Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə təqdim olunan “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” ölkənin su təhlükəsizliyi və infrastruktur inkişafı sahəsində növbəti mərhələyə start verdi.
Son 20 ildə Azərbaycanın enerji və infrastruktur sahələrində əldə etdiyi uğurlar bu proqramın əsas təməlini təşkil edir. Elektrik enerjisində generasiya gücünün artıq daxili tələbatdan çox olması və ixraca başlanılması, qazlaşmanın 96 faizə çatdırılması, avtomobil yollarının, körpülərin və tunellərin genişmiqyaslı inşası ölkənin uzunmüddətli infrastruktur strategiyasının uğurlu nəticələridir. Su sektoru da bu uğurların əsas prioritetlərindən biridir. Ötən 20 il ərzində inşa edilən dörd böyük su anbarı və “Ceyranbatan”, “Taxtakörpü” kimi əsas obyektlərin yenidən qurulması şəhər və kənd əhalisinin dayanıqlı içməli su təminatını şərtləndirir.
Azad edilmiş ərazilərdə həyata keçirilən su layihələri, o cümlədən “Sərsəng”, “Suqovuşan”, “Köndələnçay” və “Zabuxçay” su anbarlarının bərpası Ermənistan tərəfindən əvvəllər həyata keçirilmiş su terroruna qarşı milli su təhlükəsizliyinin təmin olunması baxımından mühüm addımdır. Bu layihələr, eyni zamanda, kənd təsərrüfatının inkişafına və sənaye müəssisələrinin dayanıqlı su təchizatına xidmət edir.
Yeni Dövlət Proqramı su infrastrukturunun modernləşdirilməsini, 30-a yaxın yeni su anbarının inşasını, su sayğaclaşdırılmasının 100 faizə çatdırılmasını və itkilərin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur. Proqram həmçinin yağış sularının idarə olunması üçün 30 küçədə yeni kollektor şəbəkəsinin qurulması, tullantı sularının tam təmizlənməsi və Xəzər dənizinin çirklənməsinin qarşısının alınması məqsədini daşıyır. İlk dəfə ölkədə duzsuzlaşdırma zavodunun tikilməsi Bakının və Abşeron yarımadasının su təchizatının daha dayanıqlı olmasına imkan yaradacaq.
Prezidentin də qeyd etdiyi kimi, Dövlət Proqramı həm dövlət büdcəsi, həm də xarici kreditlər hesabına maliyyələşdiriləcək ki, bu da həm Azərbaycanın maliyyə imkanlarının güclənməsini, həm də beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın artırılmasını təmin edəcək. Proqramın icrası zamanı ictimai nəzarətin təmin olunacağına dair məlumat da təqdirəlayiqdir. Bu, şəffaflığın təmini və vətəndaşların görülən işlərdən xəbərdar olması baxımından olduqca əhəmiyyətlidir.
Ümumilikdə, bu proqramın həyata keçirilməsi ölkədə su təhlükəsizliyinin möhkəmlənməsi, su itkilərinin azaldılması, içməli suyun və suvarma imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir və Azərbaycan infrastruktur siyasətində yeni dövrün başlanğıcını qoyur.
Yusif BAĞIRZADƏ,
politoloq

