30 illik qarşıdurmanın ağrılarını yaşayan cəmiyyətlər psixoloji sədləri tədricən aşacaqlar
İrəvanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli “dəyirmi masa” öz işini davam etdirir. Yerli medianın yaydığı məlumata görə, təşəbbüs çərçivəsində İrəvanda düzənlənən görüşlər bu gün də davam edib. Belə görüşlərin regionda etimad mühitinin yaradılması üçün hər iki tərəfdən ictimai fəalların bir araya gəldiyi şəffaf platforması rolunu oynadığı şəksizdir.
ARAYIŞ: Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ilk görüş 2025-ci il oktyabrın 22-də İrəvanda keçirilib. Sonra Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup noyabrın 21-də Azərbaycan paytaxtına səfər edib. Bu, “Sülh körpüsü” təşəbbüsü çərçivəsində baş tutan üçüncü dialoqdur.
Ötən ilin oktyabrında İrəvan görüşündə qarşıdakı 6 ay ərzində vətəndaş cəmiyyəti nümayəndələrinin məlumatlandırılması istiqamətində görüləcək işlər, ekspertlər və media sektorunda əməkdaşlıq məsələləri müzakirə edilmiş, konkret istiqamətlər üzrə layihələrin həyata keçirilməsi üçün hazırlıq işlərinə başlanılması təsdiqlənmişdi. Dörd ay bundan əvvəl bu barədə XQ-yə açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov bunları demişdi: “Təşəbbüs təkcə qrupun beş üzvünün deyil, həm də daha çox sayda vətəndaş cəmiyyəti nümayəndələrinin gələcək görüşünü nəzərdə tutur”.
Beləliklə, o zaman əldə olunan razılaşmalar tədricən həyata keçirilir. Fevralın 13-dən 19 nəfərlik Azərbaycan nümayəndə heyəti ikitərəfli dəyirmi masa görüşündə iştirak etmək üçün Ermənistandadır. Nümayəndə heyətimizin İrəvan təmaslarına keçməzdən əvvəl vacib bir məqama toxunmaq istərdik. Bizim QHT nümayəndələrimiz qonşu ölkəyə bundan əvvəlki səfərdə olduğu kimi, hava yolu ilə, təyyarədə deyil, bu dəfə Azərbaycanın Aşağı Əskipara və Ermənistanın Voskepar kəndi yaxınlığındakı quru sərhədin delimitasiya və demarkasiya olunmuş hissəsindən keçib gəliblər. Bu fakt iki ölkə arasında “de-fakto” sülhün bərqərar olmasının daha bir göstəricisi, vizual sübutudur. Bu fakt, həmçinin Bakının münaqişə başa çatandan dərhal sonra irəli sürdüyü, sülh gündəliyi sayəsində mümkünə çevrilir. Əslində, bu keçid iştirakçılar tərəfindən etimadın möhkəmləndirilməsi istiqamətində atılan praktiki addım, iki ölkə arasında normallaşma prosesinin daha bir bariz göstəricisi sayıla bilər.
***
Bəli, iki ölkə, iki xalq arasında çoxlu qanların axıdıldığı, minlərlə canın qurban verildiyi müharibədə, ilk baxışda, bütün körpülərin yandırıldığı təsəvvürü yarana bilər. Amma geriyə dönüş, düşmənçiliyə son qoymaq, əvvəlki təmasları bərpa etmək üçün körpülərin bərpası qaçılmaq olduğu qədər həm də mümkün imiş. Tarixi Vaşinqton sammitindən sonra Azərbaycan tərəfi dünyanın bir nömrəli ofisində imzalanmış anlaşmaların praktiki həyata keçirilməsi istiqamətində ardıcıl addımlar atmaqda davam edib. O cümlədən, Azərbaycan öz ərazisindən Ermənistana yüklərin daşınmasına qoyulan qadağanı aradan qaldırdı ki, bu da Qazaxıstan və Rusiyadan qonşu ölkəyə taxılın, yanacağın çatdırılması prosesini sadələşdirməyə kömək etdi. Bunun Ermənistan iqtisadiyyatına əhəmiyyətli təsir göstərdiyini ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan da təsdiqləyib .O, İctimai Televiziyaya müsahibəsində Ermənistanın Azərbaycan yanacağının idxalı sayəsində təxminən 2,6 milyon dollara qənaət etdiyini təsdiqləyib.
Ermənistan baş nazırı Nikol Paşinyanın isə ötən il dekabrın 21-də Avrasiya İqtisadi Şurasının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş iclasında sülhə və əməkdaşlığa doğru atdığı addımlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirməsi dünyanın ən nüfuzlu media portallarında yayımlandı: “Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin qarşısının alınması, eləcə də ikitərəfli ticarətin başlanması üçün şəraitin yaradılması qərarına görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığımı bildirirəm. Bu, regionda sülhün və sabitliyin bərqərar olunmasında ilk mühüm nailiyyətlərdən biridir”.
Əlbəttə ki, iqtisadi və siyasi aspektlərdə gedən normallaşma prosesini iki xalq arasında uzun illər formalaşmış psixoloji səddin aşılması, etimad səviyyəsinin yüksəldilməsi kimi yardımçı amillər də müşayiət etməlidir. Hər iki ölkənin cəmiyyətlərində “Sülh körpüsü” bu missiyanı uğurla həyata keçirir, bunu İrəvanda davam edən “dəyirmi masa”nın ilkin nəticələri də sübut edir. Dünən “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb. O, bu formatda ikitərəfli təmasların qarşılıqlı etimadın möhkəmləndirilməsində və mehriban qonşuluq münasibətlərinin inkişafında mühüm rol oynadığını vurğulayıb, həmçinin iştirakçıların suallarını cavablandırıb. Fevralın 14-də keçirilən müzakirələrdə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan da iştirak edib. Müzakirələr zamanı iştirakçılar 2025-ci il avqustun 8-də Vaşinqton sammitində müəyyən edilmiş sülh gündəliyindən irəli gələn məsələlərə, həmçinin qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin roluna toxunublar.
Bu məqamda Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı zamanı “France 24” telekanalına müsahibəsində dediyi sözləri xatırlatmağımız yerinə düşər: “...Bu tarixi sənədin Ağ Evdə– yeri gəlmişkən, Birgə Bəyannaməni də şahid qismində imzalayan ABŞ Prezidentinin iştirakı ilə – imzalanması münaqişənin başa çatması deməkdir və biz əbədi olacağına ümid etdiyim sülh dövrünə qədəm qoyduq. O vaxtdan altı aydan çox vaxt keçir və Ermənistanla sərhəddə vəziyyət sakitdir. Artıq atışma, itki, xəsarət alan yoxdur”.
***
Azərbaycan nümayəndə heyətinin İrəvana səfəri iki ölkənin qarşılıqlı addımlar atmaq və müəyyən qarşılıqlı əlaqələr yaratmaq niyyətinin ciddi olmasından xəbər verir. İndiyədək ölkə liderləri səviyyəsində kifayət qədər qarşılıqlı addımlar atıldığı üçün artıq vətəndaş cəmiyyətinin sülh prosesinə qoşulmasındam ötrü lazımi şərait və mühit formalaşdırılıb. Vətəndaş cəmiyyəti təmsilçilərinin vasitəçi olmadan, yalnız öz hökumətlərinin dəstəyi ilə görüşüb-danışması sülh gündəmi üçün vacib amil sayılır. Vasitəçisiz, müstəqil şəkildə təşkil edilən görüşlər sülh prosesinin tərəflərində əlavə məsuliyyət yaradır, daha geniş təmaslara təkan verir. Ən vacib məqam isə bu görüşün Vaşinqtonda əldə olunan 8 avqust razılaşmalarının həyata keçirilməsi istiqamətində atılan praktiki addımların davamı olmasıdır.
Bəli, iki qonşu ölkənin və xalqın sülh şəraitində yaşaması zəruri olduğu kimi, düşmənçiliyin də əbədi davam etməyəcəyi faktı qəbul edilməlidir. İntəhası, 30 ildən uzun müddətdə müharibə şəraitində yaşayan xalqların aldıqları mənəvi-psixoloji zərbələrin yaratdığı yaraların sağalması zaman və səbr tələb edən prosesdir. Buna görə hər iki cəmiyyətin sülh və dinclik şəraitində birgə yaşamasına hökumətlərin təşviqi ilə məhz vətəndaş cəmiyyəti institutlarının verdiyi dəstək olduqca əhəmiyyətlidir. Sülh körpülərinin inşasına dəstək verən vətəndaş cəmiyyətlərinin əsas missiyası ictimaiyyət nümayəndələri arasında ünsiyyətin qurulması, qarşılıqlı etimadın möhkəmləndirilməsidir. Rəsmi Bakı və İrəvanın bu yöndə atdıqları birgə addımları, intyensivləşən və inkişaf edən dialoq mühiti bölgədə möhkəm sülhə və tərəqqiyə verilən real və əməli töhfələrdir.
İmran BƏDİRXANLI
XQ

