Bəxt, yoxsa bacarıq?

post-img

Sevgi, pul, karyera, ailə və təhsil – həyatımızın hər sahəsinə təsir göstərən “Fen-Şuy” təlimini bilirdinizmi? Bu, haqqında çox eşitdiyimiz, 5 min illik tarixə malik olan, lakin təlimlərini yaxşı bilmədiyimiz qədim Çin fəlsəfəsidir. Əhatəmizin müsbət yöndə uyğunlaşmasını təmin etməyə, kosmosla məkanı nizamlamağa istiqamətlənmiş bir tətbiqdir. 

Həyatımızda tez-tez qarşılaşdığımız problemlərin səbəb­lərindən biri də enerjimizin pisləşməsi ola bilər. Bugünlərdə tez-tez eşitdiyimiz enerji sözü “Fen-Şuy” təliminin bir hissəsi­dir. Çində tətbiq olunan bu təlim şansımızı artırmağa – sevgi, təhsil, pul, münasibətlər və karyera məsələlərində bir çox­larından bir addım öndə olmağa kömək edə bilər. Beləliklə, Fen-Şuy nədir?

Axşam çöldən evə gəldiyinizi düşünün. Niyə özünüzü rahat hiss edirsiniz? Çünki eviniz həyat enerjinizlə doludur və zehni­nizi rahatladır. Özünüzü çöldə olduğunuzdan daha təhlükəsiz və nəzarətdə hiss edirsiniz. Və ya qorxulu bir binaya girdiyinizi təsəvvür edin. Bu anda özünüzü soyuq hiss edəcəksiniz. “Fen-Şuy” təlimi sübut edir ki, olduğunuz yerdə dolaşan pis ener­ji bədən tərəfindən hiss edilə bilir. Həyatınızda tez-tez mənfi enerji yaşayırsınızsa, uğursuzluqlar baş verəcəkdir. Nə qədər çalışsanız da, işlər yaxşı getmir. Siz özünüzü depressiyaya düşmüş və bədbəxt hiss etməyə başlayırsınız, hətta ilk dəfə yataqdan qalxdığınız anda depressiya ilə oyanırsınız. 

Ancaq çox sadə düzəlişlərlə “bəxtsizlik” hesab etdiyiniz bu uğursuzluqlardan xilas ola bilərsiniz. Bunun üçün əvvəl­cə “Fen-Şuy”un əsaslarını öyrənməyiniz məsləhətdir. Bunlar hansılardır: “Külək” (Fen) və “Su” (Şuy) sözlərinin birləşmə­sindən ibarət olan “Fen-Şuy”, əsasən enerji balanslaşdırma sənətidir. Bir çox mütəxəssislər küləyin həyat enerjisi (yəni ruh), suyun isə həyat mənbəyi olduğunu düşünür, ona görə belə adlandırılıb. Sözün mənası nə olursa olsun, bu qədim fəlsəfə sənəti sizin həyatınıza məhsuldar və xoşbəxt həyat vəd edir. Sual oluna bilər ki, bu necə baş verir? Yaşadığınız yerlərdə, geyindiyiniz paltarda və ruhunuzda pozulmuş “Çi” (“Chi”) enerjisini bərpa etməklə: ruh, bədən və “Çi” enerjisinin harmoniya içində olmasını təmin etməklə.

Müasir dünyamızda “atmosfer” kimi təsvir edilən “Çi”, “Fen-Şuy”un təməl daşlarından birini təşkil edir. Müəyyən bir tərəfin daha sıx olduğu yerlərdə “Çi” enerjisi daha aydın şəkildə yayılır. Elə isə, bu qədim Çin fəlsəfəsini öyrənməklə həyatınızı daha yaxşı enerji ilə doldura və pozitivliyə yönlən­dirə bilərsiniz. 

 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Sosial həyat