütləq nəzarət-buraxılış məntəqəsi yaradılmalıdır.
Məlum olduğu kimi, martın 5-i səhər saatlarında Ermənistan tərəfinin Xankəndi–Xəlfəli–Turşsu torpaq yolundan istifadə olunmaqla Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatların, şəxsi heyətin, o cümlədən minaların daşınmasının həyata keçirilməsinə cəhd edilmişdir.
Bu təxribat sübut etdi ki, həqiqətən də Ermənistandan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə - erməni separatçılarına silah-sursat, mina və digər hərbi ləvazimatlar daşınır.
Baş verən təxribat ekofəallarımızın Laçın–Xankəndi yolunda keçirdikləri etiraz aksiyasında nə qədər haqlı olduqlarını göstərir. Əslində, aksiya Laçın yolundan rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsində yerləşən separatçılara külli miqdarda silah-sursatın və digər hərbi təyinatlı yüklərin daşınmasının qarşısını alır. Ona görə də separatçılar alternativ dağ yolundan istifadə ediblər və nəticədə toqquşma baş verib.
Separatçıların üzləşdiyi problemlərdən biri məhz budur: Laçın yolunda 86 gündür davam edən aksiya onların silahlanmasını çətinləşdirib. “Problemi” aradan qaldırmaq üçün gizli yollardan istifadə cəhdlərinin olduğu da sirr deyil. Belə istiqamətlərdən biri də digər yoldan, Xankəndi–Xəlfəli–Turşsu torpaq yolundan istifadə etməkdir.
Şübhəsiz ki, Ermənistandan gələn avtomobilin Laçın yolundan kənar ərazidən keçməsi yükün qeyri-humanitar məqsədli olduğuna dəlalət edir və birbaşa legitim hədəfə çevirir: avtomobildə qanunsuz yük yoxdursa, niyə aksiyanın davam etdiyi Laçın yolundan kənar, gizli ərazidən keçməyə cəhd ediblər?! Bununla yanaşı, son hadisələrdən sonra Azərbaycan Ordusunun cavab addımlarının daha ağır olacağı gözləniləndir.
Azərbaycan dəfələrlə həm Ermənistana, həm də Rusiyaya Xankəndidəki separatçılara silah daşınması ilə bağlı sərt xəbərdarlıq edib. Üstəlik, bütün bunlar ərazimizdə müvəqqəti yerləşdirilən rus sülhməramlıların gözü qarşısında baş verir. Separatçılar özlərinə yeni mövqe inşa edir, amma rus sülhməramlılar buna göz yumur; silah daşınır, yenə sülhməramlılar özlərini görməzliyə vururlar.
Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

