Son 5 ildə Azərbaycanın regionda və beynəlxalq arenada qazandığı uğurları bu ifadə dəqiq əks etdirir
Post-müharibə mərhələsi Azərbaycan üçün status-kvonun beynəlxalq sistem tərəfindən qəbul etdirilməsi prosesidir. Hərbi qələbənin siyasi nəticəyə çevrilməsi isə ardıcıl diplomatik fəaliyyət, normativ çərçivənin düzgün qurulması və diskurs üzərində nəzarət tələb edir. Rəsmi Bakı məhz bu məqamda fərqli strateji davranış nümayiş etdirdi: məsələni emosional qalibiyyət ritorikasından çıxararaq hüquqi-siyasi müstəviyə daşıdı.
Ən mühüm dəyişiklik beynəlxalq leksikonda baş verdi. Uzun illər “Dağlıq Qarabağ münaqişəsi” kimi təqdim olunan problem mərhələli şəkildə “post-münaqişə nizamlanması” anlayışı ilə əvəzlənməyə başladı. Münaqişənin artıq mövcud olmadığı fikri praktiki addımlarla möhkəmləndirildi: suverenliyin bərpası, inzibati idarəetmənin tətbiqi, hüquqi mexanizmlərin işlədilməsi və beynəlxalq aktorlarla bu reallıq əsasında dialoqun qurulması.
Azərbaycan daha mürəkkəb, lakin daha effektiv yol seçdi. Hərbi nəticənin doğurduğu hüquqi vəziyyət ön plana çıxarıldı. Post-müharibə reallığının formalaşdırılması eyni zamanda qarşı tərəfin manevr imkanlarını da daraltdı. Münaqişə ritorikasının aktuallığını itirməsi Ermənistanın və onun dəstəkçilərinin beynəlxalq platformalarda əvvəlki diskursdan istifadə imkanlarını zəiflətdi. “Status”, “vasitəçilik” və “keçid dövrü” kimi anlayışlar tədricən gündəmdən çıxdı, onların yerini sərhədlər, suverenlik və regional əməkdaşlıq kimi daha konkret və hüquqi kateqoriyalar aldı.
Prosesin siyasi mahiyyəti ondan ibarətdir ki, Azərbaycan öz qələbəsini dinamik siyasi reallığa çevirdi. Post-münaqişə mərhələsi aktiv nizamlanma dövrü kimi təqdim olundu. Qalib dövlət statusuna baxmayaraq, rəsmi Bakı, eyni zamanda, regional sülh təşəbbüslərinin müəllifi kimi çıxış edir. Qalib dövlətlərin ənənəvi davranış modeli adətən üstünlük mövqeyinin qorunması və diktəedici ritorika üzərində qurulur. Azərbaycan isə post-müharibə mərhələsində bu klassik şablonu qıraraq fərqli siyasi xətt seçdi. Rəsmi Bakı hərbi-siyasi üstünlüyü status kvo kimi dondurmaq əvəzinə, onu sülh təşəbbüskarlığına çevirdi.
Sülh təşəbbüslərinin müəllifi olmaq Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə dəyişdirdi. Bakı müzakirə olunan mövzuların çərçivəsini özü müəyyənləşdirməklə həm gündəliyi, həm də terminologiyanı formalaşdırdı. Sülh müqaviləsi, qarşılıqlı tanınma, sərhədlərin delimitasiyası kimi anlayışlar artıq təşəbbüs xarakterli mövqedən irəli sürüldü. Belə bir xəttin siyasi çəkisi ondan ibarətdir ki, Azərbaycan güc faktorunu hüquqi mexanizmlərlə çərçivələndirdi. Gücün hüquqla legitimləşdirilməsi modeli müasir beynəlxalq münasibətlərdə ən dayanıqlı davranış forması hesab olunur. Çünki bu halda dövlət normativ haqlılığa istinad edir. Bakı məhz bu normativ haqlılığı formalaşdıraraq öz mövqeyini uzunmüddətli müstəviyə daşıdı.
Sülh təşəbbüskarlığı, eyni zamanda, Azərbaycanın məsuliyyətli regional aktor imicini möhkəmləndirdi. Qalib tərəfin barışıq çağırışları beynəlxalq auditoriyada sabitlik axtarışı kimi oxundu.
Azərbaycan, eyni zamanda, çoxvektorlu xarici siyasət kursunu seçərək Qərb, Rusiya, Türkiyə, Çin, İslam dünyası və Qoşulmama Hərəkatı xəttlərini bir-birinə qarşı qoymadan paralel və çevik şəkildə idarə edir. Müasir beynəlxalq münasibətlər sistemində çoxvektorlu siyasət geosiyasi zərurətdir. Lakin bu yanaşmanın uğuru onu institusional mexanizmlərə çevirməklə ölçülür. Azərbaycanın son illərdə fərqləndiyi əsas məqam da məhz budur: balans siyasəti davamlı dövlət xətti formasını alıb.
Rəsmi Bakı Qərb, Rusiya, Türkiyə, Çin, İslam dünyası və Qoşulmama Hərəkatı ilə münasibətləri bir-birini bir-birini tamamlayan istiqamətlər kimi qurur. Çoxvektorlu xəttin institusionallaşması onun şəxslərdən və konyunkturadan asılı olmamasında özünü göstərir. Müxtəlif beynəlxalq formatlarda paralel iştirak, ikitərəfli və çoxtərəfli mexanizmlərin eyni vaxtda işlədilməsi, regional və qlobal platformalarda aktivlik bu siyasətin artıq idarə olunan sistemə çevrildiyini sübut edir.
Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Bakı böyük güclər arasında qarşıdurma dərinləşdiyi bir dövrdə tərəf seçmək məcburiyyətinə düşməmək üçün diplomatik çevikliyini qoruyur. Qərblə enerji və təhlükəsizlik dialoqu davam etdiyi halda, Rusiya ilə regional sabitlik məsələləri üzrə əlaqələr saxlanılır, Türkiyə ilə strateji müttəfiqlik dərinləşdirilir, Çinlə iqtisadi və logistika əməkdaşlığı genişləndirilir, İslam dünyası və Qoşulmama Hərəkatı çərçivəsində isə siyasi dəstək bazası möhkəmləndirilir. Müxtəlif mərkəzlərlə əməkdaşlıq edən, lakin heç birinin orbitinə daxil olmayan dövlət imici Bakıya əlavə manevr imkanları verir.
Nəqliyyat, enerji və logistika layihələri (Şərq–Qərb, Şimal–Cənub) ölkəni geoiqtisadi körpü statusuna yüksəldib. Rəsmi Bakı üçün kommunikasiya xətlərinin açılması və işlək mexanizmə çevrilməsi strateji təsir alətidir. Nəqliyyat, enerji və logistika təşəbbüsləri Azərbaycanın regional sistemdə yerini dəyişdirərək onu periferiyadan mərkəzə doğru çəkib.
Şərq–Qərb və Şimal–Cənub dəhlizləri qarşılıqlı asılılıq yaradan siyasi platformalar kimi çıxış edir. Burada əsas fərq ondan ibarətdir ki, Azərbaycan kommunikasiya layihələrini müstəqil strateji baxış əsasında formalaşdırır. Xarici aktorların təşəbbüslərinə qoşulan passiv iştirakçı kimi deyil, layihələrin müəllifi və idarəedicisi rolunda çıxış edir. Kommunikasiya xətlərinin təhlükəsizliyi və davamlılığı məsələsi artıq regional aktorlar üçün Azərbaycanla əməkdaşlıqdan asılı hala gəlir.
Enerji marşrutlarının diversifikasiyası da bu modelin mühüm tərkib hissəsidir. Azərbaycanın enerji infrastrukturu tetibarlılıq və sabitlik amili ilə ön plana çıxır. Regional kommunikasiya mərkəzinə çevrilmək eyni zamanda siyasi risklərin bölüşdürülməsi deməkdir. Azərbaycan üzərindən keçən xətlərdə maraqlı olan dövlətlərin sayı artdıqca, ölkənin sabitliyi kollektiv maraq obyektinə çevrilir.
Bakı post-münaqişə mərhələsində məsuliyyətli və proqnozlaşdırılan aktor imici formalaşdıraraq beynəlxalq tərəfdaşlıq şəbəkəsini də genişləndirib. Post-münaqişə mərhələsində beynəlxalq legitimlik hərbi üstünlüyün tanınmasından daha mürəkkəb və çoxqatlı anlayışdır. Azərbaycan bu mərhələdə impulsiv güc nümayişindən uzaq duraraq, davranışlarını proqnozlaşdırılan və rasional çərçivədə saxladı. Məhz bu xətt Bakının beynəlxalq sistemdə qəbul olunma səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltdi.
Proqnozlaşdırılan aktor imici xüsusilə böyük güclər və beynəlxalq institutlar üçün həlledici faktordur. Azərbaycan post-münaqişə dövründə kəskin siyasi ziqzaqlardan yayınaraq mövqelərində ardıcıllıq nümayiş etdirdi. Eyni prinsipial mövqe müxtəlif platformalarda təkrarlanaraq etibarlılıq yaratdı. Beynəlxalq legitimliyin genişlənməsi həm də tərəfdaşlıq coğrafiyasının şaxələnməsi ilə müşayiət olundu. Azərbaycan yeni aktorlarla da əməkdaşlıq imkanlarını artırdı. Əməkdaşlıq formatları daha dərin, daha institusional və uzunmüddətli xarakter almağa başladı.
Əvvəlki dövrlərdə suverenlik daha çox qorunan dəyər kimi təqdim olunurdusa, indiki mərhələdə o, icra olunan siyasət formasını alıb. Azərbaycan öz mövqelərini praktiki addımlarla təsdiqləyir. Suverenlik diskursunun güclənməsi, eyni zamanda, daxili və xarici siyasət arasında əlaqənin möhkəmlənməsi deməkdir. Xarici arenada nümayiş etdirilən prinsipiallıq daxili legitimliklə qidalanır, daxili siyasi sabitlik isə xarici manevr imkanlarını artırır.
Böyük güclər arasında rəqabət dərinləşdikcə, kiçik və orta dövlətlər üçün əsas risk təzyiq altında seçim etməyə məcbur qalmaqdır. Azərbaycan isə balanslaşdırılmış maraq siyasəti ilə bu riski minimuma endirir və özünü qarşıdurmaların kənarında dayanan rasional aktor kimi mövqeləndirir.
Son olaraq qeyd edək ki, Azərbaycanın post-müharibə dövründə sərgilədiyi davranış modeli strateji dövlət ağlının təzahürüdür. “Strateji sıçrayış” anlayışı məhz Bakının gücü legitimliklə, maraqları balansla və qələbəni davamlı siyasi üstünlüklə əvəzləməsini ifadə edir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


