2018-ci ilin aprel seçkisi Azərbaycanı tarixi zəfərə apardı

post-img

 Xalqımız həmin gün 15 illik uğurların davamına səs verdi

Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul etmişlər. Orada göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası... və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişdir.

Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin 2018-ci il aprelin 18-də keçirilən andiçmə mərasimindəki nitqindən

Həmin siyasi faktın – dövlət müstəqilliyimizin bərpasından sonra elan edilmiş ilk növbədənkənar prezident seçkilərinin vacibliyi, hazırlanması və yüksək səviyyədə keçirilməsi barədə bu yazıda da mümkün qədər söz açacağıq. Ancaq ənənəni pozaraq əvvəlcə seçkidən təxminən qırx gün sonra nail olduğumuz bir uğuru xatırlatmaq istəyirik.

Ekspertlər yazırlar ki, seçkidən az sonra – 2018-ci il mayın 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi istiqamətində həyata keçirilən əməliyyat nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Günnüt kəndini, Ağbulaq yüksəkliyini, Qızılqaya dağını və Qaraqaya dağını işğaldan azad etmişdi. Nəticədə, Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçmişdi. Ümumiyyətlə isə, 11 min hektarlıq ərazi işğaldan azad edilmişdi. Həmin uğurlu hərbi əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan – Keşişkənd (Yexeqnadzor) – Gorus – Laçın – Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan vermişdi.

Seçkinin elan edilməsinə və keçirilməsinə gəlincə isə xatırladaq ki, bu təşəbbüs ölkədə iqtidarda olan Yeni Azərbaycan Partiyasından gəlmiş və dövlət başçısı tərəfindən dəstəklənmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin il fevralın 5-də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalamış və o sərəncama əsasən seçkilər 2018-ci il aprelin 11-nə təyin edilmişdi.

Bu barədə söz açan tarixçi və siyasətçilərin fikrincə, ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsində bir sıra məqsədlər vardı. Təbii ki, birinci məqsəd Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə zəmin yaratmaq idi. Bunun üçün isə ölkə daxilində davam edən islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına nail olmaq lazım idi. Digər tərəfdən, yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını tələb edirdi. Gözümüzün önündə baş verən siyasi proseslər, regional və qlobal miqyasda artan gərginliklər fonunda keçirilən daha demokratik seçkilər, təbii ki, Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirəcəkdi.
Burada “daha demokratik seçkilər” ifadəsini işlətməyimiz təsadüfi deyil. Çünki 11 aprel seçkilərində Yeni Azərbaycan Partiyası ilə yanaşı, Azərbaycan Sosial Demokrat Partiyası (namizəd Araz Əlizadə idi), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (namizəd Qüdrət Həsənquliyev idi), Milli Dirçəliş Hərəkatı Partiyası (namizəd Fərəc Quliyev idi), Müasir Müsavat Partiyası (namizəd Hafiz Hacıyev idi), eləcə də, Cəbhəçilərin təşəbbüs qrupu (namizəd Razi Nurullayev idi) da iştirak edirdi. Zahid Orucun namizədliyi isə şəxsən özü tərəfindən irəli sürülmüşdü.

Bu seçki barədə rəsmi məlumatlarda bildirilir ki, 125 dairənin 5641 seçki məntəqəsində keçirilən səsvermələri 61 təşkilat, 59 ölkədən olmaqla 894 beynəlxalq müşahidəçi izləyirdi. Seçkiləri müşahidə edən yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfər idi. Şəffaflığın təmin olunması məqsədilə digər vasitələrlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində və ya seçki məntəqələrinin təqribən 20 faizində veb-kameralar quraşdırılmışdı.

Seçkilərə hazırlığın və səsvermənin təşkilinin beynəlxalq standartlara cavab verməsini təmin etmək məqsədilə kifayət qədər “exit-poll”lar keçirilmişdi. Bu məqsədlə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “AJF&Associates İnc.” təşkilatı, ABŞ-ın Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi, “Opinion Way Sosioloji” Tədqiqatlar İnstitutu, Fransanın “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Rəy Monitorinq Mərkəzi Azərbaycan Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmişdilər.

Nəhayət, aprelin 11-də keçirilən seçkidə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq qalib gəldi. Müşahidəçilərin fikrincə, Azərbaycan xalqının iradəsini əks etdirən seçkinin nəticələri bir daha göstərdi ki, vətəndaşlar dövlətin gələcək inkişafını məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən siyasi kursun Prezident İlham Əliyevin mövcud şəraitə uyğun olaraq davam və inkişaf etdirilməsində görür. Dəfələrlə söylənildi ki, Azərbaycan xalqı real işlərə, sabit, davamlı inkişafa, tərəqqiyə və təhlükəsizliyə səs verdi.

Səsvermədən bir həftə sonra – 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində xalqın etimadını növbəti dəfə qazanan Prezident İlham Əliyev ənənəvi qətiyyətini və prinsipiallığını daha gur səslə dilə gətirərək dedi ki, “...biz öz torpaqlarımızı azad edəcəyik”.

Bəs sonra nə oldu? Sonra bütün dünya Azərbaycan ərazilərinin 20 faizinin 30 illik işğaldan azad olunmasına şahidlik etdi. Sonra Dünya Azərbaycanlıları 2 əsrdən də çox xalqımıza qarşı terror, təxribat, işğal törətməklə fəxr edən, “Böyük Ermənistan” xülyası ilə yaşayan dünya erməniliyinin çökdürüldüyünü bayram etdi. Sonra hay havadarları qədim türk –Azərbaycan torpaqlarında yaradılmış Ermənistan adlı saxta dövlətin kapitulyasiya sənədinə imza atdığını gördülər.

Lap sonda isə Azərbaycan dövləti XX – XXI əsrlərdə ilk dəfə olaraq işğalçı dövlət üzərində tam və qəti qələbə çalaraq dünya hərb tarixinə yeni səhifələr yazdı.

Bayrağın həmişə uca, Ordun qüdrətli, Liderin daim qətiyyətli olsun, Azərbaycan!

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist



Siyasət