Türk dünyası vahid coğrafiyada bütövləşir

post-img

Avrasiyanın mərkəzində formalaşan geostrateji güc

Beynəlxalq münasibətlər sistemində fərqli vəhdət modelinin formalaşması artıq reallığa çevrilir. Azərbaycan qeyd edilən transformasiya prosesinin mərkəzində qərarlaşaraq xüsusi strateji vizyon nümayiş etdirir. Aprelin 2-də Prezident İlham Əliyev tərəfindən TDT-dəki aparıcı tərəfdaşların qəbul edilməsi ciddi geosiyasi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı məhz həmin tarixdə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazı, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu, Qırğız Respublikasının Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyevi, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyevi, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üsteli, üstəlik Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. 
TDT-nin Bakı konfransını qədim tarixi köklərə bağlanan əməkdaşlığın müasir diplomatik müstəvidə təntənəsidir. Dəyişən dünya nizamında oxşar formatlı görüşlərin mütəmadi xarakter alması inteqrasiya proseslərinin geridönməzliyini təsdiqləyir. 
Təqdim edilən rəsmi mövqelər açıq şəkildə sübuta yetirir ki, xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrimiz birmənalı olaraq prioritet təşkil edir. Fəal diplomatik gedişlərin sayəsində təsdiqlənir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına daim böyük töhfə verir, gələcəkdə də eyni amala tam sadiq qalacağını bildirir. ­Dövlətlərarası formalaşmanın qanunauyğunluqlarını rəhbər tutan aparıcı elita həqiqətən əzmkar siyasi kurs sərgiləyir. Prezident İlham ­Əliyevin qeyd etdiyi klimi: “Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Yeganə ailəni gələcəyə aparmaq məqsədilə müştərək səylərin göstərilməsi təbii ki, çox önəmlidir”. 
Dövlətimizin başçısı, həmçinin əlavə mesaj da verib: “Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq”. Səsləndirilən tarixi fikirlər verilən qərarların həm regional, həm də qlobal miqyasda mütləq hədəfləri gücləndirəcəyinə inam yaradır. Sarsılmaz təməllər üzərində qurulan vəhdət yeni və fərqli nailiyyət səhifələrinə yol açacaq. Hədəflənən məqsədlərə çatmaq naminə vahid iqtisadi platformanın, əlavə olaraq ortaq informasiya məkanının formalaşdırılması mütləq zərurətə çevrilib. 
Azərbaycan paytaxtında gerçəkləşən rəsmi qəbul, əslində, inteqrasiyanın əsas strukturunu dərinləşdirir. Hökumət rəhbərlərinin, eləcə də vitse-prezidentin mərkəzləşdirilmiş görüşlərinin təşkili TDT daxilində çoxtərəfli əməkdaşlığın struktur etibarı ilə daha da gücləndirilməsi baxımından mükəmməl imkanlar yaradıb. Söhbət əsnasında yuxarıda sadalanan məsələlərin önəminə xüsusi toxunularaq, aparılan müzakirələrin perspektiv nəticələri yüksək qiymətləndirilib. Dövlətlərarası münasibətlərin institusional müstəviyə keçidi ortaq ticarət zonalarının yaradılmasına, nəqliyyat marşrutlarının şaxələndirilməsinə, tranzit potensialının maksimum səviyyəyə çatdırılmasına xidmət edir. Şərqlə Qərb arasında təbii körpü rolunu oynayan coğrafiyamız artıq, sadəcə, marşrut xətti sayılmır, eyni zamanda, qərarların qəbul edildiyi əsas mərkəzi qərargaha çevrilir. 
Müzakirələr zamanı diqqəti cəlb edən mühüm məqamlardan biri də Türkiyə nümayəndə heyətinin rəhbərinin sərgilədiyi yanaşma olub. Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Prezident İlham Əliyev ilə keçirdiyi görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinin iclasda iştirakını xüsusi məmnunluqla qeyd edərək, bu iştirak üçün yaradılan əlverişli şəraitə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edib. Şimali Kiprin ali səviyyədə təmsil olunması ədalətsiz izolyasiya divarlarının parçalanması, həmrəyliyin real nümayişi kimi səciyyələndirilməlidir. Bu format daxilindəki vəhdət nümayişi kənar qüvvələrə qarşı yönəlməyərək, sırf mənəvi dəyərlərin, tarixi ədalətin bərpasına xidmət göstərir. Qarşılıqlı etimad əsasında qurulan mexanizmlər süni əngəlləri minimuma endirəcək, qərarların çevik icrasını təmin edəcək. Diplomatiya tarixində nadir hallarda rast gəlinən bu tərəfdaşlıq modeli əməkdaşlığın saysız istiqamətlərini əhatə edir, zəncirvari inkişaf dinamikasını formalaşdırır. Ünal Üstelin ali platformada yer alması diplomatik tanınma prosesinə mühüm təkan verməklə bərabər, qardaş xalqların heç vaxt tənha olmayacağını nümayiş etdirir. Əldə edilən diplomatik irəliləyişlər ümumi gücümüzün artmasına bilavasitə təsir göstərir.
Qlobal siyasi sistemdə etibarlı tərəfdaşlığın formalaşdırılması olduqca çətin prosesdir. Sözügedən format daxilində atılan addımlar təkcə diplomatik çərçivələrlə məhdudlaşmır, həmçinin texnoloji yeniliklərin mübadiləsi, müdafiə sənayesi sektorunda əməkdaşlığın genişləndirilməsi, innovativ layihələrin həyata keçirilməsi istiqamətlərini sıx şəkildə ehtiva edir. Təbii resurslarla zəngin coğrafiyaların ortaq strategiya çərçivəsində cəmləşməsi iqtisadi potensialı dəfələrlə artırır. Geosiyasi maraqların uzlaşması fonunda həyata keçirilən davamlı görüşlər təşkilatın gələcək hədəflərinə doğru qətiyyətli addımladığını aydın göstərir. Hər mühüm görüş, hər imzalanan sənəd yeni hədəflərin reallaşmasına xidmət edir. Şübhəsiz ki, respublikamızın liderliyi altında irəli sürülən təşəbbüslər regionda sülhün, təhlükəsizliyin qarantı kimi çıxış etməyə davam edəcək. Yeni dövrün tələblərinə cavab verən yanaşmalar müasir xarici siyasət doktrinasının mükəmməl işlədiyini təsdiqləyir.
Son onillikdə formalaşan siyasi trendlər təsdiqləyir ki, genişmiqyaslı inteqrasiyalar qaçılmazdır, fəqət yalnız genetik kodlara bağlanan ittifaqlar davamlı sülhə zəmin yaradır. Nəticə etibarilə, Bakı təkcə enerji layihələrinin mərkəzinə çevrilmir, həm də Türk dünyasının intellektual, hərbi, iqtisadi ideyalar mərkəzinə qovuşur. Regional güclərin yaratdığı mürəkkəb fon içərisində tam vəhdət mövqeyinin nümayiş etdirilməsi son dərəcə səmərəli gələcək vəd edir. Tarixi dövrlərdən süzülüb gələn ortaq mənəvi sərvətlər indi praqmatik iqtisadi təməllərlə sintez olunur. Yaradılan sarsılmaz bünövrə isə gələcək nəsillər üçün firavan, təhlükəsiz, qüdrətli yaşayış mühitini zəmanət altına alır. Atılan uğurlu addımlar bəşəriyyət tarixində mühüm izlər qoyacaq, bütöv məfkurə daim ali zirvələrdə bərqərar olacaq. Rəsmi səfərlər əsnasında imzalanacaq hər hansı sənəd, təsdiqlənəcək hər hansı qərar şübhəsiz ki, xalqlarımızın ümumi rifahına qulluq edəcək. 

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət