Yeni qlobal platformanın formalaşmasında Azərbaycanın fəal iştirakı Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında baş tutan görüş qlobal idarəetmə mexanizmlərinin yenilənməsi kontekstində mühüm strateji mesajdır. Görüş zamanı ABŞ Prezidentinin sədrliyi ilə yaradılmış Sülh Şurasının fəaliyyətinin xüsusi vurğulanması və Azərbaycanın bu quruma təsisçi üzv qismində dəvət olunması beynəlxalq sistemdə yeni institusional platformanın formalaşdığını göstərən əlamətdar proses kimi qiymətləndirilməlidir.
Son onillikdə beynəlxalq münasibətlər sistemi post–soyuq müharibə dövründə formalaşmış liberal institusional nizamın sistemli eroziyası ilə üzləşib. BMT, ATƏT, Ümumdünya Ticarət Təşkilatı, G7 kimi klassik çoxtərəfli institutlar normativ legitimliyini qismən qorusa da, real icra mexanizmləri baxımından funksional iflic vəziyyətinə yaxınlaşıb.
Qərarların konsensus əsasında qəbul olunması, veto mexanizmlərinin siyasi alətə çevrilməsi və böyük güclərin selektiv hüquq tətbiqi bu institutları operativ böhran idarəetmə alətindən daha çox simvolik platformaya transformasiya edib. Mövcud proses beynəlxalq münasibətlər nəzəriyyəsində “institusional disfunksiya” kimi xarakterizə olunur: institutlar dəyişən güc balansına və təhlükəsizlik arxitekturasına adaptasiya edə bilmir, nəticədə sistem qeyri-sabit və proqnozlaşdırılması çətin fazaya daxil olur. Liberal beynəlxalq nizamın əsas dayaqları olan qayda əsaslı idarəetmə, kollektiv təhlükəsizlik və normativ konsensus mexanizmləri fraqmentar və selektiv xarakter almağa başlayır. Nəticə etibarilə beynəlxalq sistemdə normativ boşluq yaranır və bu boşluq yeni alternativ mexanizmlərin meydana çıxmasını obyektiv zərurətə çevirir.
ABŞ–Çin strateji rəqabəti, Rusiya–Qərb qarşıdurması və regional güclərin artan ambisiyaları beynəlxalq sistemi klassik unipolyar və ya liberal çoxtərəfli modeldən çox fraqmentə olunmuş çoxqütblü qeyri-sabit struktura doğru istiqamətləndirir. Güc balansının dəyişməsi normativ və institusional səviyyədə də özünü göstərir.
Böyük güclər artıq mövcud institutları ümumi qaydalar çərçivəsində deyil, öz milli maraqlarının aləti kimi istifadə etməyə meyllidir. Bütün bunlar beynəlxalq təşkilatların neytral vasitəçilik funksiyasını zəiflədir və etimad defisitini dərinləşdirir. Etimadın aşınması isə qarşılıqlı təhlükəsizlik dilemmasını gücləndirərək eskalasiya risklərini artırır. Belə bir konfiqurasiyada klassik çoxtərəfli mexanizmlər konfliktlərin operativ idarə olunmasında effektivliyini itirir və qeyri-formal, çevik, siyasi iradəyə əsaslanan platformalara tələbat artır.
Müasir beynəlxalq təhlükəsizlik mühiti artıq hibrid münaqişələr, qeyri-dövlət aktorları, enerji təhlükəsizliyi riskləri, kiberməkan təhdidləri və humanitar böhranların sinxron təsiri ilə formalaşır. Regional münaqişələr lokal xarakter daşımır; onlar qlobal bazarlara, miqrasiya axınlarına, enerji marşrutlarına və geosiyasi balanslara birbaşa təsir göstərir. Bu vəziyyət təhlükəsizlik gündəliyinin vahid mərkəzdən idarə olunmasını çətinləşdirir. Müxtəlif regionlarda paralel böhranların mövcudluğu beynəlxalq institutların resurslarını və diqqətini parçalayır, prioritetləşdirməni qeyri-mümkün edir. Məhz bu struktur disbalans fonunda yeni tip diplomatik platformaların yaranması beynəlxalq sistemin adaptasiya mexanizmi kimi çıxış edir. Sülh Şurası məhz bu kontekstdə meydana çıxan yeni nəsil beynəlxalq platforma kimi dəyərləndirilə bilər. Onun əsas üstünlüyü hüquqi rigidlikdən daha çox siyasi koordinasiya və strateji liderlik üzərində qurulmasıdır. ABŞ Prezidentinin birbaşa sədrliyi şuraya həm siyasi çəki, həm də qlobal gündəliyə təsir imkanları qazandırır. Şura klassik institutların zəif işlədiyi sahələrdə tamamlayıcı rol oynaya bilər. Əsas strateji fərq ondan ibarətdir ki, şura normativ legitimlikdən çox əməli effektivliyə fokuslanır. Şuranın funksional effektivliyi üç əsas istiqamətdə özünü göstərə bilər.
Birincisi, preventiv diplomatiya müasir təhlükəsizlik arxitekturasında ən az inkişaf etmiş, lakin ən yüksək strateji dividend yaradan istiqamətlərdən biridir. Ənənəvi beynəlxalq institutlar adətən böhran baş verdikdən sonra reaksiya mexanizmlərini işə salır. Halbuki eskalasiyanın erkən mərhələdə qarşısının alınması həm humanitar, həm də geosiyasi baxımdan daha səmərəlidir.
İkincisi, münaqişələrin uzunömürlü xarakter almasının əsas səbəblərindən biri tərəflər arasında etimadın itirilməsidir. Klassik beynəlxalq formatlar çox zaman rəsmi prosedurların ağırlığı səbəbindən elastik dialoq imkanlarını məhdudlaşdırır. Sülh Şurası isə qeyri-formal diplomatiyanın institusionallaşdırılması yolu ilə tərəflər arasında kommunikasiya boşluğunu doldura bilər.
Üçüncüsü isə, münaqişənin formal olaraq bitməsi real sülhün təmin olunması anlamına gəlmir. Təcrübə göstərir ki, post-münaqişə mərhələsində iqtisadi durğunluq, infrastruktur boşluqları yeni gərginliklərin yaranması üçün münbit zəmin yaradır. Sülh Şurası post-münaqişə bərpa prosesində iqtisadi əməkdaşlıq platformalarının təşviqi, nəqliyyat-logistika bağlantılarının açılması və humanitar reinteqrasiya mexanizmlərinin koordinasiyası üçün katalizator rolunu oynaya bilər. Beləliklə, Sülh Şurası klassik institutların qərarvermədə yaşadığı səmərəsizlik və siyasi bloklanma boşluğunu qismən kompensasiya edə bilər.
Azərbaycanın Sülh Şurasına təsisçi üzv qismində dəvət olunması ölkənin son illərdə formalaşdırdığı aktiv sülhyaratma diplomatiyasının beynəlxalq səviyyədə normativ və institusional legitimlik qazanmasının konkret təzahürüdür. Müasir beynəlxalq münasibətlərdə aktorların statusu yalnız hərbi və iqtisadi potensialla deyil, eyni zamanda, konfliktlərin idarə olunmasında real töhfə vermək qabiliyyəti ilə ölçülür. Azərbaycan post-münaqişə reabilitasiyası, reinteqrasiya siyasəti, humanitar bərpa, regional nəqliyyat-kommunikasiya xətlərinin açılması və enerji təhlükəsizliyinin təmin edilməsi sahələrində praktik nəticələr ortaya qoymuş nadir regional aktorlardan biridir. Belə bir təcrübə onu klassik “istehlakçı təhlükəsizlik” mövqeyindən çıxararaq “təhlükəsizlik ixrac edən” aktor statusuna yaxınlaşdırır.
Cənubi Qafqazda münaqişədən sonrakı mərhələdə irəli sürülən normallaşma təşəbbüsləri və kommunikasiya xətlərinin açılması siyasəti Azərbaycanın konflikt sonrası idarəetmə modelinin formalaşmasına imkan yaradıb. Politoloji baxımdan bu yanaşma “liberal sülh quruculuğu” ilə “realist təhlükəsizlik təminatı” arasında hibrid model kimi qiymətləndirilə bilər. Bir tərəfdən sərt təhlükəsizlik elementləri qorunur, digər tərəfdən iqtisadi qarşılıqlı asılılıq vasitəsilə uzunmüddətli sabitlik stimullaşdırılır. Məhz bu balanslı yanaşma modelin digər münaqişə regionlarına transfer edilə bilmə potensialını artırır.
Sülh Şurası çərçivəsində Azərbaycanın təcrübəsi normativ bilik və praktiki mexanizm kimi institusionallaşdırıla bilər. Normativ müstəvidə Azərbaycan özünü yalnız milli maraqlarını maksimalizə edən rasional aktor kimi deyil, eyni zamanda, beynəlxalq sabitliyin təmin olunmasına töhfə verən konstruktiv tərəfdaş kimi təqdim edir. Azərbaycanın diplomatik diskursunda sülh, əməkdaşlıq, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və regional inteqrasiya kimi anlayışların ön plana çəkilməsi ölkənin beynəlxalq normativ kapitalını artırır.
Azərbaycanın Sülh Şurasında təsisçi üzv kimi iştirakı “orta güc diplomatiyası” konsepsiyasının praktik təzahürü kimi qiymətləndirilə bilər. Orta güclər böyük güclərlə müqayisədə məhdud resurslara malik olsalar da, diplomatik çeviklik, vasitəçilik, normativ təşəbbüskarlıq və çoxtərəfli platformalarda fəallıq vasitəsilə təsir imkanlarını genişləndirirlər.
Azərbaycan balanslaşdırılmış xarici siyasət strategiyası çərçivəsində həm regional, həm də qlobal aktorlarla paralel əməkdaşlıq quraraq öz strateji muxtariyyətini qoruyur. Sülh Şurası kimi platformalarda iştirak Azərbaycanın diplomatik kapitalını artırmaqla yanaşı, ölkənin beynəlxalq gündəliyin formalaşmasında dolayı iştirak imkanlarını da genişləndirir.
Davosda baş tutmuş İlham Əliyev–Donald Tramp görüşü və Sülh Şurası ətrafında aparılan müzakirələr yeni qlobal təhlükəsizlik arxitekturasının formalaşmaqda olduğunu göstərir. Azərbaycanın bu platformada təsisçi üzv kimi iştirakı ölkənin beynəlxalq sistemdə rolunun transformasiyasını – regional aktordan normativ və strateji təşəbbüskar aktora çevrilməsini – aydın şəkildə ortaya qoyur.
Son olaraq qeyd edək ki, Sülh Şurası, eyni zamanda, beynəlxalq münasibətlərdə adaptiv idarəetmənin institusional modeli kimi çıxış edir. Azərbaycanın bu prosesdə fəal iştirakı isə ölkənin sülh gündəliyində qlobal səviyyədə söz sahibi olmaq ambisiyasının real siyasi konturlara çevrildiyini təsdiqləyir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


