Yaxud Zaxarovanın Simonyana cavabına sözardı
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla ötən həftə Moskvada görüşü zamanı erməni həmkarına bir mətləbi xatırlatdı. Özü də çox dərinə getmədən. O bildirdi ki, Ermənistan rus qazını 177 dollara alır, Avropada isə onun qiyməti 600 dollardır. Əslində, V.Putin demək istəmişdi ki, Ermənistanın can atdığı Avropa İttifaqı ölkələrində vəziyyət “rusca”dır. Yeri gəlmişkən, eyni fikri digər Kreml təmsilçiləri də dilə gətiriblər. Amma yazımız bilavasitə bu haqda deyil.
Hərçənd, mövzumuzun vurğuladığımız məqamla bağlılığı var. Şübhəsiz, qaz məsələsi adi sayılmamalıdır. Ermənistanda isə hesab edirlər ki, Rusiya ölkəyə heç nə edə bilməz. Görəsən niyə? Əlbəttə ki, hay rəsmiləri, ilk növbədə, pataloji xəstəlik halını almış erməni sevdasına ümid bəsləyirlər. Onlar yaxşı bilirlər ki, Rusiyada Ermənistana qucaq açmağa hazır olan ciddi kəsim var. O kəsim ki, həm ictimai sferada, həm də dövlət idarəçiliyində təmsil olunur. Digər tərəfdən, Rusiya Cənubi Qafqazda erməni amilinə söykənərək ayaqda qalıb: ermənilərin törətdikləri fitnə-fəsadlar rus imperializminin regionda apardığı ənənəvi “parçala və hökm sür” siyasətində başlıca tutacaq olub. Barəsində söz açdığımız erməni sevdasının kökü məhz bundadır. Yəni reallıq baş nazir Paşinyan iqtidarının nümayəndələrinə yaxşı bəllidir. Ona görə manevr edir, iqtidarda olduqları müddətdə Ermənistanın cəzalanmayacağını düşünürlər. İqtidardan getdikdə isə...
Bəli, məhz Rusiyadakı erməni sevdasına görədir ki, N.Paşinyan Moskvada Putinin qarşısında son dərəcə əndərəbadi bəyanat səsləndirir. Putin Ermənistanın eyni anda həm Avropa İttifaqında (Aİ), həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) təmsilçiliyinin tamamilə yolverilməzliyini vurğulayır. Nikol isə buna cavab olaraq bildirir ki, ölkəsi hər iki istiqamət üzrə irəliləyəcək, ən axırda seçim edəcək. Bir sözlə, o, tipik erməni həyasızlığını işə salır. Görünür, Rusiyanın taleyinə bu sayaq həyasızlıqlara dözmək də yazılıb.
***
Deməli, Ermənistan parlamentinin sədri Alen Simonyanın qatı anti-Rusiya mövqeyi ilə seçildiyi məlumdur. O, qaz məsələsinə münasibətdə də deyib ki, əgər Rusiya Ermənistana ixrac olunan qazın qiymətini artırmaq qərarı versə, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Aİİ-dən çıxış proseduruna başlayacaq. Belə bir misal var ki, dinsizin öhdəsindən imansız gələr. Bu mənada, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Simonyana cavabı maraqlıdır. Zaxarova fikrini iki kontekstdə izah edib. O, əvvəla, Simonyanın, ümumən erməni liderlərin peşəkar siyasətçiyə xas davranmadıqlarına eyham vurub, həmçinin, sərt reallıqları xatırladırıb. Birinci kontekstdən başlayaq.
Deməli, Zaxarova ənənəvi məsxərə tonunu və obrazlı ifadələrini işə salaraq, Simonyanın diqqətə çatdırdığımız fikrinə nəzərən bunları bildirib: “Bu bir az kirpiyə öz imkanlarını göstərməklə hədələmək haqqında məşhur hekayəni xatırladır. Bilirsiniz, emosional siyasətçilərin bəyanatlarını ciddi şəkildə şərh etmək istəmirəm. Xüsusən, onların bundan əvvəl, o cümlədən KTMT mövzusunda nə qədər ziddiyyətli fikirlər səsləndirdiyini nəzərə alsaq. Sadəcə xatırlatmaq istəyirəm: deyilirdi ki, guya Ermənistan KTMT-dən çıxmır və ya çıxmaya bilər, əksinə, KTMT Ermənistandan gedir. Bu prosesin artıq başa çatıb-çatmadığını bilmirəm. Ona görə məsələyə qayıtmağın və qiymət verməyin mənası yoxdur. Bir daha vurğulayıram: bunlar emosional bəyanatlardır”. Kirpidən söz düşmüşkən, Zaxarova “iynə” sancmağı da unutmayıb. O bildirib ki, Simonyan və digərlərinin emosional tərzdə səsləndirdikləri bəyanatları, ilk növbədə, Ermənistan vətəndaşları şərh etməlidirlər. “Çünki söhbət onların həyatını idarə edən, gələcəklərini formalaşdıran insanlardan gedir. Ona görə də belə bəyanatlara münasibəti məhz bu ölkənin vətəndaşlarından soruşmaq lazımdır”, - deyən Rusiya XİN rəsmisinin Ermənistanın daxilinə hesablanmış mövqe açıqladığı aşkardır. O, dolayısı ilə hazırkı erməni iqtidarının ölkəni fəlakətə sürüklədiyini deyir. Axı dedik ki, qaz məsələsi adi sayıla bilməz. Ən azından, qışda soyuqdan donmaq təhlükəsi var.
Qeyd edək ki, M.Zaxarova Simonyana cavab xarakterli açıqlamasında sərt reallıqları xatırladarkən də qaz məsələsi ilə zarafatlaşmağın yolverilməzliyini diqqətə çatdırıb: “Amma başqa bir məsələyə ciddi şəkildə toxunmaq istəyirəm. Qaz tədarükü mövzusu, bildiyiniz kimi, aprelin 1-də Moskvada Vladimir Putin və Nikol Paşinyan arasında keçirilən görüşdə müzakirə olunub. Konkret rəqəmlər səsləndirilib: Ermənistan rus qazını 177,5 dollara alır, Avropada isə qiymət 600 dollara qədər çatır. Bu artıq emosiyalar deyil, faktdır, obyektiv məlumatlarla təsdiqlənmiş rəqəmlərdir”.
M.Zaxarova əlavə edib ki, Ermənistan rəhbərliyinin işi ölkənin enerji təhlükəsizliyini təmin etməkdir. “Bu, hər bir dövlətin əsas vəzifələrindən biridir, xüsusən, Yaxın Şərqdə gərginliyin artması fonunda qaz bazarlarında yaranmış ciddi dalğalanmalar şəraitində. Hazırda bütün ölkələr və məsul siyasətçilər enerji bazarlarında müşahidə olunan bu ciddi qeyri-sabitliyin qurbanına çevrilməmək üçün çıxış yolları axtarırlar”, - deyən Rusiya rəsmisinin indiki şəraitdə erməni hakim dairələrinin düzgün yolda olmadığını bildirdiyi birmənalıdır. Amma... “Əmması” haqqında danışdığımız erməni sevdası və Rusiyanın Ermənistanı öz orbitinə qaytarmaqla bağlı bitib-tükənməyən ümididir. Bu ümid özündə “səni sevəcəyəm, sən sevməsən də” deyimindəki dramatizm yükünü daşıyır. Belə bir şəraitdə Zaxarovanın sonrakı xatırlatmaları bir o qədər təsirli görünməsə də, onun dedikləri fakt baxımından əhəmiyyətlidir. Məsələn, XİN təmsilçisi bildirib ki, Ermənistanın 2015-ci ildə Aİİ-yə qoşulması, erməni iqtisadçılarının da qeyd etdiyi kimi, ölkənin iqtisadi rifahının əsasını təşkil edir: “Son 10 ildə Ermənistanın ÜDM-i təxminən 3 dəfə artaraq 10,5 milyard dollardan 29,2 milyard dollara yüksəlib”.
Rusiya rəsmisinin qaz məsələsi kontekstində hazırkı erməni iqtidarının ölkəni fəlakətə sürüklədiyini vurğulamaq məntiqindən söz açdıq. Nəhayət, M.Zaxarovanın fikirlərinin kuliminasiyasına keçid alaq. O, Ermənistan–KTMT münasibətləri xüsusunda da təxminən eyni məqamı qabardıb. Amma mövzuya bir qədər rəng qatmağı unutmayıb. Xanım Zaxarovanın dediklərindən belə qənaət hasil olub ki, erməni iqtidarı ilə erməni xalqı arasında fərq var. Əslində, o, yenilik etməyib, son illər Rusiyada Ermənistanla bağlı formalaşmış stereotipi yada salıb. Bu stereotipdə isə zəif təskinlik əlaməti duyulur. Obrazlı desək, Rusiya ermənilərin onu sevmədiyinə inanmaq istəmir. Zaxarova da inanmır və deyir ki, Ermənistanın və qurumn digər üzvlərinin təhlükəsizliklərinin etibarlı təminatı məhz KTMT ilə bağlıdır: “Hazırda Ermənistanın təşkilatdakı üzvlüyü dondurulub. Lakin bu seçimi mövcud erməni hakimiyyəti edib”.
Yəni xanım Zaxarova demək istəyir ki, Ermənistanın KTMT-dəki üzvlüyünün dondurulması erməni xalqının deyil, iqtidarının seçimidir. O zaman sual olunur: erməni iqtidarını seçən kimdir? Əlbəttə, təkcə Zaxarova deyil, ümumən rus rəsmilərinin və ictimai fikir təmsilçilərinin düşüncəsi budur ki, Paşinyan hakimiyyətinin erməni xalqı ilə heç bir əlaqəsi yoxdur. Halbuki, bunun belə olmadığı artıq bir neçə dəfə sübuta yetirilib. Həm də ona görə sübuta yetirilib ki, hay cəmiyyətində Şimala baxış, yumşaq desək, yaxşı deyil. Sadə ermənilər Rusiyaya sabiq prezidentlər Serj Sarkisyan və Robert Koçaryan kimi quldurları, xalqın qanını içən korrupsioner dəstə liderlərini himayə edən ölkə qismində yanaşırlar. Bu yanaşma, kifayət qədər oturuşmuş mövqeyə sahibdir və Moskvaya münasibətdəki antipatiyanın məğzini təşkil edir. Əlbəttə, birmənalı şəkildə demək olmaz ki, erməni cəmiyyəti Azərbaycanla barışın timsalında ümumən Cənubi Qafqaz regionunda sülhlə əlaqəli aydın təsəvvürlərə malikdir. Qısa zaman ərzində belə bir təsəvvürün formalaşması mümkünsüzdür. Amma bu, o demək deyil ki, Ermənistan yenidən Azərbaycanla müharibəyə başlamalıdır. Məsələ isə ondadır ki, ölkədə Rusiya tərəfindən dəstəklənən qüvvələrin istəkləri məhz savaş, qisas və yenidən Qarabağ avantürasını dirçəltməkdir.
Bəli, Ermənistandakı revanşist və şovinist qüvvələr ölkədə bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində qələbə qazanmağa və Paşinyan hakimiyyətini devirməyə iddialıdırlar. Mövcud fonda təkcə Zaxarovanın deyil, ümumən digər Rusiya rəsmilərinin Ermənistana yönəlik fikirlərinin, o cümlədən siyasi və iqtisadi zəminli şantaj cəhdlərinin kökündə dayanan heç də Paşinyan iqtidarı təmsilçilərinin düşüncələrində dəyişiklik yaratmaq yox, erməni xalqının bu iqtidarı seçməməsi üçün şərait formalaşdırmaqdır.
A.Simonyanla yanaşı, hay hakim komandasının başqa üzvləri təsvir etdiyimiz durumun fərqindədirlər. Ona görə də onlar həm ənənəvi erməni sevdası üzərində oyun qurur, müvafiq olaraq, qeyri-ciddi təsir bağışlayan bəyanatlar sıralayır, həm də prinsipial davranış nümayiş etdirərək, Rusiyanın təzyiqləri qarşısında geri çəkilməyəcəklərini göstərmək istəyirlər. Geri çəkilməyəcəklər, çünki çəkilmək üçün yer yoxdur. Axı tam aydındır ki, Rusiya Ermənistanı bağışlasa da, Paşinyan iqtidarını əsla bağışlamaz.
Ə.CAHANGİROĞLU
XQ

