Xəyanətin anatomiyası

post-img

Platon, Şekspir və Hüqo nəyə təəccüblənərdi?

Platon deyirdi ki, dövlətin ən böyük bəlası ona düşmən olanlardan çox, ona dost görünüb zərbə vuranlardır. Onun xəyanətə baxışı belə idi. Lev Tolstoy isə xəyanətin yalnız bir hərəkət deyil, xarakterin güzgüsü olduğunu vurğulayırdı. Uilyam Şekspir “xəyanət edən, əvvəlcə öz şərəfini öldürür” deyirdi. Hesab edirik ki, bu mənada ən dramatik fikir Viktor Hüqoya məxsusdur. Onun fikrincə, Vətənə xəyanət, insanın öz vicdanına vurduğu ən ağır zərbədir.

Bəli, dövlət çevrilişinə cəhd yuxarıda vurğuladığımız və eyni zamanda, haqqında söz açmağımız bütün məqamların, yumşaq desək, çox pis təzahürüdür. Təsəvvür edin, uzun müddət hakimiyyət eşelonunda çox yüksək vəzifə tutmuş Ramiz Mehdiyev bu təzahürün, belə demək mümkünsə, iyrənc nümunəsidir. Əslində, təsəvvürə gətirilməsi mümkünsüz haldır. Təbii ki, bu durum Ramiz Ənvər oğlunun şəxsi faciəsidir. Amma…

Neçə il dövlətdə yüksək vəzifə tutasan, ideyalar formalaşdırmış kimi məqalələr, yazılar yazasan, axırda məlum ola ki, hansısa başqa dövlətə sığınırmısan, konkret desək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini Rusiyanın himayəsi altında görürmüşsən. Bundan rəzil durumu təsəvvürə gətirmək, sadəcə, mümkün deyil. O cümlədən, uzun illər Azərvaycanın baş nazirinin müavini olmuş Abbas Abbasovu götürək. Görəsən, onun nəyi çatmırdı? Yəni, xəyanətin bədii ədəbiyyatlarda təsəvvürünü tapan motivi bu qədərmi dərindir? Deməyə söz tapmırıq.

Deməli, adlarını çəkdiyimiz bu şəxslər xəyanətlərini ölkəmizdə müxalifət adına qara yara olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə birlikdə reallaşdırıblar. Daha doğrusu, reallaşdırmaq istəyiblər. Hər halda, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumat bunu deməyə əsas verir. Xəyanət isə dövlət çevrilişinə cəhddir.

…Ramiz Mehdiyev xaricdə kiməsə zəng edir və deyir ki, Azərbaycanda dövlət idarəçiliyi sisteminin yenidən formalaşdırılması ilə bağlı plan hazırlayıb. Nə qədər də böyük miskinlikdir. Onun Azərbaycandakı şəbəkənin fəaliyyətini xarici ölkə ilə əlaqələndirməsi və ona rəhbərliyi reallaşdırması da həmçinin. Deyəsən, yenə Şimal küləkləri əsdi axı…

Bəli, Ramiz Mehdiyevin rəhbərlik etdiyi və Azərbaycanın dövlət müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə qənim kəsilmiş bu şəbəkə ardıcıl olaraq ölkəmizdə gərgin vəziyyət yaratmaq, ictimai sabitliyi pozmaq, dövlət maraqlarına qarşı planlar qurmaq və gerçəkləşdirmək istiqamətində fəaliyyət göstərib. Bu şəbəkə, həmçinin, respublikamızın nüfuzuna xələl gətirmək üçün bütün mümkün vasitələrdən istifadə etməkdən də çəkinməyib. Həqiqətən, son dərəcə acınacaqlı durumdur. Amma daha acınacaqlı durum var.

Məlumdur ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının ruhundan qaynaqlanmış müqəddəs haqq savaşı idi. Savaş müddətində xalqımızın möhtəşəm vəhdətini gördük. Elə bir vəhdət ki, qarşısında heç bir qüvvə dayana bilmədi və nəticədə müqəddəs Zəfərimizə qovuşduq, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azadlığa qovuşmasına nail olduq.

Amma sözügedən şəbəkə Vətən müharibəsi ərəfəsində ictimai rəydə Azərbaycanın sarsıdıcı zərbə alacağı və uduzacağı rəyini formalaşdırmağa çalışıb. Heç şübhəsiz, bu düşüncə də Rusiyanın buyruq quluna çevrilmiş R.Mehdiyevdən gəlib. Axı müharibə dövründə və ondan əvvəl radikal müxalifət nümayəndələrinin xalqa ünvanladıqları fikirlərə nəzərən də ölkəmizin siyasi və hərbi qüdrətini zədələməyə yönəlmiş çağırışların ön planda dayandığını görmək mümkündür.

Bəli, o dönəmdə müxalif düşərgə tərəfindən ictimai rəyə Azərbaycanın Ermənistanla müharibə aparacağı təqdirdə heç bir şeyə nail olmayacağına dair ideyalar yeridilirdi. Belə ideyalar xaricdən eşidilən və Azərbaycanın, guya, işğalçı müharibə apardığını iddia edən baxışlarla çulğalaşırdı. Yəqin, bu sifarişin üzərindən də Şimal küləyinin əsdiyinin fərqinə vardınız.

Qeyd edək ki, 44 günlük müharibədən əvvəl Rusiyadakı bəzi dairələr Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı, bir növ, bıçağın sümüyə dirəndiyinin fərqinə varmışdılar. Amma onlar nəyin bahasına olursa-olsun Ermənistanı müdafiə etmək, işğalla xarakterizə olunan status-kvonu saxlamaqda maraqlı idilər. Ona görə də Azərbaycan cəmiyyətinin haqq işini gerçəkləşdirmək istiqamətindəki əzmini qırmağa çalışırdılar. Yəqin, müxalifətin 44 günlük müharibənin ilk günlərində və ondan əvvəlki zaman kəsiyində aşıladığı ruh düşkünlüyündəki motivlərin fərqinə vardınız. Ramiz Ənvəroviçin məhz bu şəbəkə ilə əlbirliyi Platonun, Şekspirin, Hüqonun və digər dühaların təfəkküründən süzülən xəyanət anlayışının təsvirindən qat-qat ağırdır.

R.Mehdiyev radikal müxalifəti daim aktiv fəaliyyətə sövq edib və ölkəni daxili gərgin vəziyyətdə saxlamağa çalışıb. Bu istiqamətdə onun xaricdəki söyüş müxalifətini təlimatlandırması və idarə etməsi də xəyanətin bədii ədəbiyyatlarda yer almayan motivlərini ortaya qoyur. Amma Ramiz Mehdiyevin, Əli Kərimlinin, Abbas Abbasovun və şəbəkənin digər üzvlərinin xəyanətkar siması, onların dövlətimizə və xalqımıza, müstəqilliyimizə və konstitusiya quruluşumuza qarşı ardıcıl düşmən fəaliyyətləri ifşa olunur. DTX-nın ortaya qoyduğu və cəmiyyətə açıqladığı məqamlar bunu bir daha göstərməkdədir. Bu məqamlar, eyni zamanda, onu göstərir ki, Azərbaycan dövləti xarici arenalarda olduğu kimi, daxili müstəvidə də möhkəmdir. Xaricdəki qüvvələrin əli ilə gerçəkləşdirilməsinə çalışılan primitiv gedişlər ölkəmizin qürurunu və əzmini, müstəqil siyasi xəttini heç bir halda zədələyə, respublikamızı Prezident İlham Əliyevin rəhbərliyi ilə tutduğu yoldan döndərə bilməz. Xarakterindəki çatlarla şərəfini öldürənlər, vicdanına ağır zərbələr vuranlar haqqa doğru addımlarımızın qarşısını kəsə bilməzlər. Çünki dövlətimizin yolu və addımları xalqımızın iradəsindən və əzmindən nəşət alır.

Ə.RÜSTƏMOV
XQ

Siyasət