Azərbaycanın dövlət – din siyasətində yeni mərhələ

post-img

Azərbaycan Prezidentinin 7 yanvar tarixində imzaladığı “Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında” Sərəncam dövlət–din münasibətlərinin institusional inkişafında növbəti strateji mərhələ kimi qiymətləndirilə bilər. Sənəd mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi, dinlərarası həmrəyliyin gücləndirilməsi, dini maarifləndirmənin müasir tələblərə uyğun qurulması və mənəvi-əxlaqi dəyərlərin sistemli şəkildə təşviqi kimi prioritetləri dövlət siyasətinin mərkəzinə gətirir.

Belə bir yanaşma sosial-mədəni siyasətin elementi, milli təhlükəsizlik, ideoloji sabitlik və ictimai inteqrasiyanın mühüm mexanizmidir. Müasir geosiyasi qeyri-sabitlik, radikal ideoloji axınların transsərhəd xarakter alması və informasiya manipulyasiyaları fonunda dövlətin dini sahəni strateji idarəetmə predmetinə çevirməsi rasional siyasi qərar kimi çıxış edir.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət dünyəvi xarakter daşıyır və din dövlətdən ayrıdır. Klassik hüquqi interpretasiyada bu prinsip dövlətin dini proseslərə müdaxilə etməməsi, bütün konfessiyalara bərabər münasibət göstərməsi və dini azadlıqların təmin olunması kimi başa düşülür. Lakin müasir politoloji yanaşmalarda sekulyarizm artıq funksional idarəetmə mexanizmi kimi təhlil edilir. Xüsusilə çoxkonfessiyalı və geosiyasi risklərə açıq olan cəmiyyətlərdə dövlətin dini sferaya passiv münasibəti institusional boşluqlar yarada və qeyri-dövlət aktorlarının təsir imkanlarını genişləndirə bilər.

Məhz bu baxımdan Azərbaycan modeli sekulyarizmin klassik liberal interpretasiyasından fərqlənərək, “aktiv tənzimləyici sekulyarizm” anlayışına yaxınlaşır. Dövlət dini institutların hüquqi legitimliyini, maliyyə dayanıqlılığını və ictimai məsuliyyətini təmin edən əsas aktor rolunu oynayır. Azərbaycanda bu yanaşma dinin ictimai həyatdan sıxışdırılması deyil, onun institusional çərçivədə nəzarətli inteqrasiyası məqsədini daşıyır. Deməli, dövlət dini sahədə ideoloji neytrallığı qoruyaraq, eyni zamanda, sosial stabilliyi təmin edən mexanizmlər formalaşdırır.

Prezidentin 7 yanvar tarixli Sərəncamında dini qurumlara maliyyə dəstəyinin institusionallaşdırılması məhz bu funksional reinterpretasiyanın praktik təzahürüdür. Burada dövlət dini sahəyə sabitlik yaradan tərəfdaş kimi daxil olur. Maliyyə mexanizmlərinin mərkəzləşdirilmiş və şəffaf şəkildə təşkili dini qurumların fəaliyyətini formal spontanlıqdan çıxararaq idarə olunan institusional müstəviyə keçirir. Bütün bunlar dini fəaliyyətin qeyri-rəsmi şəbəkələr, xarici donor strukturları və ideoloji asılılıqlar üzərində qurulmasının qarşısını alır.

Politoloji aspektdən bu transformasiya liberal sekulyarizmdən idarəedici sekulyarizmə keçid kimi xarakterizə edilə bilər. Liberal sekulyar modeldə dövlətin əsas funksiyası dini azadlıqları qorumaq və müdaxilədən çəkinməkdirsə, idarəedici sekulyar modeldə dövlət dini sferanın struktur təhlükəsizliyini, sosial məsuliyyətini və ideoloji balansını təmin edir. Xüsusilə postsovet məkanında zəif institusional ənənələr və xarici ideoloji təsirlərin aktivliyi fonunda bu model daha funksional və real təhlükəsizlik ehtiyaclarına uyğun hesab olunur.

Azərbaycan təcrübəsi göstərir ki, dini sahənin tamamilə özünütənzimləməyə buraxılması uzunmüddətli perspektivdə radikallaşma, fraqmentasiya və sosial etimadın aşınması risklərini artıra bilər. Dövlət tərəfindən maliyyələşdirilən və institusional çərçivəyə daxil olan dini qurumlar isə daha çox hesabatlılıq, hüquqi məsuliyyət və ictimai legitimlik prinsipləri əsasında fəaliyyət göstərirlər. Bunlar dini institutların siyasi manipulyasiya alətinə çevrilməsi ehtimalını əhəmiyyətli dərəcədə azaldır.

Maliyyə dəstəyi mexanizmi, eyni zamanda, xarici təsir kanallarının neytrallaşdırılması funksiyasını da daşıyır. Transmilli dini şəbəkələr, qeyri-rəsmi fondlar və ideoloji mərkəzlər vasitəsilə aparılan təsirlər bir çox regionlarda daxili sabitliyə təhlükə yaradan faktor kimi çıxış edir. Dövlətin maliyyə resursları hesabına daxili dini institutların gücləndirilməsi bu asılılıq zəncirini qırır və milli ideoloji suverenliyin qorunmasına xidmət edir.

Bundan əlavə, dövlətin maliyyə və normativ dəstəyi dini resursların destruktiv ideoloji kanallara yönəlməsinin qarşısını alan preventiv mexanizm rolunu oynayır. Radikal diskursların sosial bazası adətən institusional boşluqlar, iqtisadi zəiflik və ideoloji savadsızlıq üzərində formalaşır. Dövlət tərəfindən dəstəklənən dini strukturlar isə maarifləndirici, inteqrativ və sabitləşdirici funksiyalar yerinə yetirərək bu boşluqları doldurur.

Azərbaycanda multikonfessional harmoniyanın qorunması dövlət ideologiyasının fundamental dayaqlarından biri kimi çıxış edir. Tarixi olaraq müxtəlif dini icmaların yanaşı və qarşılıqlı hörmət şəraitində yaşadığı Azərbaycan cəmiyyəti bu modeli məqsədyönlü dövlət siyasətinin məhsulu kimi formalaşdırmışdır. Prezidentin 7 yanvar tarixli Sərəncamında dinlərarası həmrəyliyin inkişafının prioritet kimi müəyyən edilməsi bu siyasətin institusional davamlılığını təmin edən mühüm mexanizmdir.

Dinlərarası harmoniya humanitar kateqoriyadan daha çox daxili siyasi sabitliyin struktur elementi kimi qiymətləndirilməlidir. Müasir dövlətlərdə etno-dini identikliklər siyasi mobilizasiya alətinə çevrilə bilər və zəif institusional nəzarət şəraitində sosial parçalanma riskini artırır. Xüsusilə regional münaqişələrin, məzhəb qarşıdurmalarının və ideoloji radikallaşmanın intensivləşdiyi beynəlxalq mühitdə dini identikliklərin idarə olunmaması təhlükəsizlik dilemması yarada bilər. 

Sərəncam çərçivəsində dini qurumlara maliyyə və institusional dəstəyin artırılması konfessiyalararası dialoqu davamlı sosial mexanizmə çevirir. Dövlətin moderator funksiyası dini icmalar arasında kommunikasiya kanallarını gücləndirir, qarşılıqlı etimadı artırır və potensial konfliktlərin erkən mərhələdə neytrallaşdırılmasına imkan yaradır. 

Regional və qlobal kontekstdə etno-dini qarşıdurmaların artması fonunda Azərbaycan təcrübəsi “preventiv tolerantlıq siyasəti” kimi fərqlənir. Burada tolerantlıq passiv dövlət tərəfindən planlı şəkildə təşviq edilən, maliyyə və normativ mexanizmlərlə dəstəklənən aktiv siyasət modelidir. Dini icmaların institusional legitimliyi və sosial inteqrasiyası radikallaşma risklərini minimuma endirir, marjinallaşmış qrupların yaranmasının qarşısını alır və sosial fraqmentasiya ehtimalını zəiflədir. Konfessional müxtəlifliyin dövlətçilik ideologiyası ilə ziddiyyət təşkil etməməsi, əksinə, onun tərkib hissəsinə çevrilməsi vətəndaş loyallığını gücləndirir və siyasi legitimliyi artırır.

Beynəlxalq ölçüdə isə bu model Azərbaycanın xarici siyasət diskursunda mühüm yumşaq güc alətinə çevrilir. Multikulturalizm və dini tolerantlıq praktiki dövlət siyasəti səviyyəsində təqdim olunduqda ölkənin beynəlxalq reputasiya kapitalını artırır, diplomatik etibarlılığını gücləndirir və beynəlxalq platformalarda normativ üstünlük yaradır. Azərbaycan bu siyasət vasitəsilə sivilizasiyalararası dialoqun təşviqçisi kimi mövqelənir. Mədəni diplomatiya kontekstində dini harmoniyanın institusionallaşdırılması beynəlxalq konfranslar, humanitar təşəbbüslər və akademik platformalar üzərindən ölkənin normativ təsir imkanlarını genişləndirir. 

Sərəncamın mühüm komponentlərindən biri dini maarifləndirmənin müasir tələblərə uyğun təşkili məsələsidir. Müasir informasiya mühitində ideoloji təhlükə ənənəvi fiziki təhlükəsizlik riskləri qədər təsirlidir. Dini savadsızlıq, yanlış interpretasiyalar və sosial şəbəkə manipulyasiyaları radikallaşma üçün münbit zəmin yaradır. Dövlətin maliyyə dəstəyi ilə qurulan maarifləndirmə proqramları bu risklərin preventiv idarə olunmasına xidmət edir. Burada dövlət-din əməkdaşlığı maarifçilik, akademik ekspertiza və ictimai kommunikasiya platformalarının inkişafı ilə sistemli xarakter alır.

Qloballaşma və rəqəmsal transformasiya dövründə cəmiyyətlərdə dəyər deformasiyası və sosial atomlaşma tendensiyası müşahidə olunur. Sərəncamda mənəvi-əxlaqi dəyərlərin təbliğinin gücləndirilməsi dövlətin sosial kapitalı qoruma strategiyasının tərkib hissəsi kimi çıxış edir. Dövlət dəstəyi bu institutların sosial missiyasını gücləndirir və ictimai konsolidasiyaya töhfə verir.

Nəticədə, Azərbaycan modeli sübut edir ki, dünyəvilik və dövlət himayəsi bir-birinə zidd anlayışlar deyil, düzgün siyasi dizayn şəraitində qarşılıqlı tamamlayıcı mexanizmlərdir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, 
siyasi elmlər üzrə fəlsəfə doktoru

 



Siyasət