Söhbət Hindistan silahlarının logistik blokadası və Ermənistanın büdcə itkilərindən gedir
Onilliklər boyu Rusiyadan birtərəfli hərbi asılılıqda olan İrəvanın son illər Moskva ilə yaşadığı etimad böhranı və dəyişən geosiyasi reallıqlar onu alternativlər axtarmağa sövq edib. Bu çərçivədə Hindistan həm hərbi texnologiyalar, həm də strateji maraqlar baxımından Ermənistan üçün əlverişli tərəfdaşa çevrilib. Tərəflər arasında ümumi dəyəri, təxminən, 1,5 milyard dollar olan silah müqavilələri imzalanıb. İlk baxışda hər şey sadədir: Hindistan silah satır, Ermənistan isə alır.
Bu strategiyanın həyata keçirilməsi üçün ən kritik məsələ silahların Ermənistana hansı marşrutla çatdırılmasıdır. Ermənistanın coğrafi mövqeyi və regiondakı mürəkkəb siyasi reallıqlar onun logistika imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Türkiyə və Azərbaycanla sərhədlərin bağlı olması İrəvanın alternativ tranzit yollarından istifadə imkanlarını xeyli azaldır.
Bu səbəbdən Hindistandan Ermənistana hərbi yüklərin daşınmasında İran ərazisi əsas logistika xətti kimi formalaşıb. Bu marşrut Hindistanın cənub-şərqində yerləşən və İranın mühüm dəniz qapılarından biri hesab olunan Çabahar limanı üzərindən başlayır. Hindistandan göndərilən yüklər əvvəlcə bu limana çatdırılır, daha sonra isə İran ərazisi boyunca quru nəqliyyatı vasitəsilə Ermənistana daşınır.
Qeyd edək ki, Çabahar limanı Hindistan üçün strateji əhəmiyyətə malik layihələrdən biridir. Bu liman Dehliyə Pakistan ərazisindən yan keçərək Orta Asiya və Cənubi Qafqaz regionlarına çıxış imkanı verir. Eyni zamanda, Hindistanın regiondakı iqtisadi və geosiyasi təsirini artırmaq planlarının əsas elementlərindən biridir. Ermənistan üçün isə bu liman Hindistandan gələn hərbi texnika və digər strateji yüklərin çatdırılmasında, faktiki olaraq, “qapı” rolunu oynayırdı.
Lakin 2026-cı ilin fevral-mart aylarında Yaxın Şərqdə artan hərbi gərginlik bu logistika modelini ciddi şəkildə sarsıdıb. ABŞ və İsrailin İranın hərbi və strateji infrastrukturlarına endirdiyi zərbələr regiondakı nəqliyyat və logistika təhlükəsizliyini böyük risk altına salıb. Bu zərbələr nəticəsində İranın bəzi liman və hərbi obyektləri, o cümlədən Çabahar limanı yaxınlığındakı infrastrukturlar potensial təhlükə zonasına düşüb. Regionun hərbi qarşıdurma zonasına çevrilməsi dəniz nəqliyyatının sığorta xərclərini kəskin şəkildə artırıb və bir sıra marşrutların, faktiki olaraq, iflic olmasına səbəb olub.
Eyni zamanda, Hindistanın 2026-cı il büdcəsində Çabahar layihəsinə vəsait ayırmaması Yeni Dehlinin regiondakı riskləri nəzərə alaraq daha ehtiyatlı siyasət yürütməyə başladığını göstərir. ABŞ tərəfindən İranla bağlı sanksiyalar da bu layihənin gələcəyini qeyri-müəyyən hala gətirib. Bununla da Ermənistanın Hindistandan aldığı silahların əsas daşınma xətti ciddi problemlərlə üzləşib və faktiki olaraq “logistik blokada” vəziyyəti yaranıb.
Alternativ variantlar isə kifayət qədər məhduddur. Hava yolu ilə ağır hərbi texnikanın daşınması həm iqtisadi baxımdan çox baha başa gəlir, həm də texniki baxımdan bütün silah sistemlərinin daşınmasına imkan vermir. Digər mümkün marşrutlar isə ya siyasi səbəblərdən bağlıdır, ya da regiondakı təhlükəsizlik vəziyyəti səbəbindən risklidir. Bu vəziyyət imzalanmış milyardlarla dollarlıq müqavilələrin icrasının ləngiməsinə və bəzi hallarda qeyri-müəyyən müddətə təxirə salınmasına səbəb olur.
Belə bir şəraitdə Ermənistanın Hindistanla hərbi əməkdaşlıq strategiyası ciddi logistika problemləri ilə üzləşib. İrəvanın bu əməkdaşlıq vasitəsilə regionda yeni hərbi balans yaratmaq cəhdləri qlobal geosiyasi proseslərin təsiri altına düşüb. İran ətrafında artan hərbi gərginlik və Yaxın Şərqdəki eskalasiya faktiki olaraq Ermənistanın silahlanma planlarının həyata keçirilməsini çətinləşdirib.
İqtisadçı-ekspert Mahir Zeynalov XQ-yə bildirdi ki, bu logistik tıxanıqlıq Ermənistanın müdafiə büdcəsini səmərəsiz hala gətirir: “Bu, ödənişi edilmiş ağır texnikaların “dondurulmuş aktivə” çevrilməsi və ya bahalı hava yolları ilə daşınma məcburi tərəfdaşlığı iqtisadi cəhətdən sarsıdır.
Hindistan silahlarının çatdırılmasında yaranan bu logistik böhran isə Ermənistanı hərbi güclənmə illüziyasından uzaqlaşdıran mühüm amildir. Müdafiə xərclərinin səmərəsizliyi və “ölü sərmayəyə” çevrilməsi İrəvanı çətin seçim qarşısında qoyur. Ya hərbi büdcə xərclərini indiki logistika problemi şəraitində davam etdirib maliyyə böhranına sürüklənmək, ya da Azərbaycanın sülh şərtlərinə və regional kommunikasiyaların (Zəngəzur dəhlizi) açılmasına razı olaraq iqtisadi dividend axtarışına çıxmaq. Bu reallıq Azərbaycanın regionda sülh şərtlərini diktə edən tərəf kimi mövqeyini daha da möhkəmləndirir”.
Azərbaycanın milli maraqları baxımından bu vəziyyət regionda hərbi balansın sabit qalması üçün müəyyən strateji imkanlar yaradır. Ermənistanın İran üzərindən keçən hərbi tədarük xəttinin risk altına düşməsi onun sürətli silahlanma imkanlarını məhdudlaşdırır və revanşist siyasətin reallaşma ehtimalını azaldır. Bu isə regionda hərbi sabitliyin qorunması baxımından mühüm amildir.
Digər tərəfdən, indi yaranmış vəziyyət regionda logistika və nəqliyyat marşrutlarının təhlükəsizliyi məsələsi daha da aktuallaşır. Bu kontekstdə Azərbaycanın iştirak etdiyi beynəlxalq nəqliyyat layihələri, xüsusilə Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi yeni geosiyasi əhəmiyyət qazanır. Azərbaycanın quru nəqliyyat infrastrukturu hazırda Rusiya, həmçinin digər region ölkələri üçün ən stabil və təhlükəsiz marşrutlardan biridir. Bu isə Bakının regionda strateji tranzit mərkəzi kimi rolunu daha da gücləndirir.
Politoloq İlqar Hüseynli hesab edir ki, hərbi büdcənin səmərəsizliyi, ilk növbədə, alternativ daşıma xərclərinin kəskin artması ilə bağlıdır: “İranın quru yolları və Çabahar limanı sıradan çıxdıqda və ya riskli zonaya çevrildikdə, Ermənistan yeganə çıxış yolu kimi hava körpüsü marşrutuna əl atmaq məcburiyyətində qalır. Lakin ağır texnikanın, xüsusilə iriçaplı artilleriya və raket sistemlərinin karqo təyyarələri ilə daşınması dəniz və quru nəqliyyatından dəfələrlə baha başa gəlir. Bu, onsuz da məhdud olan Ermənistan hərbi büdcəsinin əhəmiyyətli hissəsinin silaha deyil, sadəcə, onun çatdırılmasına sərf edilməsi deməkdir.
Digər tərəfdən, logistik ləngimələr müdafiə planlamasının pozulmasına gətirib çıxarır. Alınan texnikalar vaxtında anbarlara və hərbi hissələrə çatmadıqda, şəxsi heyətin təlimi və yeni sistemlərin inteqrasiyası qeyri-müəyyən müddətə təxirə düşür. Bununla da ödənişi edilmiş hər bir texnika vahidi Ermənistan üçün ölü sərmayəyə çevrilir. Bu da Azərbaycanın regionda qoruyub saxladığı hərbi üstünlük qarşısında Ermənistanın “silahlanma yarışı” iddialarını maliyyə baxımından səmərəsiz və mənasız edir”.
Beləliklə, Hindistan–Ermənistan hərbi əməkdaşlığı Cənubi Qafqazda yeni geosiyasi dinamikanın formalaşmasına yönəlmiş bir layihə olsa da, onun real həyata keçirilməsi böyük ölçüdə regional və qlobal geosiyasi proseslərdən asılıdır. İran ətrafında yaranan hərbi gərginlik və Çabahar limanı ətrafında formalaşan risklər bu əməkdaşlığın logistika əsaslarını zəiflədir. Nəticədə, Ermənistanın Hindistan silahları vasitəsilə hərbi potensialını sürətlə artırmaq planı hazırkı mərhələdə ciddi çətinliklərlə üzləşir və bu vəziyyət Cənubi Qafqazda mövcud hərbi-siyasi balansın Azərbaycanın xeyrinə qorunub saxlanmasına şərait yaradır.
Pünhan ƏFƏNDİYEV
XQ



