Hakan Fidanın açıqlaması nəyə hesablanıb?
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanda bu ilin yayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən danışıb və Ankaranın baş nazir Nikol Paşinyanın konstruktiv rolunu səmimi şəkildə dəstəklədiyini bildirib:
“Bildiyiniz kimi, iyun ayının əvvəlində Ermənistanda seçkilər keçiriləcək. Bu, mühüm addım olacaq. Lakin biz görürük ki, cənab Paşinyan hazırda ictimai rəy sorğularında öndədir. Biz onun bu məsələdə oynadığı konstruktiv rolu səmimi şəkildə dəstəkləyirik. Bu yanaşma, bu iradə qorunub saxlanmalıdır”.
Bəli, H.Fidan, indidən kifayət qədər açıq mesaj verdi və Türkiyənin Ermənistanın hazırkı iqtidarını dəstəklədiyini bəyan etdi. Hesab edirik ki, belə bir mesajın verilməsi adi məsələ sayıla bilməz. Hər halda, H.Fidan kimi şəxsin ifadə etdiyi hər fikrin dəqiq hesablanmış strategiyadan qaynaqlandığının əlavə sübuta ehtiyacı yoxdur. Axı Ermənistanda Paşinyan iqtidarını devirmək üçün kimlərin, hansı qüvvələrin canfəşanlıq etdikləri və onların hara bağlı olduqları gün kimi aydındır. Bu məqama qayıdacağıq.
Tam əminliklə demək olar ki, Türkiyə XİN rəhbərinin Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı açıqlaması region üçün qeyri-adi və diqqətçəkən diplomatik mesajdır. Çünki Ankara uzun illərdir Ermənistanla rəsmi münasibətləri məhdud saxlayan, proseslərə əsasən dolayı təsir göstərən aktor olub. Bu dəfə isə qardaş ölkə açıq şəkildə Ermənistanın daxili siyasi prosesinə münasibət bildirir və konkret siyasi fiqurun, yəni N.Paşinyanın mövqeyini müsbət qiymətləndirir. Hesab edirik ki, belə bir qiymətləndirmə özlüyündə tarixdə bir ilkdir. İndiyədək hansısa türk liderin və ya rəhbər şəxsin erməni lideri, yaxud rəhbər şəxsi dəstəklədiyinə dair örnək yoxdur. Əlbəttə, bu vaxtadək dəstəklənə biləcək erməni lider anlayışı da istisna təşkil edib. Bu mənada, Paşinyanın özünün də tarixə düşdüyünü vurğulamaq mümkündür.
Əlqərəz, H.Fidanın Paşinyanın siyasi dəst-xəttini konstruktiv qiymətləndirməsi bir neçə mühüm məqama söykənir. İlk növbədə, Nikolun regional sülh gündəliyinə açıq olmasını vurğulamaq olar. Həqiqətən, erməni baş nazirin son vaxtlar verdiyi bəyanatlar Cənubi Qafqazdakı yeni reallıqlara adekvat görünür. Yəni Paşinyan Azərbaycan–Ermənistan normallaşma prosesinə maneçilik törətmir, Ankara–İrəvan münasibətlərinin normallaşmasına səy göstərir. Buna görə də Türkiyə Nikolu indiyədək olan status-kvonu dəyişməyə çalışan, daha praqmatik lider qiyafəsində görür. Təsadüfi deyil ki, H.Fidan açıqlamasında Bakı ilə İrəvan arasında əldə olunmuş razılaşmanın icrasından, eləcə də Zəngəzur dəhlizindən söz açıb və bildirib ki, məsələ ilə bağlı intensiv iş aparılır. Yeri gəlmişkən, Fidan Zəngəzur dəhlizinin Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə birləşdirilməsi, həmçinin Türkiyənin türk dünyası və Mərkəzi Asiya ilə birbaşa əlaqəsinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Nəzərə alaq ki, başlıca məqsədin texniki məsələləri reallaşdırmaqdan, qarşıya qoyulmuş vəzifələrin tez bir zamanda həllini təmin etməkdən ibarət olduğunu deyən H.Fidan Azərbaycan, Ermənistan və Türkiyənin siyasi rəhbərliyinin startı verilmiş prosesdə siyasi iradə nümayiş etdirdiklərini də vurğulayıb. Bu, həlledici məqamdır.
Digər tərəfdən, o da məlumdur ki, bir Türkiyə rəsmisinin seçkilər ərəfəsində Paşinyana dəstək verməsinin erməni cəmiyyətinə bəlli mesaj yükü var. Yəni H.Fidan demək istəyir ki, hazırkı kursu davamlı olsa, Ermənistan düşdüyü regional təcriddən çıxacaq. Türkiyə XİN rəhbərinin bildirdikləri, həmçinin erməni siyasi müxalifətinə xəbərdarlıqdır. Xəbərdarlığın motivi aydındır: Paşinyana dəstəklə Ermənistandakı radikal revanşist xəttin güclənməsinə imkan tanınmayacaq. Bu, birbaşa müdaxilə olmasa da, diplomatik yönləndirmə kimi qiymətləndirilə bilər.
H.Fidanın açıqlaması, eyni zamanda, regional siyasi kontekstdən də qiymətləndirilə bilər. Yəni, o, Ankara–Bakı tandeminin fəaliyyətini davam etdirdiyini diqqətə çatdırır. Başqa sözlə desək, Türkiyə bununla Azərbaycanın sülh gündəliyinə dəstəyini bir daha göstərir, Qarabağ münaqişəsinin başa çatmasından sonrakı reallıqların qəbulunu təşviq edir. Məlumdur ki, Paşinyanın zəifləyəcəyi və ya hakimiyyətdən gedəcəyi təqdirdə Ermənistanda revanşist qüvvələrin güclənməsi ehtimalı var ki, bu isə ciddi regional risk faktoru və ssenarisidir. Belə bir ssenarinin hansısa şəkildə işlək duruma gəlməsi yolverilməzdir.
Riskdən söz düşmüşkən, H.Fidanın açıqlaması ilə bağlı əvvəldə üzərinə qayıdacağımızı bildirdiyimiz məqama diqqət yetirək. Məlumdur ki, Paşinyanı devirmək və ya hakimiyyət kürsüsündən uzaqlaşdırmaq istəyən qüvvələrin arxasında Rusiya dayanır. Məsələ ondadır ki, Nikol İrəvanın Moskva ilə münasibətlərində Ermənistanın əvvəlki hökumətləri qədər asılı mövqe nümayiş etdirmir. Mövcud trayektoriyada Türkiyənin ona dəstəyi İrəvanın daha çox Qərb və regional balans siyasətinə sadiqliyinin qorunmasını təşviq edir. Deməli, H.Fidanın mövqeyi Rusiyanın Cənubi Qafqazdakı təsirinə alternativ diplomatik xəttin yaradılmasıdır.
Əlbəttə, H.Fidanın açıqlamasının tam şəkildə Paşinyana xeyirli olacağını vurğulamaq bir o qədər yerinə düşmür. Çünki Türkiyə XİN rəhbərinin dedikləri hələ də keçmişin mənfi təsirlərini üzərindən atmayan erməni cəmiyyətində qızğın müzakirə doğurub. Müxalif qüvvələr Nikolu Türkiyəyə yaxınlıqda ittiham edirlər ki, bu da onun reytinqinə müəyyən mənfi təsir göstərə bilər. Amma belə bir durum yaranacaqsa, onu aradan qaldırmaq baş nazirin öz üzərinə düşən vəzifədir.
Ə.RÜSTƏMOV
XQ

