ABŞ-ın Sülh Şurası və Azərbaycan

post-img

Bakı tərəfkeşlikdə yox, postmünaqişə təcrübəsini siyasi kapitala çevirməkdə maraqlıdır

Azərbaycan Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulmaq barədə dəvəti qəbul edib. O dəvəti ki, ABŞ Prezidenti Doland Tramp tərəfindən edilmişdi. Yəni ölkəmiz Birləşmiş Ştatların dövlət başçısının irəli sürdüyü təşəbbüsə rəsmən qoşulub. Mövcud məqam həm Prezident İlham Əliyevin amerikalı həmkarına ünvanladığı məktubda, həm də Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında əksini tapıb.

***

Məlum olduğu kimi, Prezident Trampın elan etdiyi Sülh Şurası (və ya “Board of Peace”) ilk növbədə Qəzza zolağında barışın təmin olunması, idarəçilik, yenidənqurma və silahsızlaşdırma proseslərinin koordinasiyası məqsədi daşıyır. Lakin Birləşmiş Ştatlar administrasiyası onu, ümumən, beynəlxalq münaqişələrin həllində rol oynaya biləcək platforma kimi təqdim və təbliğ edir. Hər halda, ABŞ dövlət başçısının dediklərindən gəlinən qənaət bunu söyləməyə əsas verir.

İlk növbədə, onu bildirək ki, Sülh Şurasının BMT-nin və digər ənənəvi multilateral institutların roluna alternativ və ya tamamlayıcı struktura çevrilməsi mümkündür. Nəzərə alaq ki, Tramp qurumu BMT Təhlükəsizlik Şurasından fərqli olaraq, daha çevik və ABŞ liderliyindəki orqanizm kimi gördüyünü açıqlayıb. Doğrudur, BMT-nin təhlükəsizlik təminatlarının bir o qədər işləmədiyi hazırkı dönəmdə çevikliyə ehtiyac var.

Bir çox ekspertlərin fikrincə, Sülh Şurası ənənəvi diplomatik formatlardan kənar yeni güc mərkəzinin formalaşması reallığını doğuracaq. İlk baxışdan durumda fövqəladə heç nə yoxdur. Amma məqsəd önəmlidir. Yəni Şuranın ilkin hədəfinə çatması mütləqdir. Söhbət haqqında bəhs etdiyimiz Qəzza zolağında münaqişədən sonra idarəetmə, yenidənqurma və təhlükəsizlik məsələlərinə töhfədən gedir.

Təşkilat Qəzza zonasında beynəlxalq sabitləşdirmə qüvvələrinin fəaliyyətini, yenidənqurma investisiyalarının və humanitar yardımın koordinasiyasını səmərəli şəkildə həyata keçirməli, siyasi və təhlükəsizlik strukturunun yenidən formalaşdırılması üçün konkret işlək mexanizmlər tətbiq etməli, yekunda regionda davamlı sülh perspektivini gücləndirməlidir.

***

Digər tərəfdən, Sülh Şurası uğurla fəaliyyət göstərəcəyi tərqdirdə, qurum münaqişələr sonrası bərpanı yaxşılaşdırmaq baxımından presedent yarada, habelə, radikallaşma riskini azalda, regional iqtisadi əməkdaşlığı artırmaq şansı verə bilər. Heç şübhəsiz, Azərbaycan da məhz buna, yəni, özünün ənənəvi humanitar missiyasına görə təşkilatda təmsilçiliyə razıdır. Mövcud məqam Prezident İlham Əliyevin amerikalı həmkarına məktubunda əksini tapıb: “Azərbaycan Respublikası Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq”.

Onu da bildirək ki, dövlətimizin başçısının Prezident Trampa ünvanladığı məktubda Azərbaycanın Sülh Şurasına qoşulması prioritetini vurğulayan daha bir vacib məqam var. Ölkəmizin rəhbəri ABŞ liderinin Şurada təmsilçilik dəvətinə nəzərən bildirib ki, “bu dəvəti Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edirəm”. Deməli, Azərbaycan rəsmi Vaşinqtonun yeni təşəbbüs çərçivəsində sülh və sabitliyi əsas götürmə kazusunu rəhbər tutacaq.

Bəli, Sülh Şurası Azərbaycan üçün hansısa qlobal konfrantasiyalar baxımından qütbləşmə platforması deyil. Ona görə də Prezident İlham Əliyev məktubunda vurğulayıb: “İnanıram ki, Sülh Şurası səmərəli beynəlxalq təşkilat olub, öz missiyasını uğurla yerinə yetirəcək. Sizin müdrik liderliyinizə və sülh quruculuğu səylərinizə səmimi təqdirimi qəbul edin. Sizə Sülh Şurasının Sədri vəzifənizdə uğurlar arzu edirəm”.

***

Sonda ümumiləşdirmə apararaq deyək ki, Azərbaycanın Trampın elan etdiyi Sülh Şurasında təsisçi üzvlüyə razılığı faktı ölkəmizin taktiki, praqmatik və çoxvektorlu xarici siyasətinin davamıdır. Fikrimizə bir neçə istiqamətdə izah vermək olar ki, onların hər biri son dərəcə önəmlidir.

Birincisi, Azərbaycan münaqişədən çıxmış və regional status-kvo yaradan dövlət ampluasındadır. Bu amplua beynəlxalq platformalarda ölkəmizin təhlükəsizlik istehsalçısı obrazını formalaşdırır. Nəticə etibarilə Sülh Şurasında təsisçi üzvlük Azərbaycanın postmünaqişə təcrübəsini ixrac oluna bilən siyasi kapitala çevirir. Yəni respublikamız regional məsələ ilə məhdudlaşan aktor statusundan çıxaraq, qlobal sülh müzakirələrinin iştirakçısı olur. Belə bir iştirakçılıq isə beynəlxalq miqyasda dövlətimizin çəkisini artıracaq.

İkincisi, nəzərə alaq ki, ümumən, D.Trampın təşəbbüsləri klassik ABŞ diplomatiyasından fərqli olaraq, daha çox lider mərkəzlidir, sürətli razılaşma və siyasi nəticə yönümlüdür. Azərbaycanın təsisçi üzv kimi Sülh Şurasında iştirakçılığı Vaşinqtonla münasibətləri konqres–bürokratiya filtri olmadan birbaşa siyasi səviyyəyə çıxarır ki, mövcud məqam həm Azərbaycan-ABŞ funksional əməkdaşlığının gücləndirilməsinə dəstək baxımından vacibdir, həm də haqqında söz açdığımız bürökratik sistemin zaman-zaman nəzərə çarpan anti-Azərbaycan təmayülündən etibarlı sığortadır.

Üçüncüsü, vacib məqamlardan biri də budur ki, Sülh Şurası anti-Rusiya platforması kimi təqdim olunmur. Onun daha çox postkonflikt idarəetməsi adı altındakı fəaliyyəti vurğulanır. Yəni, əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmiz Şurada iştirakla hansısa tərəfdə təmsilçilik dilemmasına girmir, balanslı siyasətinə sadiqliyini saxlayır.

Ə.RÜSTƏMOV
XQ

Siyasət