Müasir beynəlxalq münasibətlər sistemində regional böhranların idarə olunması dövlətlərin hərbi və iqtisadi potensialı ilə yanaşı, liderlərin strateji düşüncə qabiliyyəti və diplomatik manevr imkanları ilə müəyyən olunur. Xüsusilə Yaxın Şərq və Cənubi Qafqaz kimi yüksək riskli geosiyasi zonalarda liderlik amili praqmatik vasitəçilik və preventiv diplomatiya modelləri ilə tamamlanır. Məhz bu kontekstdə Azərbaycan Prezidentinin İran ətrafında formalaşan gərginlik fonunda ortaya qoyduğu mövqe diqqətəlayiq analitik təhlil təqdim edir.
Azərbaycanın son onillikdə keçdiyi hərbi-siyasi yol onu müharibə və sülh arasında strateji seçimlərin real qiymətini bilən aktor kimi formalaşdırıb. Azərbaycan üçün hərbi qələbə yeni və daha mürəkkəb mərhələnin başlanğıcı olub. Postmünaqişə dövründə diplomatik aktivliyin saxlanılması, beynəlxalq platformalarda mövqelərin ardıcıl izahı və regional inteqrasiya təşəbbüslərinin irəli sürülməsi göstərir ki, Bakı müharibədən sonra yaranan reallığı yalnız güc faktoru üzərində saxlamamağın vacibliyini düzgün qiymətləndirir. Azərbaycanın bu təcrübədən çıxardığı əsas dərslərdən biri odur ki, müharibə idarəolunmayan prosesə çevrildikdə onun nəticələri yalnız qarşı tərəfi deyil, bütün regionu qeyri-sabitlik spiralına sürükləyir. Buna görə də rəsmi Bakı hərbi gücü siyasi məqsədlərə xidmət edən alət kimi saxlayır, lakin onu regional böhranlarda avtomatik seçimə çevirmir.
İran ətrafında formalaşan gərginlik fonunda Azərbaycanın mövqeyi məhz bu praktiki təcrübənin məhsulu kimi ortaya çıxır. Bakı üçün burada əsas sual “kim haqlıdır” müzakirəsi deyil, mümkün eskalasiyanın Azərbaycanın təhlükəsizlik mühitinə necə təsir göstərəcəyi məsələsidir. Yəni qərarlar ideoloji simpatiyalar üzərindən deyil, risklərin miqyası və nəticələrin idarəolunma imkanları əsasında formalaşdırılır.
Siyasi analitik baxımdan diqqətəlayiq olan məqam ondan ibarətdir ki, Azərbaycan böhranlara münasibətdə qısamüddətli siyasi dividendlər naminə sərt ritorikaya və ya nümayişkaranə addımlara üstünlük vermir. Əksinə, səssiz diplomatiya, birbaşa təmaslar və balanslaşdırılmış mesajlar vasitəsilə gərginliyin nəzarətdən çıxmasının qarşısını almağa çalışır.
Azərbaycan–İran münasibətləri kontekstində “strateji səbir” anlayışı rasional davranış modelidir. Coğrafi yaxınlıq, uzun sərhəd xətti, qarşılıqlı iqtisadi və humanitar əlaqələr bu münasibətləri alternativsiz edir. Belə şəraitdə impulsiv və emosional xarici siyasət xətti dövlət üçün təhlükəsizlik risklərini artıran faktora çevrilə bilər. Məhz bu səbəbdən Bakı qonşuluq münasibətlərini uzunmüddətli sabitlik prizmasından idarə etməyə üstünlük verir.
***
Keçmiş mərhələlərdə ikitərəfli münasibətlərdə yaşanan gərginliklər Azərbaycanın bu yanaşmasının təsadüfi olmadığını göstərir. Təhlükəsizlik insidentləri və açıq ritorik qarşıdurmalar regional balansı pozmaq potensialı daşısa da, Bakı bu epizodları münasibətlərin struktur əsasını dəyişəcək böhranlara çevirməməyə çalışıb. Burada əsas siyasi seçim ondan ibarət olub ki, vəziyyətə cavab vermək üçün emosional simmetriya yolu seçilməsin. Əksinə, Azərbaycan bu çağırışları daha geniş geosiyasi kontekstdə oxuyaraq, öz davranışını sistemli və qabaqlayıcı şəkildə formalaşdırıb. Reaktiv siyasətdən imtina bu modelin əsas fərqləndirici cəhətidir. Reaktiv yanaşma adətən qarşı tərəfin addımlarına dərhal cavab verməyi, siyasi jestlərin və ritorikanın gücləndirilməsini nəzərdə tutur ki, bu da eskalasiya spiralını sürətləndirir. Proaktiv balanslaşdırma isə prosesin ritmini idarəyə, zaman amilindən öz xeyrinə istifadə etməyə və münasibətləri strateji səviyyədə tənzimləməyə imkan yaradır. Azərbaycan məhz ikinci yolu seçərək vəziyyəti təhlükəsizlik maraqları çərçivəsində nəzarətdə saxlamağa çalışır.
Böhran anlarında diplomatik kanalların açıq saxlanılması Azərbaycanın strateji səbir modelinin praktik ifadəsidir. Bir çox hallarda səfirliklərin bağlanması və ya təxliyə çağırışları böhranı faktiki olaraq beynəlxalqlaşdırır və eskalasiyanı sürətləndirir. Azərbaycan isə diplomatik mövcudluğu qorumaqla qarşı tərəfə açıq mesaj verir: dialoq üçün platforma mövcuddur və vəziyyət nəzarətdən çıxmayıb. Azərbaycanın regional və qlobal proseslərdə nisbi üstünlüklərindən biri onun çoxvektorlu diplomatik arxitekturasıdır. Bu arxitektura Prezident İlham Əliyevin illər ərzində ardıcıl şəkildə qurduğu praqmatik xarici siyasət xəttinin nəticəsidir. Azərbaycanın xarici siyasəti proqnozlaşdırıla bilən davranış və qarşılıqlı fayda prinsipi üzərində qurulub. Bütün bunlar isə rəsmi Bakıya müxtəlif geosiyasi qütblərlə paralel işləmək imkanı verir və onu regional qarşıdurmaların avtomatik iştirakçısına çevrilməkdən qoruyur.
İran–İsrail və ABŞ–İran gərginliyi fonunda bu diplomatik konfiqurasiya Azərbaycanın vasitəçilik imkanlarını obyektiv şəkildə genişləndirir. Azərbaycan bu proseslərdə tərəflərin qərarvermə məntiqini anlayan və onların təhlükəsizlik narahatlıqlarını oxuya bilən aktor kimi çıxış edir. Prezident İlham Əliyevin şəxsi diplomatiyası bu kontekstdə mühüm rol oynayır. Onun həm regional liderlərlə, həm də qlobal güc mərkəzlərinin siyasi rəhbərliyi ilə qurduğu birbaşa ünsiyyət kanalları Bakının diplomatik manevr imkanlarını əhəmiyyətli dərəcədə artırır.
Politoloji dildə desək, Azərbaycan bu konfiqurasiyada “etibarlı kommunikator” funksiyasını yerinə yetirə bilən aktordur. Unikal vasitəçilik potensialının digər mühüm cəhəti ondan ibarətdir ki, Azərbaycan regional proseslərdə tərəflərdən heç birinin təhlükəsizlik maraqlarını açıq şəkildə inkar etmir. Əksinə, Bakı münaqişələrin kəskinləşməsinin bütün tərəflər üçün itkilər yaratdığını vurğulayan rasional xətt yürüdür. Son illərin beynəlxalq təcrübəsi göstərir ki, mürəkkəb və çoxsəviyyəli böhranlar şəraitində boşluğu liderlərarası münasibətlər və şəxsi diplomatiya doldurur. Liderlər arasında formalaşan birbaşa ünsiyyət və qarşılıqlı etimad kanalları bir çox hallarda uzun prosedurları və institusional məhdudiyyətləri aşaraq daha çevik qərarların qəbuluna imkan yaradır.
***
Prezident İlham Əliyevin şəxsi diplomatiyasının əsas xüsusiyyəti proqnozlaşdırıla bilən davranışa söykənməsidir. Beynəlxalq siyasətdə məhz bu xüsusiyyət – sabitlik və ardıcıllıq – liderlərarası etimadın formalaşmasında həlledici rol oynayır. İlham Əliyevin müxtəlif siyasi və ideoloji mövqelərə malik liderlərlə eyni dərəcədə işçi dialoq qura bilməsi Azərbaycanın diplomatik çevikliyini artıran əsas faktorlardan biridir. Şəxsi diplomatiya xətti Azərbaycanın beynəlxalq təşəbbüslərdə konstruktiv tərəfdaş kimi qəbul olunmasına şərait yaradır. Sülh platformalarında iştirak, çoxtərəfli formatlarda fəallıq və regional dialoq təşəbbüslərinin təşviqi bu yanaşmanın praktik nəticələridir.
İran ətrafında formalaşmış vəziyyət bir daha göstərir ki, müasir geosiyasətdə əsas üstünlük böhranların idarə olunması qabiliyyətindədir. Azərbaycan bu prosesdə emosional və populist ritorikadan uzaq, riskləri ölçən və mümkün nəticələri əvvəlcədən hesablaya bilən siyasi davranış modeli nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşmış bu siyasi davranış modeli Azərbaycanın regional sistemdə “stabilizator aktor” rolunu möhkəmləndirir. Bakı nə qarşıdurmaları qızışdıran, nə də proseslərdən kənara çəkilən tərəf kimi çıxış edir; Bakı risklərin idarə olunmasına töhfə verən güc funksiyasını yerinə yetirir.
Son olaraq qeyd edək ki, uzunmüddətli perspektivdə məhz bu tip rasional, balanslaşdırılmış və proqnozlaşdırıla bilən liderlik modelləri regional münaqişələrin genişmiqyaslı qarşıdurmalara çevrilməsinin qarşısını alan əsas amillərdən biri kimi çıxış edir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


