Müşfiq ƏLƏSGƏRLİ,
media eksperti
Sosial şəbəkələrin təsir dairəsi sürətlə artır. Son statistikaya görə, dünya əhalisinin 70 faizə yaxını bu platformalardan istifadə edir. Azərbaycanda da durum təqribən eynidir: əhalinin 65 faizdən çoxu sosial şəbəkə istifadəçisidir. Bu cür geniş auditoriyaya malik platformalarda söyüş, təhqir, kobud jestlər, əxlaqsız ifadələr və etik normalara zidd məzmunun yayılması ciddi narahatlıq doğurur. Nəzərə almaq lazımdır ki, sosial şəbəkə platformalarındakı paylaşımlar təkcə fərdi davranış məsələsi deyil, eyni zamanda, cəmiyyətin ümumi mənəvi mühitinə, xüsusilə gənclərin, yetkinlik yaşına çatmayan şəxslərin dünyagörüşünə mənfi təsir göstərir.
Dövlətin sosial şəbəkə platformalarında hüquqi çərçivəni dəqiqləşdirməsi ictimai maraqların qorunması baxımından zəruridir. Bu kontekstdə yanaşsaq, Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif edilən dəyişiklikləri təsdiqləməsi Azərbaycanda rəqəmsal mühitin hüquqi tənzimlənməsi üçün mühüm mərhələ hesab oluna bilər. 15 yanvar tarixində təsdiqlənən hüquqi yeniliklər sosial şəbəkələrdə cəmiyyətə qarşı açıq hörmətsizlik, ictimai mənəviyyatın təhqiri, milli-mənəvi dəyərlərə qarşı zidd davranışların qadağan edilməsini hədəfləyir. Bu, müasir informasiya çağırışlarına verilən adekvat cavabdır.
Onu da qeyd etmək lazımdır ki, qanunun əvvəlki variantlarında sosial şəbəkələrdə etik və mənəvi dəyərlərə zidd paylaşımlara görə məsuliyyət yaradan normalar pərakəndə şəkildə mövcud idi. Məsələn, Qanunun 13-cü maddəsində ümumiləşdirilmiş şəkildə qeyd edilirdi ki, “qanunla yayılması qadağan edilən informasiyaların onlayn resurslarda yerləşdirilməsi” qadağandır. Lakin bu qadağanın praktik tətbiqi üçün digər normativ aktlara istinad zərurəti yaranırdı ki, bu da sıravi istifadəçilər üçün anlaşılan deyildi. Nəticə etibarilə, bu cür hüquqi boşluqlar kütləvi qanun pozuntuları üçün yol açırdı. İndi Prezident tərəfindən təsdiqlənən dəyişikliklər həmin boşluqları aradan qaldırır. Artıq “ictimai mənəviyyata və milli-mənəvi dəyərlərə zidd” və “cəmiyyətə açıq hörmətsizlik” anlayışları konkret hüquqi nəticələr doğuran kateqoriyalar kimi müəyyənləşdirilir və Qanunda konkret müddəa ilə əks edilir.
Məlumat üçün qeyd edim ki, 2025-ci ilin noyabr və dekabr aylarında Milli Məclis İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklikləri müzakirə edərək, söyüş, təhqir, əxlaqsız jestlər, bədən hissələrinin etik normalara zidd nümayişinə görə 500 manatdan 1000 manat cərimə və ya 30 günədək inzibati həbs tətbiq olunmasını məqbul sayıb. Həmin müzakirələrə əsasən, bu tip halların daha yüngül formasının “xırda xuliqanlıq” kimi qiymətləndirilməsi və 50 manatdan 100 manata qədər cərimələnməsi, yaxud 15 günədək inzibati həbslə cəzalandırılması təklif edilib.
İXM üçün təklif edilən dəyişikliklərin əsas üstünlüyü ondan ibarətdir ki, internet mühiti “boz zona” statusundan çıxarılaraq real hüquqi məsuliyyət məkanına çevrilir. Prezident İlham Əliyevin təsdiqlədiyi qanun dəyişiklikləri sağlam informasiya mühitinin formalaşmasına, milli-mənəvi dəyərlərin qorunmasına və rəqəmsal davranış mədəniyyətinin yüksəlməsinə xidmət edir.
Gözlənilir ki, yeni hüquqi çərçivə sosial şəbəkə istifadəçilərini daha məsuliyyətli davranışa sövq edəcək, ictimai münasibətlərdə etik sərhədlərin möhkəmlənməsinə töhfə verəcək.
Amma proses bununla bitmir. Sosial şəbəkələrin milli seqmentində tənzimləməyə cəlb edilməli, hüquqi çərçivəyə salınmalı olan çoxsaylı tendensiyalar mövcuddur. “İctimai mənəviyyata və milli-mənəvi dəyərlərə zidd məzmunun paylaşılması” bu sırada mövcud olan problemlərdən yalnız biridir. Zərərli vərdişləri, qanunsuz oyunları, nifrət nitqini, uşaq hüquqlarının pozuntusunu... ehtiva edən paylaşımların sayı sosial şəbəkə səhifələrində “N” qədərdir. Tendensiya halını almış bu istiqamətlərdən hər biri müəyyən edilməli, zərərsizləşdirilməsi üçün addımlar atılmalıdır.
Şəbəkə platformalarının milli seqmentində zərərli paylaşımların məhdudlaşdırılması, önləyici addımların atılması təcrübəsi Azərbaycanda böyük mənada 2013-cü ildə başlayıb. Həmin il Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əlavələr edilib. Təhqir və böhtanın yolverilməzliyi prinsipi sosial şəbəkələrə üçün də tətbiq edilib. Proses növbəti illərdə davam etdirilib, hər dəfə fərqli bir istiqamət üzrə qanunda yeniliklər edilib. Təcrübə göstərir ki, hər məzmun pozuntusu üzrə ayrı-ayrı qanunlara dəyişiklik etməkdənsə, şəbəkə platformaları üzrə əlahiddə tənzimləyici qanunun qəbul edilməsi daha effektiv olur. Avropanın əksər ölkələrində də bu praktikadan istifadə edilir. Almaniya, Fransa, Türkiyə və digərlərində sosial şəbəkə platformalarının milli seqmentinin tənzimlənməsi üzrə əlahiddə hüquqi aktlar hazırlanıb, qüvvəyə minib. Bu təcrübələrin öyrənilməsi, məqbul olanların müzakirəyə çıxarılması faydalı olardı.

