Müharibə veteranı üçün müəyyənləşdirilmiş vergi güzəşti hansı tarixdən qüvvəyə minir?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.
Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilib.
Siyahının 1.7-ci bəndinə əsasən, müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və Azərbaycan Respublikası Müdafiə, Milli Təhlükəsizlik, Ədliyyə, Daxili İşlər nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.
Buna əsasən, muzdlu işçilərin müharibə veteranı olması qeyd edilən müvafiq sənədlərlə təsdiq edildiyi halda onlara Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən vergi güzəşti tətbiq edilir.
Qeyd edilib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2022-ci il 1 yanvar tarixdən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.