Unudulmaz Şakir Yaqubov

post-img

Azərbaycan jurnalistikasının tanınmış simalarından olan Şakir Yaqubovun doğum gününü yola saldıq. Yaşasaydı, 72 yaşını qeyd edəcəkdik dünən. Ötən il oktyabrın 15-də haqqın rəhmətinə qovuşdu. Həmin vaxt ustad ilə vida mərasiminin iştirakçılarından idim. 

Açığı, belə mərasimlərdə ilk iştirakçılığım olduğundan dinimizin ehkamları yerinə yeti­rildikdən sonra Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğ­lunun mollanın yanında, müəy­yən mənada, onun sözünü kəsmək istəyirmiş kimi görün­məyi qəribə gəlmişdi mənə. Ta­hir müəllim söz kəsməyəcəkdi, meydanın əsl söz üçün açıqlı­ğını bəyan edəcəkdi. Etdi də. Özü də mərhuma dərin ehtiram göstərərək. Bəri başdan deyim ki, mərasim ustad qələm sahi­binə yüksək qədirbilənliyin nü­munəsi kimi yadda qaldı. 

Həmin günədək də Şakir Yaqubov adı mənə yaxşı ta­nış idi. Necə tanış idi, deyim. Təsəvvür edin ki, əsgərlikdəsi­niz. Hərbidə qaydadır ki, yüksək rütbəli komandanları tanımalı­san. Mən də eləcə tanımışdım Şakir müəllimi. Şakir Yaqubov şəxsiyyətini sözün generalı kimi tanımışdım. Mərasimdə isə onu bu rütbəyə layiq görənlərin çıxışlarının timsalında general­lığın həm də ucalıq olduğuna şahidlik etdim. Əsgərlikdə belə deyildi...

Vida mərasimində Şakir müəllimin həmkar dostlarının, iş yoldaşlarının çıxışlarından xeyli təsirləndim. Onlar yalnız mərhuma ehtiramlarını ifadə etmirdilər. Hər birinin fikirlərin­də qədir-qiymət aşıb-daşırdı. O an düşündüm ki, bu, həm də ənənədir. Jurnalistikaya, sözə yüksək dəyər ənənəsi. Peşə­nin dəyərlisini qiymətləndirmək ənənəsi. 

Həmin an onu da düşündüm ki, bu ənənə nəsildən-nəslə necə keçəcək? Keçəcəkmi? Keçəcəksə, hansı formada? Özümdən yaşlı nəslin nümayən­dələrinin tapındıqları, istinad et­dikləri prinsiplərin necə böyük əhəmiyyət daşıdığını da fikirləş­dim. Bu adamlara, sözün yax­şı mənasında, paxıllıq etdim. Özümdən gənc nəsli göz önünə gətirdim. Bəs onlar?...

Gec-tez hamımızı haqla­yacaq ölümü düşünməməyim mümkünsüz idi. Təbii, haqqında gözəl sözlər deyilməyini istəyir­sənsə, Şakir Yaqubov olmalı­san. Amma bizlər bu dünyadan köç etdikdən sonra belə içdən qiymətin verilməsi ilə bağlı ənənələr yaşayacaqmı? Nə­hayət, söz qalacaqmı? O söz ki, Şakir müəllim ilə bağlı çox gözəl deyilirdi, səslənirdi, içdən gəlirdi, heyrətamiz idi. Görünür, Şakir Yaqubovun cəmiyyəti­mizə, mediamıza miras qoydu­ğu da elə budur - söz. 

Allah Şakir müəllimə rəhmət eləsin. Yeri behişt olsun. Söz yaşasın! Yaşasın söz!

 

Əvəz RÜSTƏMOV,
“Xalq qəzeti”

Sosial həyat