I MƏQALƏ
Tarixi tezis
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 15-də Serbiyaya səfəri çərçivəsində aparılan müzakirələrdə bir tarixi tezis irəli sürmüşdür. Dövlət başçısı Belqradda Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında ifadə etmişdir: “Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir, bir çox gözlənilməz ssenarilər mövcuddur”.
Bu fikrin əhəmiyyətini KİV dərhal dərk etmişdir və onu geniş yaymışdır. Bununla yanaşı, Azərbaycan liderinin vurğuladığı və müasir qlobal geosiyasətin bir nömrəli məsələsi olan xüsusiyyət ikinci bir məqamın fonunda daha vacib görünür. Prezident İlham Əliyev fikrinə davam edərək çox mühüm bir mesajı dünyaya çatdırmışdır. Azərbaycan dövlət başçısı demişdir ki, “Ona görə də fikir mübadiləsi, məlumat mübadiləsi aparmaq, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün hazır və daimi əlaqədə olmalıyıq ki, hədəfimizə maksimum dərəcədə çataq”.
Ayrı-ayrı regionlarda və bütövlükdə dünyada geosiyasi situasiyanın XXI əsrdə çox sürətlə dəyişdiyindən əksəriyyət bəhs edir. Bu çərçivədə “gözlənilməz ssenarilər” daha vacib və proqnostik aspekti olan fikir təsiri bağışlayır. Çünki burada artıq əksəriyyətin qəbul etdiyi geosiyasi dinamikanın mümkün praktiki nəticələri sferasına keçid vardır. Yəni dünya miqyasında (o cümlədən, regionlarda və regionlararası məkanda) vəziyyətin sürətlə inkişaf etməsinin hazırda ən aktual tərəfi gözlənilməz, lakin mümkün ola bilən ssenarilərin reallaşması ehtimalının yüksək olması ilə bağlıdır. Məsələnin siyasi-diplomatik fəaliyyət kontekstində önəmli cəhəti bununla əlaqəlidir.
Siyasi nəzəriyyə prizmasından baxsaq, məsələnin bu cür qoyuluşunun realpolitika baxımından əhəmiyyətini görə bilərik.
Birincisi, “gözlənilməz ssenari” həmişə özündə qeyri-müəyyənliyi, riskləri, öncədən nəticəni görməməyi və digər yayğın anlamları ehtiva edir. Dövlətçilik isə həmişə dəqiq, aydın, şəffaf, öncədən proqnozlaşdırıla bilən situasiyalara üstünlük verir. Gözlənilməz ssenarilər proseslərin mövcud gedişini poza bilir. Bu halda sonrakı vəziyyətin necə olacağı məlum olmur. Dövlət belə gedişlə “qapalı neqativ situasiyalara” düşə bilir. Yəni ölkə bir-birinin ardınca eyni neqativ şəraitə yuvarlanır. Belə mənzərə istənilən dövlətin müstəqilliyi və suverenliyini şübhə altına alır.
İkincisi, siyasətdə bütün hallarda son olaraq, ümumiyyətlə, aktiv siyasi aktorların fəaliyyətləri ciddi rol oynayır. Liderlər isə bu prosesdə daim aparıcı olurlar.
Deməli, təməldə gözlənilməz ssenarilərin yaranmasında siyasi liderlərin davranışları, sistemli fəaliyyətləri və həyata keçirdikləri konseptual kursların mahiyyəti həlledici rol oynayır. Buradan məntiqi olaraq üçüncü mühüm məqam meydana gəlir.
Üçüncüsü, gözlənilməz geosiyasi ssenarilərin meydana gəlməsində başqa faktorlardan öncə siyasi liderlərin öncədən görülə bilinməyən davranışları (unpredictable behavior of leaders) təsirli olur. Əslində, “öncədən görülə bilinməyən davranışlar” da “gözlənilməzlik” kateqoriyasının semantik sahəsinə daxildir.
Bu qısa nəzəri müqayisələrdən Azərbaycan Prezidentinin tarixi “Belqrad tezisi”nin əsas daxili məntiqi bağlılığı haqqında təsəvvür əldə edə bilərik.
Geosiyasətdə liderlik məsuliyyəti
Prezident İlham Əliyevin vurğulanan tezisində real vəziyyətin təqdimatı ilə ona liderlərin hansı münasibət göstərməsi semantik vəhdətdədir. Burada söhbət sadəcə iki fikrin bir-birini tamamlamasından getmir. Azərbaycan lideri fundamental məntiqi əlaqə səviyyəsində ifadə edir ki, hazırkı riskli, gözlənilməz ssenarilər birbaşa siyasi liderlərin aldıqları qərarlar, apardıqları siyasi kurslar və atdıqları praktiki addımlarla sıx bağlıdır. Bu, artıq müasir dünya siyasətinə fərqli yanaşmadır.
Çünki real geosiyasi mənzərə ilə siyasi liderlərin məsuliyyəti, etik keyfiyyətləri, konstruktiv psixoloji xüsusiyyətləri və bütün bunların vəhdət halında fəaliyyətdə özünü göstərməsi zərurəti ön plana çıxarılır. Məhz buna görədir ki, Azərbaycan Prezidenti gözlənilməz ssenarilərin fonunda “fikir mübadiləsi, məlumat mübadiləsi aparmaq, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün hazır və daimi əlaqədə olmalıyıq” müddəasını ayrıca vurğulayır. Və ardınca dərhal başlıca səbəbi ifadə edir: “hədəfimizə maksimum dərəcədə çataq”!
Azərbaycan Prezidentinin bu yanaşmasının əsas mahiyyəti və məramı vurğulanan xüsusiyyətlərdən alınır: gözlənilməz ssenarilərin üstünlük təşkil etdiyi geosiyasi situasiyalarda liderlik məsuliyyəti dövlətçilik və milli maraqlar kontekstində önə çıxmalıdır! Hər bir lider yalnız fərd olaraq bu istiqamətdə fəaliyyətlə kifayətlənməməlidir, çünki müasir dünya elədir ki, liderlik məsuliyyəti də artıq kollektiv məsuliyyət formasında müsbət nəticəverici ola bilər. Buradan ən azı 2 istiqamətdə çox mühüm qənaət əldə etmək mümkündür.
Birincisi, müasir geosiyasət “kollektiv liderlik məsuliyyəti” anlayışının semantik sahəsini müəyyən etmək zərurətini meydana çıxarır.
İkincisi, Azərbaycanın regionlararası miqyasda oyundəyişdirici gücə çevrilməsi, “iki dünya müharibəsi arasında sıxışdırılması”na baxmayaraq sülhyaradıcı olaraq qalması və sabitliyi təminetmədə başlıca regional güc olması, Bakının faktiki olaraq “regionun diplomatik paytaxtlarından biri” olması və digər nailiyyətlərin konseptual siyasi-diplomatik kökü aydın olur.
Deməli, Prezident İlham Əliyev bir qısa tezisdə əslində müasir siyasət üçün çox əhəmiyyətli olan və sistemli fəaliyyət tələb edən kursu ifadə etmişdir. Azərbaycan dövlətinin milli maraqları baxımından məsələnin bir neçə xüsusiyyəti üzərində dayanaq.
Kollektiv liderlik məsuliyyəti
Kollektiv siyasi liderlik dövlətlər alyansından, onların kollektiv fəaliyyətindən fərqlənir. Əlbəttə, dövlətlər kollektiv fəaliyyətə liderlərin kollektiv birgə səyləri sayəsində nail ola bilərlər. Bu anlamda dövlətlərin kollektiv fəaliyyətində lider faktoru prinsipial rol oynayır. Bu kontekstdə liderlərin kollektiv məsuliyyəti faktorunun da yeri və rolu vardır. Ancaq gözlənilməz ssenarilərin reallaşması ehtimalının yüksək olduğu bir dövrdə “kollektiv liderlik məsuliyyəti” yeni məna çalarları alır. Burada ön plana liderliyin fəzilətliyi məsələsi çıxır. Fəzilətlilik etik anlayışdır, lakin siyasətdə də onun təsiri böyük olur.
Xüsusilə, müasir qlobal geosiyasi dinamikanı tədqiq edən alimlər hesab edirlər ki, qlobal miqyasda beynəlxalq hüquq işləmirsə, böyük güclər əsas olaraq öz şəxsi maraqlarına üstünlük verirlərsə, bütün dünyada siyasi liderin şəxsi potensialı, onun psixoloji özəllikləri, kommunikabelliyi, rasional siyasi məqsədi ilə şəxsi diplomatik keyfiyyəti arasındakı nisbət kimi faktorlar başlıca rol oynamağa başlayır.
Bu baxımdan siyasi liderlər arasındakı münasibətlərin xarakteri bütövlükdə situasiyanı dəyişə bilər və dövlətlər arasında münasibətlərdə yeni mərhələnin əsasını qoyar. ABŞ prezidenti tez-tez dövlətlərarası münasibətlərdən danışarkən “dostumdur”, “yaxşı insandır”, “böyük hörmətim var” kimi ifadələri təsadüfən işlətmir. Bu onu göstərir ki, ABŞ kimi qüdrətli bir dövlət fəaliyyətində müasir beynəlxalq hüququn normalarını əsas götürmür. Əksinə, onlardan imtina edib, yeni normalar yaratmağa çalışır.
BMT faktiki olaraq rudimentdir. Digər böyük güclər də eyni məntiqlə hərəkət edirlər. Onilliklərdir ki, müxtəlif siyasi liderlər BMT-də islahatların zəruriliyindən bəhs edirlər. Ancaq real addımlar atılmır. İndi BMT baş verən hadisələrə gecikmiş reaksiya verən və hər dəfə də “üzü danlanan” quruma çevrilmişdir.
Belə alınır ki, müasir qlobal geosiyasətdə başlıca meyar mövcud hüquqi normalar, beynəlxalq münasibətlər sistemini əsas qəbul edib, onun fonunda fəaliyyət göstərməkdən ibarət deyildir. Belə bir mərhələdə hər bir dövlət üçün liderin gücü önə çıxır.
Bundan başqa, dövlətlərarası əlaqələrdə ortaq maraqların formalaşdırılması və qarşılıqlı etimadın əsas yer tutması kimi məsələlər də daha aktual olur. Lider hər bir situasiyada səmimi, xoşniyyətli və etibarlı olmalıdır. Fərdi olaraq liderin məsuliyyəti bu kimi şəxsi keyfiyyətlərin üzərində bərqərar ola bilər. Kollektiv liderlik məsuliyyətinin mənəvi və siyasi qaynağı bu məqamla əlaqəlidir.
Müharibələrlə əhatələnmiş region
Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionunun geosiyasi vəziyyəti kollektiv liderlik məsuliyyəti anlayışı prizmasında çox düşündürücü görünür. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “The National” nəşrinə müsahibəsində “Azərbaycan özünü İran və Rusiya arasında “iki dünya müharibəsi arasında” sıxılmış kimi hiss edir” deməsi, Prezident İlham Əliyevin yuxarıda vurğuladığımız konseptual xarakterli fikirlərinin məntiqi nəticələrindən biridir. Həmin kontekstdə “Vəziyyət proqnozlaşdırılmazdır və bununla əlaqədar yarana biləcək bütün təhdid və çağırışları düzgün qiymətləndirmək çətin olacaq” (H.Hacıyev) ümumiləşdirməsi Azərbaycan dövlət başçısının irəli sürdüyü tarixi tezisin semantikasından gəlinən qənaətdir.
Bunlar Azərbaycanla bağlı konkret geosiyasi mənzərənin 2 aspektini aktuallaşdırır. Birincisi, Azərbaycan ölkə olaraq iki təhlükəli müharibə arasında qalmamaq üçün hansı addımları ata bilər?
İkincisi, bu işdə Azərbaycan müttəfiqləri və tərəfdaşları ilə birgə (kollektiv məsuliyyətdən yaranan kollektiv fəaliyyət) hansı kursu reallaşdıra bilər?
Özlüyündə hər iki aspekt üzrə rəsmi Bakının artıq kifayət qədər uğurlu təcrübəsi vardır. Azərbaycan lideri Rusiya və İran istiqamətlərində elə siyasət yeridir ki, onlar, hər şeydən öncə, İlham Əliyevin etibarına, söz bütövlüyünə, ədalətliliyinə və qarşılıqlı faydalı əməkdaşlığa səmimi hazır olmasına tam inanırlar. Rusiya və İran tərəfdən olan bir sıra qərəzli hərəkətlərin qarşısını ilk növbədə məhz Azərbaycan liderinin ədaləti, səmimiyyəti və qarşılıqlı faydalı əməkdaşlığa hazırlığı alır. Rusiya indi Azərbaycanın strateji müttəfiqidir, İran rəhbərliyi isə son zamanlar Prezident İlham Əliyevin mövqeyinə uyğun olan münasibətlər göstərməkdədir.
Burada Azərbaycan liderinin davamlı olaraq həyata keçirdiyi konstruktiv regional əməkdaşlıq platformalarını ayrıca vurğulamaq lazımdır. Onların heç birindən nə Rusiya, nə də İranın kənarda saxlanması elementi yoxdur. Əksinə, hər 2 böyük qonşunun Azərbaycanın təşəbbüsü olan müxtəlif layihələrdə geniş iştirakı diqqətdə saxlanılır, onlar dəvət edilirlər. Lakin Tehran və Moskvanın bu xoşniyyətli və faydalı təşəbbüslərə necə yanaşmaları özlərindən asılıdır.
Məsələn, “3+3”də, enerji resurslarının daşınmasında, müxtəlif iqtisadi layihələrdə və ya Zəngəzur dəhlizinin işlənməsində Moskva və Tehran Azərbaycan tərəfdən həmişə diqqətə alınmışdır və indi də dəyişən bir məqam yoxdur.
Bütün bunlar bir liderin şəxsi keyfiyyətləri - kreativ fəaliyyət potensialı, səmimi, ədalətli və xoşniyyətli addımları ilə fərdi məsuliyyətinin yüksək olduğunu aydın göstərir. Bu ciddi faktordur və təcrübə göstərir ki, Rusiya və İran rəhbərliyinə əsaslı təsir etməkdədir! Məhz buna görə də hər iki dövlətin müharibə alovu içərisində və Qərblə böyük ixtilafda olmalarına baxmayaraq, Azərbaycana qarşı hər hansı ciddi pozucu addım atmırlar.
Eyni zamanda, hər iki ölkə rəhbərliyinin dolayısı ilə dövlətimizin maraqlarına uyğun olmayan müəyyən təxribatçı davranışlar da etdiyini inkar etmək olmaz. Həm də reallıq ondan ibarətdir ki, geosiyasi, siyasi, hərbi, informasiya, təhlükəsizlik kontekstində hər şeyin Azərbaycandan asılı olduğunu düşünmək sadəlövhlük olardı. Məhz buradan Prezident İlham Əliyevin ifadə etdiyi anlamda liderlərin kollektiv məsuliyyəti anlayışının nəzəri-konseptual və praktiki aspektlərinin sintezinin zərurəti aydın görünür.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

