Avropa İttifaqının Ermənistandakı mülki missiyasının indiki durumunun ən düzgün xarakteristikasını bu zərbi-məsəlimiz verir: “köpək əl çəkdi, motal əl çəkmədi”. Hətta rəsmi İrəvanın şərti sərhəddə şübhəli patrul xidməti göstərən bu missiyanın gərəksizliyini diplomatik təbirlə bir neçə dəfə bəyan etməsinə baxmayaraq, sayları 200-də çox olan “binokllu diplomatlar” üzlü qonaq kimi bölgəni tərk etməyə tələsmirlər. Fəaliyyəti təkcə Azərbaycanda deyil, qonşu İran və Rusiyada da qıcıq yaradan mülki “kəşfiyyatçılar alayı”nın komandiri, alman hərbçisi Markus Ritterin missiyanın mövcudluğunu əsaslandırmaq üçün heç bir bəhanə tapa bilməməsi göz qabağındadır.
“Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan və ratifikasiya edildikdən sonra sərhəddə mülki missiyamızı yerinə yetirməyə ehtiyac qalmayacaq”. Bunu Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının rəhbəri Markus Ritter hayların İctimai Televiziyasına müsahibəsində bildirib. Teleaparıcının Vaşinqtonda paraflanmış sülh sazişində üçüncü ölkələrin qüvvələrinin sərhəddə yerləşdirilməsini qadağan edən bəndin olması barədə sualını isə “baş kəşfiyyatçı” belə cavablandırıb: “Biz sərhədyanı yaşayış məntəqələrinə ziyarətlərimizi davam etdirəcəyik. Fəaliyyətimizin davam etdirilməsi, sərhədyanı yaşayış məntəqələrinə səfərlərimiz barədə qarşılıqlı razılaşma var”.
Yadımızdadır ki, cənab Ritter təxminən bir il bundan əvvəl jurnalistlərə açıqlamasında sərhədyanı kəndlərə səfərləri zamanı uşaqlarla, şagirdlərlə söhbət etdiklərini, özlərinin kim, Avropa İttifaqının nə olduğunu, nəyi təmsil etdiyini başa saldıqlarını demişdi. O, hətta gələcəkdə gənc nəsilə Avropa ideyalarını təbliğ edəcəklərini bildirmişdi.
Aİ emissarı bu dəfə də eyni notlara köklənmiş mahnını “oxuyub”. O qeyd edib ki, missiya 2023-cü ildən bəri həyata keçirdiyi fəaliyyətini gələcəkdə də müəyyən formada davam etdirə bilər. “Sərhəddə patrul xidməti və hesabatların təqdim olunması ilə paralel olaraq, sərhədyanı icmaların, o cümlədən münaqişədən zərər çəkmiş yaşayış məntəqələrinin ziyarəti də həyata keçiriləcək” - deyən Ritterin sərhədyanı kəndlərin sakinlərini ziyarətlərinin məqsəd və xarakteri barədə açıqlaması maraq doğurub: “Ötən ilin may ayından insidentlərin sayı kəskin şəkildə azalıb və Vaşinqton görüşündən sonra heç bir insident qeydə alınmayıb. Nerkin Anda hadisəsi bizim hesabat təqdim etdiyimiz sonuncu insident olub. Yəni 2024-cü ilin fevralından bu günədək oxşar insident yaşanmayıb. 2024-cü ilin yazında bizdən xahiş olundu ki, kənd təsərrüfatı işləri aparılması üçün Xaçık kəndinə nəzarət edək. Təxminən 4 həftə hər gün orada olduq. Amma 2025-ci ildə bizə heç bir müraciət olunmadı. Bu da sakinlərin rahat və təhlükəsiz yaşadığını göstərir”.
Aİ-nin Ermənistandakı monitorinq missiyasının rəhbərinin müsahibəsində diqqətçəkən ən maraqlı məqam isə onun xidməti fəaliyyətləri barədə verdiyi hesabat idi. Markus Ritter avqustun 8-dən (Vaşinqtonda Ermənistan–Azərbaycan ikitərəfli manasibətlərin normallaşmasına dair Birgə Bəyannamənin imzalandığı tarix nəzərdə tutulur – red.) sonra sərhəd zolağındakı postlar arasında heç bir məqsədyönlü atışmanın olmadığını, amma bir neçə dəfə gecələr hər iki tərəfdən havaya atəş açıldığını deyib. Amma missiya rəhbəri göyə yaylım atəşin nə zaman və hansı səbəbdən açıldığına aydınlıq gətirməyib.
Qəribə və gülməli vəziyyət yaranır. Deməli, Ermənistanın Azərbaycanla sərhəddə yerləşən, ayrıca götürülmüş bir kəndində mövsümi təsərrüfat işləri aparılan zaman sakinlərin təhlükəsizliyinə nəzarəti yerli polis deyil, avropalı mülki müşahidəçilər həyata keçirir. Bu faktın özü onu təsdiqləyir ki, aqibəti göydən asılı vəziyyətdə qalmış monitorinq missiyasının işi havaya açılan atəşləri saymaqdan ibarət imiş. Amma onlar həmin atəşin haradan və nə üçün açıldığından isə bixəbərdirlər. Bəlkə imkansızlıqdan əziyyət çəkən haylar çöl quşlarını ovlayırlar..?
P.S. Oxuculara xatırladaq ki, Aİ-nin Ermənistandakı mülki monitorinq missiyasının tərkibində quruma üzv 25 ölkənin və Kanadanın təmsilçiləri yer alır.
İ.HƏSƏNQALA
XQ

