“Zəlzələ Türk dünyasını bir ürəyə, bir yumruğa çevirdi”

post-img

Türkiyənin Ərzincan Binəli Yldırım Universitetinin professoru Ainur Noqayeva Kahramanmaraşda baş verən zəlzələlərdən sonrakı günlərdə Türk dünyasının göstərdiyi həmrəyliyə və yardım kampaniyalarına dair məqaləni redaksiyamıza göndərib. Ainur xanım Qazaxıstan Aktobe Dövlət Universitetində bakalavr, Ankara Universitetinin siyasi elmlər fakültəsində magistr və doktorantura təhsili almışdır. Qazax, rus, ingilis və türk dillərində çap olunmuş çoxsaylı kitabların, beynəlxalq elmi jurnallarda və konfrans kitablarında dərc olunmuş elmi məqalələrin müəllifidir. Hazırda Ərzincan Universitetində çalışır. Ainur Noqayeva yazır:

Fevralın 6-da bir-birinin ardınca baş verən dağıdıcı zəlzələlərin yaralarının tezliklə aradan qaldırılması üçün bütün Türkiyə səfərbər olub. Dünyanın 76 ölkə­sindən gələn xilasedicilər fəaliyyətlərini davam etdirir. Bu sırada türk dövlətlərinin göstərdiyi həmrəylik və göndərilən yar­dımlar xüsusi əhəmiyyət kəsb edir. 

Kahramanmaraş zəlzələsi türk dün­yasında necə əks-səda verdi?

Bu zəlzələlərdə iki növ kömək ön pla­na çıxdı. Bəzi ölkələr diplomatik qayda­lara uyğun olaraq mənəvi dəstək oldular, digər ölkələr isə faciəni öz dərdləri kimi qəbul etdilər. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənista­nın dövlət rəhbərləri ilk gündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etdilər, ölkələrindəki Türkiyə səfirliklərini ziyarət edərək, başsağlığı verdilər. 

Həyata keçirilən yardım kampa­niyaları və tədbirlər gözləniləndən də vüsətli oldu. Böyük Türk dünyasının uşaqdan-böyüyə bütün insanları böyük həmrəylik nümayiş etdirərək yardım kampaniyalarına səfərbər oldular. Mobil telefon almaq üçün qəpik-qəpik yığdıqla­rı pulu “Qardaşlarıma göndərirəm” deyən qazax uşaq, təqaüdünü bağışlayan 99 yaşlı özbək nənə, köhnə maşını ilə yar­dım çatdırmağa tələsən azərbaycanlı köçkün kömək üçün bir ürək, bir yumruq oldular. 

Yerli və xarici 213 televiziya və 562 radio kanalında canlı yayımlanan ianə kampaniyasına Türk dünyası geniş dəstək oldu. Şimali Kipr Türk Cümhu­riyyəti (KKTC) və Azərbaycanla yanaşı, Qırğızıstanın milli televiziya kanalları da yayıma töhfə verdi. Qırğızıstan Fövqə­ladə Hallar Nazirliyinin əməkdaşları bir günlük maaşlarını – 1 milyon 23 min lirə (133 min manat) yardım etdilər. Dünya Axıska Türkləri Birliyinin sədri Ziyatdin Kassanov kampaniyaya 1 milyon dollar dəstək verdi. 

Qırğızıstan Maliyyə Nazirliyi rəsmi internet saytında 15 fevrala qədər zərər çəkənlərə yardım toplamaq üçün açılan bank hesabına 210 min dolların yatırıldı­ğını paylaşdı. Axtarış-xilasetmə qrupu və həkimləri ilə zəlzələ bölgəsində fəaliyyət göstərən Özbəkistan 170 ton tibbi ləvazi­matlarını, Türkmənistan xalqı və ölkədəki türk sərmayəçiləri 4 min örtük və yardım yüklü təyyarələri Türkiyəyə göndərdi.

Türk Dövlətləri Təşkilatının müşahi­dəçi üzvü və “Biz Atillanın övladlarıyıq” deyən Macarıstanın hökümət sözçüsü Zoltan Kovacsın qızının da daxil oldu­ğu 167 nəfərlik axtarış-xilasetmə qrupu da zəlzələ bölgəsinə gəldi. Azərbaycan dövləti zəlzələnin səhəri günü çox sayda təyyarə və konvoylarla bölgəyə humani­tar yardım göndərdi. Azərbaycan Fövqə­ladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti axtarış-xilasetmə işlərinə qoşuldu. Kipr Türk Agentliyinin (TAK) xəbərinə görə, fevralın 14-dək KKTC-dən Tür­kiyəyə 82 TIR yardım göndərildi və AFAD hesablarına 13 milyon lirə nağd yardım köçürüldü.

Qazaxıstanın dövlət televiziyası can­lı yayım proqramında bildirdi: “Türkiyə ABŞ-dan sonra dünyaya ən çox insani humanitar yardım edən ikinci, amma nüfuz baxımından birinci ölkədir. İndi növbə dünyanındır”. Xatırladaq ki, bəzi ölkələr COVİD-19 epidemiyası zamanı vətəndaşlarını taleyin ümidinə buraxan­da Türkiyə 120-dən çox ölkəyə təcili yar­dım ləvazimatları, respirator və maskalar göndərib. Xarici İşlər Nazirliyinin məlu­matına görə, epidemiya dövründə 155 ölkəyə, o cümlədən Afrikaya ən böyük xarici yardımı Türkiyə edib. Türk dünya­sının UNESCO-su kimi tanınan TÜRK­SOY-un baş katibi Sultan Rayev də “Tür­kiyə türk dünyasının hər bir probleminə səxavətlə yardım əlini uzadır” demiş və zəlzələ səfərbərliyini qardaşlıq həmrəyli­yinin ən yaxşı nümünəsi adlandırıb. 

Bu fəlakət bütün türk dünyasının ça­nından keçdi. Bölgəyə getmək istəyən könüllü həkimlərlə yanaşı, ədəbiyyat və incəsənət xadimlərindən də dəstək gəl­di.“Zəlzələdən zərər çəkən qardaşıma” adı ilə yazılmış şeir, konsertlərdən gələn gəlirlərini Türkiyəyə yönəldən sənət­çilərin sevgi-sayğısı, “Sənət dünyasının Türkiyəyə köməyi” kimi tədbirlər, Qazax rəssamın hərracda satılmış “Umay Ana” əsərinin qazancının türk xalqına hədiyyə edilməsi bu dərin hisslərin təzahürlərin­dəndir. 

Türk xalqına həsr edilən “Umay ana” tablosu ortaq keçmişimizi və bir ananın övladları olduğumuzu göstərməklə, ümi­din, yenilənən Türkiyənin rəmzidir. Ümid edirik ki, yanıb külündən yenidən doğu­lan Sümürq quşu kimi, Türkiyə xalqı da başının üstünü alan fəlakət və ağrını gücə çevirərək, yenidən dikələcək. xoş­günlərinə qovuşacaq 

 

Hazırladı:
Namiq QƏDİMOĞLU, “Xalq qəzeti”



Sosial həyat