Qlobal siyasətdə qalmaqallar adətən konkret adlar və sensasiya yaradan detallar üzərində qurulur. Lakin bəzi sənədlər var ki, onların əhəmiyyəti daha geniş kontekstdə qiymətləndirilir. Epşteyn sənədlərinin üzə çıxan son dəsti də məhz belə materiallardan hesab olunur. İlk baxışdan sənədlərdə əks olunan yazışmalar növbəti siyasi qalmaqal təsiri bağışlayır.
Məsələni yalnız fərdlərin reputasiyası və ya mümkün hüquqi məsuliyyəti çərçivəsində qiymətləndirmək onu həddən artıq sadələşdirmək olardı. Çünki sözügedən materiallar daha dərin və sistemli bir problemi, Avropa siyasətinin xarici təsir cəhdlərinə nə dərəcədə açıq olduğunu yenidən gündəmə gətirir. Söhbət siyasi proseslərin kənar maliyyə, ideoloji koordinasiya və strateji yönləndirmə vasitəsilə formalaşdırılması ehtimalından gedir. Əgər yazışmalarda əksini tapan planlar və niyyətlər siyasi praktikaya çevrilmək potensialına malikdirsə, bu, artıq bütövlükdə Avropa İttifaqının demokratik arxitekturası üçün risk anlamına gəlir.
İngiltərənin “Guardian” nəşrinin yayımladığı məqalədə qeyd olunur ki, Epşteyn sənədləri amerikalı sağçı populist, siyasi aktivist Stiv Bennonun 2018–2019-cu illərdə Avropada ifrat sağçı və avroseptik qüvvələri vahid platformada birləşdirmək üçün intensiv fəaliyyət göstərdiyini üzə çıxarıb. Onun İtaliya, Fransa, Almaniya kimi ölkələrdə siyasi partiyalarla əlaqələri, Brüsseldə millətçi blok formalaşdırmaq cəhdləri, xüsusilə Avropa Parlamenti seçkiləri ərəfəsində maliyyə toplamaq planları həmin dövrdəki siyasi şəbəkəni ifşa edir. Bennon bununla Avropa miqyasında qərarvermə balansını dəyişmək məqsədi güdürdü. Sənədlərdə Matteo Salvini və Marin Le Pen kimi fiqurların adlarının hallanması onun Avropa miqyasında ideoloji ittifaqlar qurmaq niyyətini göstərir. Hərçənd ki Epşteynin konkret olaraq hansısa partiyanı maliyyələşdirdiyinə dair sübut yoxdur və birbaşa əlaqələr təsdiqlənməyib, mesajların məzmunu maliyyə resurslarının siyasi məqsədlər üçün istifadəsini gündəmə gətirir. Bu isə sual yaradır ki, transmilli maliyyə və strateji koordinasiya ilə qurulan siyasətin demokratik legitimliyi hansı səviyyədədir?
Məsələnin mərkəzində ayrı-ayrı siyasətçilərin mümkün təsir mexanizmi dayanır. Əgər bir lobbiçi Avropanın müxtəlif ölkələrindəki populist qüvvələri vahid mərkəzdən koordinasiya etməyə çalışırsa, bu, sırf milli siyasi proses kimi dəyərləndirilməməlidir. Çünki Aİ-nin qərarvermə mexanizmi üzv dövlətlərin daxili siyasi balansına əsaslanır. Həmin balans kənar təsirlə dəyişdirilirsə, nəticədə Brüsseldə qəbul olunan qərarlar da dolayı yolla xarici şəbəkələrin maraqlarını əks etdirə bilər. Sözsüz ki, belə mexanizmlər açıq müdaxilə formasında olmur. Adətən qeyri-rəsmi əlaqələr, şəxsi görüşlər və siyasi məsləhətçi şəbəkələri vasitəsilə fəaliyyət göstərirlər. Bu baxımdan, məsələ daha çox struktur zəifliklərə diqqət yetirməyi tələb edir.
Yeri gəlmişkən, Avropa ölkələrində partiyaların maliyyələşməsi ilə bağlı qanunvericilik eyni deyil. Bəzi dövlətlərdə nəzarət mexanizmləri daha sərt və institusional baxımdan güclü, digərlərində isə daha elastik və geniş interpretasiyaya açıqdır. Mövcud fərqlər isə istər-istəməz transmilli təsir şəbəkələri üçün potensial boşluqlar yaradır. Xüsusilə Avropa Parlamenti seçkiləri kimi ümumittifaq miqyaslı proseslər ərəfəsində xarici maliyyə və strateji koordinasiya cəhdləri Aİ-nin siyasi arxitekturasına birbaşa təsir potensialına malikdir. Brüsseldə güclənən hər hansı ideoloji blok İttifaqın sanksiya siyasətini, miqrasiya strategiyasını, təhlükəsizlik gündəmini və inteqrasiya perspektivlərini dəyişə bilər. Bu isə artıq qitəmiqyaslı qərarvermə mexanizminin istiqamətinin dəyişməsi kimi xarakterizə olunur.
Fransa və Almaniyada hallanan adlar göstərir ki, əlaqələr, sadəcə ifrat sağ spektri ilə məhdudlaşmır. Diplomatik, mədəni və iqtisadi dairələrin nümayəndələrinin də yazışmalarda yer alması təsirin daha geniş elit şəbəkə üzərindən qurula biləcəyini ehtiva edir. Bu cür əlaqələr formal siyasi ittifaqlardan daha çevik və daha az görünən kanallar yaradır. Ofşor şirkətlər (sahibinin və ya əsas fəaliyyətinin olduğu ölkədən kənarda, adətən aşağı və ya sıfır vergi tətbiq edilən yurisdiksiyada qeydiyyatdan keçirilmiş şirkətlər), şəxsi iqamətgahlardakı görüşlər, qeyri-rəsmi məsləhətləşmələr siyasi təsirin formal institutlardan kənar kanallarla həyata keçirilə biləcəyindən xəbər verir. Belə təsirlər resursların, əlaqələrin və strateji məsləhətlərin paylaşılması yolu ilə reallaşır. “Yumşaq güc” kimi xarakterizə edilən model çox vaxt hüquqi məsuliyyət zonasından kənarda qalır.
Əfsuslar olsun ki, sözügedən yanaşma müasir qlobal siyasətdə daha çox tətbiq olunur. Dövlətlərdən əlavə, biznes elitaları, ideoloji qruplar və fərdi aktorlar formal diplomatiyadan kənar şəbəkələr quraraq təsir imkanlarını genişləndirirlər. Belə şəbəkələr isə müxtəlif siyasi sistemlərin daxili müdafiə mexanizmlərini sınağa çəkir. Demokratik legitimlik məsələsi də məhz burada aktuallaşır. Çünki demokratiya anlıyışı həm də seçkilərin maliyyə və informasiya baxımından müstəqil olması ilə ölçülür. Əgər ictimaiyyət siyasi proseslərin arxasında maliyyə və təsir şəbəkələrinin dayandığına inanırsa, cəmiyyətdə etimad zəifləyir. Etimadın azalması isə siyasi sistem üçün ikiqat riskdir. Bir tərəfdən, institutlara inam sarsılır, digər tərəfdən isə populist qüvvələr üçün münbit zəmin yaranır. Xarici təsir iddiaları şəffaf və institusional çərçivədə araşdırılmadıqda, narrativ daha da güclənir və siyasi qütbləşmə dərinləşir.
Bir məqamı da qeyd edək ki, Epşteyn sənədləri hüquqi hökm kimi deyil, daha çox xəbərdarlıq siqnalı kimi qəbul olunmalıdır. Əgər Avropa siyasi suverenliyini qorumaq istəyirsə, partiya maliyyələşməsi üzərində daha vahid və şəffaf nəzarət mexanizmləri formalaşdırmalı, transmilli siyasi lobbiçiliyin hüquqi çərçivəsini daha aydın şəkildə müəyyənləşdirməli və əlaqələr sistemində hesabatlılığı gücləndirməlidir. Əks halda, “qoca qitə”nin qərarvermə prosesləri qlobal şəbəkələrin kölgəsində qala bilər.
Nəzrin ELDARQIZI
XQ

