Yaxud Qərbin Gürcüstana qərəzli yanaşmasına sözardı
“Bəzi Avropa liderləri “demokratiyanın bərqərar edilməsi” üçün Gürcüstana tank göndərməyə hazırdırlar”. Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib. Cənab Papuaşvilinin fikirləri adi qarşılana bilməz. Çünki, həqiqətən, Qərbin bir sıra dairələrinin Gürcüstana son illərdəki münasibətində nə əndazə var, nə də nizam və ölçü. Həmin dairələri təmsil edən şəxslərin hər birinin dilindən qərəz tökülür. Elə bir qərəz ki, bir növ, pataloji xəstəlik kimidir və Azərbaycan da zaman-zaman oxşar xəstəliyin müxtəlif təzahürləri ilə üzləşib. Yəni mövzuya həm də buna görə diqqət yetiririk.
Qərbin Gürcüstana hazırkı yanaşması ikili standartlar siyasətindən başqa bir şey deyil. Görəsən, durumun səbəbi nədir? Qeyd edək ki, Avropanın ayrı-ayrı siyasi kluarları Gürcüstan hakimiyyətini ruspərəstlikdə qınayırlar. Elə təəssürat formalaşdırırlar ki, sanki ölkə Kremlin təsiri altındadır və sair ilaxır. Birincisi, belə bir durum yoxdur, rəsmi Tbilisi göründüyü qədərilə müstəqil xarici siyasət kursu həyata keçirir. İkincisi, lap hesab edək ki, Gürcüstanda Rusiya təsiri var. Bəs Qərbin buna qarşılıq təlqin etdiyi nədir? Demokratiyamı?
Əlbəttə, Qərbi demokratiya kimi mütərəqqi məhfumun qərarlaşması düşündürmür. Onun anlayışındakı demokratiya balaca uşaqlara verilmiş oyuncaqdır. “Uşaq” anlamır, tez bir zamanda “oyuncağı” sındırır. “Sındırır” və tezliklə “demokratiyanın uşaqları” başıpozuq kütləyə çevrilirlər. Müsair dövrdə milli dövlətləri təhdid yüklü belə xoşagəlməz halları az görməmişik.
Məgər demokratiya anarxiyadır? Yoxsa vaxtilə Qərbin demokratiya gətirdiyi deyilən Ukraynada nazirlərin zibil qablarına atılması qanunun aliliyi idi? Əlbəttə ki, yox! Görəsən, Qərbdə bunu bilmirlər? Bilirlər, sadəcə onların, belə demək mümkünsə, ixrac etmək istədikləri demokratiya anlayışı başqadır, ancaq xaos və özbaşınalıq təmayüllüdür.
Məlumdur ki, Qərbin Gürcüstan hakimiyyəti ilə ixtilafının kökündə “Xarici təsirin şəffaflığı haqqında” və “Xarici agentlərin qeydiyyatı haqqında” qanunlarla yanaşı, “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun da dayanır. Qeyd edək ki, sonuncu sənəd ailə dəyərlərinin möhkəmləndiriməsinə xidmət edir və eynicinslilərin nigahının yolverilməzliyini açıqlayır. Görəsən, bu, niyə avropalıları naharat edir? Məgər, Gürcüstanda kimsə Avropadakı eynicinslilərin nigahı məsələsinə etiraz edirmi? Yox! Belə olan halda “köhnə qitə”nin “demokratiya carçılarının” sancısı nədir?
Digər tərəfdən, Gürcüstan hökuməti xarici təsirlərin şəffaflığına çalışırsa, yaxud xarici agentlərin ölkədə fəaliyyətinə yol vermək istəmirsə, məsələnin heç kəsə istisi-soyuğu olmamalıdır. Çünki Gürcüstan müstəqil dövlətdir və onun qəbul etdiyi qanunlarda bəşəri dəyərlər, eləcə də insan hüquq və azadlıqları qətiyyən tapdalanmır. Hakimiyyət xalqın maraq və mənafelərindən, ənənələrindən, tarixi keçmişindən qaynaqlanan, cəmiyyətin sosial sifarişindən irəli gələn qərar qəbul edirsə, qanun çıxarırsa, məsələnin xaricdəki hansısa Cona, Bredə nə dəxli ola bilər? Bunun qarşısını almağın yolu Gürcüstana tank qoşunu yeritməkmi olmalıdır?
Əlbəttə, cənab Papuaşvilinin “Bəzi Avropa liderləri “demokratiyanın bərqərar edilməsi” üçün Gürcüstana tank göndərməyə hazırdırlar” bəyanatındakı tank, müəyyən mənada, şərtidir. Ancaq biz ötən il ölkədə yaşanan və Qərb dairələri tərəfindən idarə olunan iğtişaşların miqyasına diqqət yetirdikdə, spikerin fikirlərində xalis gerçəklik yükünün olduğunu da deyə bilərik. Həqiqətən, həmin dairələrin imkanı olsaydı, gürcü iqtidarını devirməyə hesablanmış anarxiyaya tank dəstəyi də göstərirdilər. Sadəcə, coğrafiya şərtlər buna yol vermir.
Haqqında söz açdığımız ikili standartlara gəldikdə, Avropa institutlarının Gürcüstana və Ermənistana yanaşmalarındakı fərqi vurğulamaq yerinə düşər. Yada salaq ki, Qərb niyəsə Ermənistanda baş nazir Nikol Paşinyan iqtidarı əleyhinə hərəkatı hakimiyyətə zorakı qəsb adlandırdığı halda, Gürcüstandakı eyni mahiyyətli prosesləri demokratiyanın təntənəsi qismində qələmə verdi. Əsl riyakarlıq da elə bundadır.
Nəzərə alaq ki, Gürcüstana münasibətdə riyakarlığa söykənmiş ikili yanaşma dolu aşkar qərəzin digər aspektləri də var ki, cənab Papuaşvili bu barədə söz açıb. O deyib ki, Brüsseldə və digər Avropa ölkələrinin paytaxtlarındakı bəzi siyasətçilər Tbilisiyə qarşı sanksiyalarla kifayətlənmək niyyətində deyillər. Yəni, onların “demokratiyanın bərqərar edilməsi” üçün Gürcüstana tank yürüşü hazırlıqları” da sanksiyaların nəticəsizliyindən qaynaqlanır.
Onu da bildirək ki, ötən ilin dekabrında Avropa Komissiyası “rəsmi Tbilisinin Avropa İttifaqının irəli sürdüyü tövsiyələri görməzliyə vurmağa davam edəcəyi təqdirdə”, Gürcüstan üçün vizasız rejimin tam ləğvini nəzərdən keçirəcəyini açıqlamışdı. Görünür, sözügedən açıqlamanın yalnız bir seqmenti işə düşüb. Belə ki, Gürcüstan parlamentinin hakim “Gürcü Arzusu” partiyasından olan vitse-spikeri Nino Tsilosani bəyan edib ki, Aİ, guya, demokratiyadan geri çəkilmə səbəbilə gürcü diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimi ləğv edib. Vitse-spiker bu qərarı “nəticəsiz şantaj” adlandırmağı da unutmayıb.
Bəli, Avropa rəsmilərinin Tbilisinin “Aİ qarşısında götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edən dəst-xəttinə” münasibətdə ortaya qoyduqları digər hərəkət və davranışlar da siyasi şantajdan başqa bir şey deyil və əslində, bunlar həqiqi demokratiya adına son dərəcə böyük cılızlıqdır, utancdır. Ümumən, tam əminliklə deyə bilərik ki, hazırda Qərbin Gürcüstan əleyhinə ortaya qoyduğu mövqe nəinki cılızlıq, eyni zamanda, miskinlik və rəzillikdir, ali dəyər və prinsiplərə aşırı hörmətsizlikdir. Nə isə...
Ə.RÜSTƏMOV
XQ

