Vaşinqton Bakı ilə İrəvanı barışdırır, Brüssel isə hələ də aralıqdan çıxmır

post-img

Finland polis zabiti neytrallığa və sülhə dəstək göstərə biləcəkmi?

Avropa İttifaqı Şurası fevralın 17-də Satu Koyvunu Aİ-nin Ermənistandakı Müşahidə Missiyası – EUMA-nın rəhbəri vəzifəsinə təyin edib. “Armenpress”in verdiyi xəbərə görə, bu barədə Aİ Şurası məlumat yayıb. S.Koyvu vəzifə səlahiyyətlərinin icrasına 2026-cı il fevralın 20-dən etibarən başlayacaq və missiyanın əvvəlki rəhbəri Markus Ritteri əvəz edəcək.

Aİ Şurasının açıqlamasında o da vurğulanır ki, mülki missiya Aİ-nin Cənubi Qafqaz regionunda sülhün və sabitliyin dəstəklənməsi istiqamətində səylərinin mühüm tərkib hissəsidir: “Missiyanın məqsədi Ermənistan–Azərbaycan sərhədinin Ermənistan tərəfində vəziyyətin yerində monitorinqini aparmaq və bu barədə məlumat vermək, həmçinin, həmin ərazilərdə təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyət göstərməkdir”.

DOSYE: Satu Koyvu Finlandiya polisinin yüksək rütbəli zabitidir. O, milli və beynəlxalq səviyyədə 35 ildən artıq iş təcrübəsinə malikdir. Koyvu BMT və Avropa İttifaqının Fələstin ərazilərində, Ruandada, Namibiyada və Kiprdə fəaliyyət göstərən missiyalarında rəhbər vəzifələrdə çalışıb və geniş beynəlxalq idarəçilik təcrübəsi qazanıb. O, BMT-nin Kiprdəki sülhməramlı qüvvəsi olan UNFICYP-də baş polis müşaviri və BMT polis komponentinin rəhbəri vəzifəsində işləyib. Sonuncu təyinatadək o, Finlandiya Milli Polis İdarəsində, ölkənin ikinci böyük şəhəri olan Espoo şəhər polisinin insan resursları şöbəsinin rəisi vəzifəsində xidmət edib.

Qeyd edək ki, Aİ-nin adı mülki olsa da, özü yarımhərbi şəxslərdən, keçmiş polis əməkdaşlarından ibarət olan müşahidə missiyası 2023-cü ilin fevral ayında 100 müşahidəçi ilə iki il müddətinə Ermənistanda yerləşdirilib. 2023-cü ilin dekabr ayında Aİ Xarici İşlər Nazirləri Şurası missiyanı 209 müşahidəçiyə qədər genişləndirmək qərarına gəlib. Daha sonra Kanadadan bir nümayəndə də missiyaya qoşuldu və buna cavab olaraq rəsmi Bakı haqlı olaraq EUMA-nın NATO missiyasına çevrildiyini elan edib. 2025-ci il yanvarın 30-da Aİ Şurası missiyanın mandatının daha iki il müddətinə, yəni 2027-ci il fevralın 19-dək uzadılması barədə qərar qəbul edib. Missiya Ermənistan–Azərbaycan sərhədində patrul xidməti həyata keçirir, təhlükəsizlik sahəsində vəziyyəti monitorinq edir və yerindəki durum barədə məlumatlandırma aparır. EUMA-nın baş ofisi Yexeqnadzorda yerləşir və Cermuk, Yexeqnadzor, Martuni, Qafan, Gorus və İcevanda da 6 məntəqəsi var.

* * *

Rəsmi İrəvan indiyədək birmənalı şəkildə Aİ-nin mülki missiyasının münaqişədən zərər çəkmiş Ermənistan bölgələrində əhalinin təhlükəsizliyinin təmin olunmasına və yerlərdə etimad mühitinin möhkəmləndirilməsinə xidmət etdiyini bildirirdi. Ancaq hazırda bölgədə vəziyyət köklü şəkildə dəyişib. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş paraflanıb. Bununla da regionda keyfiyyətcə yeni mərhələnin əsası qoyulub. Sənədin VII maddəsində tərəflərin qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəkləri qeyd olunub. Eyni zamanda, tərəflərin sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəkləri əksini tapıb. Bu mənada, Aİ Şurasının EUMA-ya yeni rəhbər təyin etməsi regionda formalaşmış reallıqlar fonunda müzakirə doğuran qərardır. Çünki son altı ayın faktiki mənzərəsi göstərir ki, sərhəddə atəşkəs pozuntuları qeydə alınmır, genişmiqyaslı insidentlər baş vermir və ümumilikdə nisbi sabitlik mövcuddur. Vaşinqton sazişi isə bu sabitliyi siyasi-hüquqi müstəviyə daşıyaraq regionda keyfiyyətcə yeni mərhələnin əsasını qoyub.

Belə bir şəraitdə haqlı sual yaranır: əgər sərhəddə real eskalasiya riski müşahidə olunmursa və tərəflər birbaşa dialoq, delimitasiya və demarkasiya prosesinə kökləniblərsə, o zaman üçüncü tərəf missiyasının əvvəlki formatda fəaliyyətinə nə dərəcədə ehtiyac qalır? Üstəlik, qeyd etdiyimiz kimi, paraflanmış sülh sazişinin müvafiq maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü qüvvəni yerləşdirməmək öhdəliyi açıq şəkildə əksini tapıb. Bu müddəa regionda təhlükəsizlik arxitekturasının artıq kənar aktorların iştirakı ilə deyil, məhz Bakı ilə İrəvan arasında razılaşdırılmış mexanizmlər əsasında qurulmalı olduğunu göstərir. Bu baxımdan, Aİ Şurasının missiyaya yeni rəhbər göndərmək əvəzinə, onun mandatına yenidən baxması və mərhələli şəkildə fəaliyyətinə xitam verilməsi məsələsini gündəmə gətirməsi daha məntiqli görünərdi. Çünki sülh sazişindən sonra prioritet qarşılıqlı etimadın birbaşa mexanizmlərlə möhkəmləndirilməsi, sərhəd təhlükəsizliyinin isə ikitərəfli razılaşdırılmış tədbirlər vasitəsilə təmin olunmasıdır. Xarici müşahidə institutunun uzunmüddətli qalması isə regionun daxili məsuliyyət modelinə keçidini ləngidə bilər.

Digər tərəfdən, reallıq ondan ibarətdir ki, Aİ Şurası fərqli qərar verib, missiyanın fəaliyyətini davam etdirmək niyyətini nümayiş etdirir. Bu halda əsas məsələ yeni rəhbərin yanaşması olacaq. Satu Koyvunun peşəkar təcrübəsi genişdir və onun fəaliyyətinin sırf mülki mandat çərçivəsində, neytral və balanslı şəkildə qurulması vacibdir. Əvvəlki rəhbər Markus Ritterin dövründə missiyanın bəzi açıqlamaları və davranışları regionda birmənalı qarşılanmırdı, zaman-zaman tərəfsizliklə bağlı suallar doğururdu. Yeni mərhələdə belə həssas məqamlar xüsusilə nəzərə alınmalıdır. S.Koyvudan əsas gözlənti ondan ibarətdir ki, o, missiyanın fəaliyyətini siyasi ritorikadan uzaq, texniki və obyektiv müstəvidə qursun. O, sərhəddə formalaşmış nisbi sabitliyi risk altında göstərmək əvəzinə, mövcud sülh mühitini təşviq edən yanaşma sərgiləməlidir. Missiyanın fəaliyyəti tərəflər arasında birbaşa dialoqa kölgə salmamalı, əksinə, qarşılıqlı etimadın möhkəmlənməsinə dolayı töhfə verməlidir. Yeni rəhbər anlayış nümayiş etdirməlidir ki, region artıq postmünaqişə deyil, postsaziş mərhələsindədir. Bu isə davranış və ritorikanın da dəyişməsini tələb edir. Koyvu üçün ən doğru xətt sülh sazişinin ruhuna hörmətlə yanaşmaq və fəaliyyətini həmin çərçivəyə uyğunlaşdırmaqdır. Yalnız bu halda Aİ missiyası bərqərar olmuş sülhün möhkəmlənməsinə real və müsbət töhfə verə bilər.

Nəhayət, Aİ missiyası həqiqətən, sülhə töhfə vermək iddiasındadırsa, o zaman onun fəaliyyəti Vaşinqton sazişinin ruhuna uyğunlaşdırılmalı, tərəflər arasında birbaşa qurulan etimad mexanizmlərinə kölgə salmamalıdır. Əks halda, formal olaraq mülki xarakter daşısa da, missiyanın mövcudluğu siyasi mübahisə predmetinə çevrilə bilər. Region artıq postmünaqişə mərhələsindən postsaziş mərhələsinə keçid edir. Bu mərhələdə əsas söz və məsuliyyət iki dövlətə məxsusdur. Xarici aktorların rolu isə təşviqedici və tamamlayıcı xarakter daşımalı, birbaşa təhlükəsizlik komponentinə alternativ kimi çıxış etməməlidir. Buna görə də Aİ missiyasının gələcək fəaliyyəti yeni reallıqlara adekvat şəkildə yenidən qiymətləndirilməlidir.

Səxavət HƏMİD
XQ

Siyasət