Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq ABŞ-a nələr vəd edir?
Qlobal güc balansının sürətlə transformasiya olunduğu müasir beynəlxalq sistemdə regional təşkilatların funksional çəkisi əhəmiyyətli dərəcədə artmaqdadır. Xüsusilə Avrasiya məkanında formalaşan yeni inteqrasiya platformaları böyük güclər arasında strateji rəqabətin mühüm komponentinə çevrilir. Məhz bu kontekstdə Türk Dövlətləri Təşkilatının (TDT) yüksələn institusional rolu həm geosiyasi, həm də geoiqtisadi ölçülərdə xüsusi diqqət cəlb edir.
Məsələyə diqqət çəkənlərdən biri Hudson İnstitutunun böyük elmi əməkdaşı Luke Coffey olmuşdur. O, Amerikanın nüfuzlu nəşrlərindən olan “The National Interest” jurnalında dərc olunan məqaləsində vurğulayır ki, TDT Mərkəzi Asiyada qarşılıqlı əlaqələrin əsas platformalarından birinə çevrilməkdədir və ABŞ böyük güclər rəqabəti dövründə rəqabət qabiliyyətini qorumaq istəyirsə, bu kimi təşkilatlarla daha sistemli və dərin əməkdaşlıq qurmalıdır.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı son onillikdə mərhələli şəkildə institusionallaşan, qərar qəbuletmə mexanizmlərini təkmilləşdirən və real sektorlar üzrə koordinasiya imkanlarını genişləndirən çoxtərəfli regional platforma kimi formalaşmışdır. 2009-cu ildə Naxçıvan Sazişi ilə təsis edilən təşkilat ilkin mərhələdə siyasi dialoq və humanitar əməkdaşlıq formatı kimi çıxış etsə də, sonrakı mərhələdə iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya bağlantıları, enerji əməkdaşlığı və təhlükəsizlik koordinasiyası kimi strateji sahələri öz gündəminə daxil etməklə funksional transformasiya yaşamışdır. Geosiyasi baxımdan TDT-nin fəaliyyət coğrafiyası Avrasiyanın əsas tranzit arteriyalarını, enerji hövzələrini və təhlükəsizlik kəsişmələrini əhatə edir. Xəzər hövzəsi, Orta Dəhliz, Mərkəzi Asiya istehsal və resurs zonaları, Qafqaz logistika qovşaqları təşkilatın təsir radiusunu yalnız regional deyil, transkontinental səviyyəyə yüksəldir.
Luke Coffeyin analitik yanaşmasında Türk Dövlətləri Təşkilatı Avrasiya güc arxitekturasında balanslaşdırıcı funksiyanı icra etməyə başlayan geosiyasi qütb kimi təqdim olunur. Belə bir yanaşma beynəlxalq münasibətlər nəzəriyyəsində “balanslaşdırma” və “yumşaq balanslaşdırma” konsepsiyalarına uyğun gəlir. Yəni TDT hərbi alyans formasında çıxış etmədən iqtisadi inteqrasiya, nəqliyyat bağlantıları, enerji əməkdaşlığı və diplomatik koordinasiya vasitəsilə dominant güclərin təsirini dolayı yolla tarazlaşdıran institusional platformaya çevrilir.
Burada əsas məqam ondan ibarətdir ki, TDT üzv dövlətlərin ortaq strateji maraqlarının üst-üstə düşdüyü çevik koordinasiya mexanizmi kimi fəaliyyət göstərir. Məhz bu elastiklik təşkilata regional transformasiyalara adaptasiya olmaq imkanı verir və onu Avrasiyada yeni tip “funksional güc mərkəzi” kimi mövqeləndirir. Belə bir balanslaşdırıcı rol, əslində, türk məkanının öz daxili resurslarını konsolidasiya etməklə xarici güclərlə münasibətlərdə nisbi strateji muxtariyyət əldə etməsi ideyasına əsaslanır.
Türk dövlətlərinin yerləşdiyi coğrafi areal postsovet təhlükəsizlik məkanı, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün əsas tranzit xətləri və Xəzər hövzəsinin enerji geosiyasəti arasında kəsişmə nöqtəsi təşkil edir. Belə bir məkan, eyni zamanda, Rusiyanın ənənəvi təsir zonası ilə Çinin yüksələn iqtisadi ekspansiyasının üst-üstə düşdüyü strateji zonadır. Bu mürəkkəb geosiyasi mühitdə TDT-nin mövcudluğu region ölkələrinə aktiv subyekt kimi davranmaq imkanı yaradır.
ABŞ üçün türk məkanı məhz bu səbəbdən strateji əhəmiyyət daşıyır: Vaşinqton regionda birbaşa hərbi-siyasi dominantlıq modeli deyil, dolayı balans mexanizmləri üzərindən təsir imkanlarını genişləndirə bilər. TDT burada ABŞ üçün normativ tərəfdaş, logistika körpüsü və siyasi stabilizator rolunu oynaya bilər. Bütün bu amillər ABŞ-ın həm Rusiya ilə sistemli rəqabətində, həm də Çinin Avrasiya inteqrasiya layihələrinə qarşı alternativ marşrutların formalaşdırılmasında çevik manevr imkanlarını artırır.
Digər tərəfdən, türk dövlətlərinin çoxvektorlu xarici siyasət ənənəsi Vaşinqton üçün etibarlı dialoq platforması yaradır. Türk dövlətləri nə tam şəkildə Qərb blokuna inteqrasiya olunub, nə də alternativ güc mərkəzlərinin sərt nəzarəti altındadır. Məhz bu strateji “aralıq mövqe” TDT-ni geosiyasi tranzit zona olmaqdan çıxararaq normativ təşəbbüslər irəli sürə bilən regional aktora çevirir.
Məqalənin əsas tezislərindən biri ABŞ ilə TDT arasında institusional dialoqun zəifləməsinin Vaşinqton üçün ciddi strateji risklər yarada bilməsidir. Beynəlxalq münasibətlərdə “güc boşluğı” konsepsiyasına uyğun olaraq, hər hansı geosiyasi məkan diqqətdən kənarda qalarsa, həmin boşluq alternativ aktorlar tərəfindən sürətlə doldurulur. TDT ilə sistemli əməkdaşlığın olmaması ABŞ-ın regionda normativ təsir imkanlarını zəiflədərək Rusiyanın təhlükəsizlik dominantlığının və Çinin iqtisadi təsirinin daha da dərinləşməsinə şərait yarada bilər.
Təbii ki, bu kontekstdə məsələ təkcə diplomatik təmasların intensivliyi ilə məhdudlaşmır. Söhbət texnoloji əməkdaşlıq, infrastruktur investisiyaları, enerji təhlükəsizliyi, nəqliyyat standartları və rəqəmsal suverenlik kimi strateji sahələrdə normativ mövqelərin kim tərəfindən formalaşdırılacağından gedir. ABŞ bu proseslərdən kənarda qalarsa, regionun institusional arxitekturası Vaşinqtonun maraqlarına uyğun olmayan qaydalar üzərində qurula bilər. L.Coffeyin “geosiyasi səhlənkarlıq” ifadəsi məhz bu struktur riskinə işarə edir. ABŞ-ın TDT-ni periferik regional təşkilat kimi qiymətləndirməsi qlobal güc rəqabətinin məntiqi ilə ziddiyyət təşkil edir. Çünki müasir geosiyasətdə rəqabət yalnız hərbi üstünlüklərlə deyil, logistika xətləri, texnoloji standartlar, enerji axınları və normativ institutlar üzərində nəzarət vasitəsilə aparılır.
TDT ilə əməkdaşlıq ABŞ üçün daha elastik və aşağı riskli təsir modeli yarada bilər. Vaşinqton regiona birbaşa təhlükəsizlik aktoru kimi deyil, iqtisadi tərəfdaş, institusional dəstəkçi və texnoloji sponsor kimi daxil ola bilər.
Geoiqtisadi müstəvidə isə TDT-yə üzv dövlətlərin birgə potensialı xüsusi çəkidədir. Təşkilata daxil olan ölkələr Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin əsas seqmentlərini nəzarətdə saxlayır, zəngin enerji resurslarına malikdir və artan istehlak bazarı formalaşdırır. Qlobal tədarük zəncirlərinin fragmentasiyası, geosiyasi risklərin artması və alternativ logistika marşrutlarına tələbatın yüksəlməsi fonunda türk coğrafiyası tranzit və istehsal mərkəzi kimi daha cəlbedici görünür. Bütün bu reallıqlar ABŞ üçün həm enerji təhlükəsizliyi, həm də ticarət marşrutlarının diversifikasiyası baxımından strateji fürsətlər yaradır.
Eyni zamanda, TDT-nin institusional yetkinləşməsi onun regional normativ gündəm formalaşdırmaq qabiliyyətini də artırır. Rəqəmsal transformasiya, gömrük prosedurlarının harmonizasiyası, yaşıl enerji layihələri və nəqliyyat infrastrukturunun inteqrasiyası kimi sahələr təşkilatın real funksional gücə çevrildiyini göstərir. ABŞ üçün belə bir strukturla əməkdaşlıq etmək regional sabitliyin gücləndirilməsi və bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından rasional seçim kimi görünür.
Digər tərəfdən, ABŞ–TDT əməkdaşlığı daha geniş təhlükəsizlik arxitekturasına da töhfə verə bilər. Mərkəzi Asiyada enerji marşrutlarının təhlükəsizliyi, kritik infrastrukturun qorunması, kiber təhlükəsizlik və terrorizmə qarşı mübarizə kimi istiqamətlər Vaşinqtonun maraqları ilə türk dövlətlərinin təhlükəsizlik gündəmi arasında kəsişən sahələrdir.
TDT artıq regional çərçivəni aşaraq Avrasiya geosiyasətində funksional aktora çevrildiyini təsdiqləyir. ABŞ üçün bu təşkilatla əməkdaşlıq uzunmüddətli strateji zərurət kimi qiymətləndirilməlidir. Türk məkanının geoiqtisadi potensialının, nəqliyyat-logistika üstünlüklərinin və siyasi koordinasiya imkanlarının düzgün qiymətləndirilməsi Vaşinqtonun “böyük güclər”lə rəqabətdə mövqelərini gücləndirə biləcək mühüm amillərdəndir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


.jpg)