Gürcüstanın Avropa İttifaqı (Aİ) ilə münasibətləri müasir dövlətçilik tarixinin ən mürəkkəb və ziddiyyətli mərhələsinə qədəm qoyub. 2023-cü ilin dekabrında Tbilisinin namizəd statusu alması cəmiyyət tərəfindən tarixi hadisə kimi qarşılanmışdı. Bu qərar ölkənin onilliklərdir davam edən avrointeqrasiya kursunun rəsmi təsdiqi, Gürcüstanın özünü Avropanın siyasi və mədəni məkanının ayrılmaz hissəsi kimi təqdim etməsinin kulminasiya nöqtəsi hesab olunurdu.
Lakin 2024-cü ilin sonlarından etibarən Gürcüstan–Aİ münasibətləri gözlənilməz və kəskin bir böhran mərhələsinə qədəm qoyub. Brüssel ilə dialoqun soyuması, qarşılıqlı ittihamların intensivləşməsi və xüsusilə üzvlük danışıqlarının 2028-ci ilə qədər təxirə salınması barədə qərar əlaqələri, faktiki olaraq, dondurub. Hazırkı mənzərə artıq, sadəcə, diplomatik soyuqluq deyil, tərəflərin bir-birinin legitimliyini və dəyər sistemini açıq şəkildə sual altına qoyduğu bir qarşıdurma prosesidir. Bu vəziyyət mövcud münasibətləri “strateji qeyri-müəyyənlik” fazasından çıxararaq birbaşa suverenlik mübarizəsinə çevirib.
Brüsselin Gürcüstanın hazırkı hakimiyyətini tərəfdaş kimi tanımaqdan imtina etməsi və Tbilisinin buna kəskin “antikolonial” ritorika ilə cavab verməsi qarşıdurmanı daha da dərinləşdirib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin bəyanatları açıq şəkildə nümayiş etdirir ki, Brüssel “Gürcü arzusu” administrasiyasını artıq demokratik tərəfdaş kimi qəbul etmir. Bu yeni yanaşma rəsmi hökuməti bypass edərək birbaşa müxalifətə ünvanlanan məktublarda, seçki proseslərinə müdaxilə ittihamlarında və vizasız rejimin tamamilə ləğvi ilə bağlı səsləndirilən hədələrdə özünü qabarıq büruzə verir.
Diplomatik təzyiqlər isə artıq bəyanat müstəvisindən praktiki müstəviyə keçib. Diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimin məhdudlaşdırılması Brüsselin Gürcüstan siyasi elitasına ünvanladığı “arzuolunmaz tərəf” (persona non grata) mesajıdır. Avropa qurumlarının nəzərində Gürcüstan iqtidarı Qərb yolundan uzaqlaşmış, Rusiyaya yaxınlaşmış və daxildə demokratik təsisatları zəiflətmiş bir qüvvə kimi xarakterizə olunur. Xüsusilə “Xarici təsirin şəffaflığı” haqqında qanunun qəbulu Qərb tərəfindən vətəndaş cəmiyyətini susdurmaq cəhdi kimi dəyərləndirilir ki, bu da münasibətlərdəki sonuncu etimad körpülərini də sarsıdıb.
Rəsmi Tbilisi isə Brüsselin bu təzyiqinə passiv müdafiə ilə deyil, kəskin ideoloji hücumla cavab verir. Gürcüstan hakimiyyəti Aİ mövqeyini “təzyiq, şantaj və müstəmləkəçilik təfəkkürün” təzahürü kimi qiymətləndirir. Bu gərginliyin bariz nümunəsi olaraq, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Gürcüstan müxalifətinə ünvanladığı məktub göstərilir. Həmin sənəddə qeyd olunur ki, rəhbərlik mövcud problemləri həll etməzsə, vizasız rejimin dayandırılması bütün Gürcüstan vətəndaşlarına təsir edəcək. Fon der Lyayen həmçinin bildirib ki, Aİ-də sanksiyalarla bağlı vahid mövqe hələ formalaşmasa da, demokratiyadan geri çəkilməyə görə məsul şəxslərə qarşı fərdi tədbirlər artıq nəzərdən keçirilir.
Parlament sədri Şalva Papuaşvili qeyd edib ki, bu cür çıxışlar Brüsselin əsl niyyətini, hazırkı iqtidarı özlərinə tabe olan qüvvələrlə əvəzləmək istəyini üzə çıxarır: “Bu şantajın əsas mesajı belədir: Gürcü xalqı ya bizim iradəmizə tabe olub dediklərimizi etməli, ya da vizalar üçün yenidən səfirlik qapılarında növbə gözləməlidir”. Papuaşvilinin fikrincə, Aİ xalqı “azadlıqla viza arasında” süni seçim qarşısında qoyaraq ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə edir. O, Brüsselin yanaşmasını “gəmi ilə gəlib yad tayfalara içki müqabilində qızıl tələb edən müstəmləkəçilərin” davranışına bənzədib.
Parlamentin sədri xüsusi olaraq vurğulayıb ki, Brüsselin hakim və prokuror təyinatı, yaxud eynicinsli nikahların qanuniləşdirilməsi kimi şərtlər diktə etməsi birbaşa milli suverenliyə qəsddir və gürcü xalqı viza imtiyazı naminə öz ləyaqətini qurban verməyəcək. Xarici işlər naziri Maka Boçorişvili də bu mövqeyi dəstəkləyərək bildirib ki, Aİ üzvlüyü bəziləri üçün sadəcə proseslərə təsir göstərmək üçün “təzyiq aləti”nə çevrilib. Nazirin sözlərinə görə, bu yanaşma Gürcüstanın Avropa inteqrasiyasına dəyərlər prizmasından baxan səmimi inamı ilə kəskin ziddiyyət təşkil edir.
Bununla bağlı gürcüstanlı siyasətçi Vüqar İsayev bildirdi ki, hakimiyyət vizasız rejimin məhdudlaşdırılması riskini sadəcə texniki problem kimi deyil, ölkənin müstəqil qərarvermə hüququna qarşı yönəlmiş birbaşa siyasi təzyiq kimi qiymətləndirir: “Bu şərçivədə Tbilisi, Brüsselin iqtisadi və viza hədələrini geosiyasi balans strategiyası ilə kompensasiya edir. Rusiya ilə ticarət dövriyyəsinin artırılması, Çinlə strateji tərəfdaşlığın dərinləşdirilməsi və “Orta Dəhliz” layihəsindəki mərkəzi rol Gürcüstanın iqtisadi gələcəyinin yalnız bir qütbdən asılı olmadığını nümayiş etdirir. Brüsselin yardımların dayandırılması hədələrinə qarşı isə iqtidar daxili istehsalın stimullaşdırılması və regional əməkdaşlıq vasitəsilə iqtisadi suverenlik modelini qətiyyətlə müdafiə edir”.
Onun sözlərinə görə, gərginliyin geosiyasi kökündə həmçinin rəsmi Tbilisini Ukrayna müharibəsinin poliqonuna çevirmək və ölkədə "ikinci cəbhə" açmaq cəhdləri dayanır: “Gürcüstan rəhbərliyi milli təhlükəsizlik maraqlarını hər şeydən üstün tutaraq dağıdıcı sanksiyalara qoşulmur və regionda kövrək sabitliyi qoruyur. Brüsselin bu praqmatik kursu “xəyanət” kimi təqdim etməsi faktiki olaraq Gürcüstanın daxili işlərinə və təhlükəsizlik arxitekturasına birbaşa müdaxilədir. Müxalifətin bu vəziyyətdən istifadə edərək “fəlakət” ssenariləri yayması isə xarici donorların maraqlarına xidmət edən siyasi manipulyasiyadan başqa bir şey deyil.
Bununla belə, Aİ rəhbərliyinin tez-tez səsləndirdiyi tənqidi bəyanatlar cəmiyyətin əhəmiyyətli hissəsi tərəfindən açıq bir şantaj kimi qəbul edilir. Gürcüstanla “güc dilində” danışmaq əks-effekt verir. Avropa bürokratlarının gürcü mentallığını və milli kimliyini tam anlamaması cəmiyyətdə və elitalarda kəskin mənfi münasibət formalaşdırır ki, bu da gələcəkdə münasibətləri bərpa etməyi çətinləşdirir.
Vizasız rejimin dayandırılması vətəndaşlar üçün, xüsusən də Avropada növbəli üsulla çalışan və vətənlə əlaqəni kəsməyən minlərlə miqrant üçün sosial-iqtisadi çətinliklər yarada bilər. Lakin iqtidar bu təzyiqi “xarici iradəyə qarşı milli müqavimət” narrativi ilə daxili siyasi mobilizasiyaya çevirib. Brüsselin legitim hakimiyyəti tanımaqdan imtina etməsi Gürcüstanı öz suverenliyini qorumaq üçün daha sərt addımlar atmağa vadar edir. Ölkə artıq viza müqabilində müstəqil siyasətini qurban verməyən bir subyekt olduğunu dünyaya bəyan edib”.
O, sonda qeyd etdi ki, münasibətlərin gələcəyi Brüsselin Cənubi Qafqazın geosiyasi reallıqlarını və Gürcüstanın suveren hüquqlarını nə dərəcədə qəbul etməsindən asılı olacaq: “ Əks halda, Tbilisinin alternativ və daha praqmatik tərəfdaşlarla əməkdaşlığı regionda güc balansını milli maraqlara uyğun şəkildə yenidən formalaşdıracaq. Gürcüstan öz ləyaqətini qoruyaraq Avropa ilə bərabərhüquqlu dialoqa hazırdır, lakin bu dialoq şantaj və diktə dilində davam edə bilməz”.
Beləliklə, Gürcüstan–Aİ münasibətləri hazırda prinsipial bir seçim mərhələsindədir. Bu münasibətlər təkcə diplomatik müstəvidə deyil, həm də Gürcüstanın gələcək inkişaf modeli, hüquqi dövlət quruculuğu və geosiyasi oriyentasiyası baxımından həlledici əhəmiyyət kəsb edir. Vizasız rejim ətrafında yaranan mübahisə, əslində, daha dərin bir problemin – tərəflər arasındakı ciddi etimad böhranının təzahürüdür. Bu böhranın aradan qaldırılıb-qaldırılmayacağı isə həm Tbilisinin nümayiş etdirəcəyi daxili siyasi iradədən, həm də Brüsselin nə dərəcədə balanslaşdırılmış və prinsipial mövqe sərgiləyəcəyindən asılı olacaq.
P.ƏFƏNDİ
XQ


