Təbriz Filarmoniyası necə yaradılmışdı?

post-img

Təbriz filarmoniyasını yaradan Əli Tudə (Əli Əliqulu oğlu Cavadzadə) əslən Ərdəbilin Çanaxbulaq kəndindən idi. Ötən əsrin əvvəllərində Güneydən neft Bakısına üz tutanların arasında Əlinin də ailəsi olub. O, 1924-cü il yanvarın 31-də Bakıda anadan olub. 30-cu illərdən başlayan qanlı repressiyalar onların da tale yolunu dəyişib. Ata-anasını uşaqkən itirmiş Əli Cənubi Azərbaycandan olduqlarına görə nənəsi ilə birlikdə İrana sürgün olunub. 

1940-cı illərdə Cənubi Azərbaycan­da başlanan milli azadlıq hərəkatı Əlinin həyatında yeni bir səhifə açıb. Gənc Əli milli ruhda yazdığı şeirləri ilə xalqı mü­barizəyə səsləyib. 1945-ci il dekabrın 12-də Cənubi Azərbaycanda milli hö­kumət qurulub. Xalqını, millətini ürək­dən sevən Əli milli hökumətin Maarif Nazirliyində işləyirb, “Ana dili” kitabının tərtibində və çap olunmasında xüsusi rol oynayıb.

Bundan əlavə, Əli Tudə İran tarixin­də ilk dəfə olaraq Təbrizdə Milli Filarmo­niya yaradıb. “Öz gözlərimlə” kitabında Əli Tudə yazıb: “Bu, təkcə Təbrizdə deyil, bütün İranda açılan ilk filarmoni­ya idi. Salondakılar intizarla səhnəyə baxır, əllərindəki konsert proqramını dönə-dönə oxuyurdular. Ancaq proq­ramda yazılmamış bir çıxış da vardı. Bu da konsert başlamazdan əvvəl milli hö­kumətin lideri Seyid Cəfər Pişəvərinin edəcəyi nitq idi. Bunu yalnız filarmoni­yanın müdiriyyəti bilirdi”. Həmin xatirəni kiçik ixtisarla təqdim edirik.

– 1946-cı ilin may ayında məni Milli Məclisə çağırdılar. Dedilər ki, Milli Hö­kumət Təbrizdə Dövlət Filarmoniyası təsis etmək fikrindədir. Yeni-yeni iste­dadlar axtarıb taparaq bu sənət ocağını yaratmaq, Qədim Azərbaycan mədəniy­yətinin nələrə qadir olduğunu nümayiş etdirmək gərəkdir! Unutma ki, bu, təkcə Təbrizin deyil, İranın mədəniyyət ta­rixində ilk filarmoniyadır!

Sözün doğrusu, bir az çəkinirdim. Çünki o zaman mənim cəmi 22 yaşım var idi və ilk dəfə olaraq mənə belə nəhəng vəzifə həvalə olunurdu. Büdcə­nin təsdiqinə qədər filarmoniyanın xərc­ləri üçün mən nazirin imzasıyla dövlət bankından pul ala bilərdim. Filarmoni­yanın harada yerləşəcəyi məsələsinə gəldikdə isə Səttərxan xiyabanındakı Firdovsi mədrəsəsinin binasını məs­ləhət gördülər. Ancaq binanın əməl­li-başlı təmirə ehtiyacı vardı, həm də bu təmir binanın həm xaricini, həm də daxilini filarmoniya üçün yararlı şəklə salmalı idi. 

Filarmoniyada fəaliyyət göstərəcək incəsənət işçilərinin sayı 200 nəfərə ça­tırdı. Bizim incəsənət işçilərinə kömək göstərmək məqsədilə bəstəkar Hacı Xanməmmədov Bakıdan Təbrizə dəvət olundu. Əsas məsələ filarmoniyanın təntənəli açılış proqramı idi. Bu proq­ram elə hazırlanmalı idi ki, əks-sədası bütün İrana yayılsın.

Sentyabrın 2-də Təbriz Dövlət Filar­moniyası təntənə ilə açılacaqdı. Filar­moniyanın açılışı Demokrat Firqəsinin ildönümü ilə üst-üstə düşürdü (3 sent­yabr). Buna baxmayaraq, firqənin sədri S.C.Pişəvəri filarmoniyanın açılışına gəlib orada çıxış etdi.

Pişəvəri dünya xalqları arasında ləyaqətli yer tutan Azərbaycan xalqı­nın mədəniyyətindən böyük qürur hissi ilə danışdı: “Biz çalışmalıyıq ki, təzəcə açdığımız bu sənət ocağı xalqımızın adına layiq olsun! Mədəniyyətimizin salnaməsində yeni bir səhifə açsın!” S.C.Pişəvəri danışırdı. Onu təkcə sa­londakılar deyil, radio vasitəsilə bütün dünya dinləyirdi. Pişəvərinin çıxışından sonra Milli Hökumətin himni təntənə ilə səsləndi. Salondakılar ayağa qalxdılar. 

Təbriz Dövlət Filarmoniyasının ən böyük dəstəsi xalq çalğı alətləri orkestri idi. Fliarmoniyanın ən böyük xidmətlə­rindən biri Sazçı Qızlar dəstəsinin yara­dılması idi. Belə çətinliklərlə biz Təbriz səhnəsində saz çalıb, mahnı oxuyan qızlardan ibarət gözəl bir ansambl, eyni zamanda rəqs ansamblı yaratmağa nail olduq.

Filarmoniyanın işgüzar kollektivi tək­cə mənsub olduğu sənət ocağının bi­nasında deyil, radio verilişlərində, teatr tamaşalarında, bayram şənliklərində, yubiley təntənələrində, fəhlə müəssisələ­rində, bir sözlə, bütün ictimai-siyasi, mə­dəni tədbirlərdə fəal iştirak edirdi.

Demək olar ki, Azərbaycanın bütün guşələrindən Təbriz Filarmoniyasına minnətdarlıqla dolu axı-axın məktublar, teleqramlar, sifarişlər gəlirdi. Təbrizin qələm sahibləri filarmoniyanın qaynar həyatını mətbuat səhifələrində məmnu­niyyətlə işıqlandırırdılar. “Azərbaycan” qəzetində filarmoniyanın hər konserti haqqında məlumat dərc olunurdu. 

Biz Təbriz Filarmoniyasında hör­mətli qonaqları tez-tez qarşılayırdıq. Bu qonaqlar arasında İrandan, istərsə də dünyanın böyük ölkələrindən, şəhərlə­rindən gələnlər olurdu. Mən vəzifəmin ağırlğına, işimin gərginliyinə baxmaya­raq, vaxt tapan kimi kabinetimə qapanıb şer yazırdım.

Dekabr ayının 11-i idi. İş otağında əyləşib şeir kitabımın korrekturasını oxuyurdum. Ancaq ataların “Sən say­dığını say, gör, fələk nə sayır” sözlərini də unutmamışdım. Bizim isə uğurlu-uğursuz diləklərimizi fələk deyil, yenə də tale saydı. Məğrur, azad, kövrək qa­nadları qırılan tale!..

Biz Təbriz Dövlət Filarmoniyasını yaradanda dəmir intizamlı bir incəsənət ordusuyduq. Bu orduda hamının öz gündəlik vəzifəsi vardı. Bütün vəzifələr bir məqsədə yönəlmişdi: insanlara can­la-başla mədəni xidmət etmək! Xalqın fikirlərini təzələmək, duyğularını zəngin­ləşdirmək, arzularını qanadlandırmaq! Təbriz Dövlət filarmoniyasının hekayəti Milli Hökumətin çoxşaxəli fəaliyyətinə Vətənimizin qədim, zəngin, əlvan sal­naməsinə həmişəlik daxil olmuşdur. 

Ancaq cəmi 4 ay yaşamış bu sənət ocağının Vətənimizin mədəniyyət ta­rixində bəlkə də dörd qərinənin işini gördüyü indiki nəsillərə məlum olsa da, gələcək nəsillərə qaranlıq qalacaqdı. Mən o qaranlığı işıqlandırmaq üçün bu hekayəti yana-yana yazdım...

 

Hazırladı: Hüseyn RƏHİMZADƏ



Sosial həyat