Sülh və rifah: yeni iqtisadi inkişaf mərhələsi

post-img

Azərbaycan əldə etdiyi sülhü milli rifahı formalaşdıran yeni iqtisadi inkişaf mərhələsinin əsas dayağına çevirir.

Son dövrlərdə Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində sülh və sabitlik faktoruna xüsusi vurğu etməsi Azərbaycanın postmünaqişə mərhələsində inkişafını hansı strateji xətt üzrə qurduğunu aydın şəkildə göstərir. Bu yanaşma sülhün eyni zamanda milli iqtisadiyyatın uzunmüddətli trayektoriyasını müəyyən edən, dayanıqlı inkişaf üçün baza yaradan fundamental inkişaf resursu kimi qəbul edildiyini təsdiqləyir. Ölkənin ərazi bütövlüyünün bərpası bu baxımdan yalnız tarixi-siyasi nailiyyət deyil, həm də milli iqtisadiyyatın uzunmüddətli və aydın əsaslar üzərində qurulmasına imkan verən mühüm şərtə çevrilmişdir.

Mövcud strateji yanaşma öz institusional köklərini Ulu öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik modelindən götürür. Həmin modeldə siyasi-iqtisadi sabitlik, güclü dövlət institutları və idarəetmə iqtisadi inkişafın ilkin və dəyişməz şərti kimi qəbul edilirdi. Bu yanaşma sabitliyi inkişafın başlanğıc nöqtəsi kimi dəyərləndirən dövlətçilik fəlsəfəsinə əsaslanırdı.

Bu kontekstdə Prezident İlham Əliyevin 5 yanvar 2026-cı il tarixli müsahibəsində səsləndirdiyi fikirlər postmünaqişə dövrünün artıq yalnız bərpa və təhlükəsizlik mərhələsi ilə məhdudlaşmadığını, suverenliyin iqtisadi və sosial rifaha çevrildiyi yeni inkişaf mərhələsi kimi dərk edildiyini göstərir. Yeni mərhələdə dövlət ərazi bütövlüyünü qoruyan və sülh şəraitində milli iqtisadi potensialı sistemli şəkildə rifaha transformasiya edən inkişafyönlü aktor kimi çıxış edir.

Sülh və sabitlik: iqtisadi inkişafın ilkin şərti

Müasir qlobal iqtisadiyyatda inkişaf artıq yalnız təbii resursların mövcudluğu və bazarın ölçüsü ilə izah edilmir. Həlledici amil iqtisadi sistemin hansı dərəcədə sabit qaydalar üzərində qurulması, necə idarə edilməsi və iqtisadi subyektlərin gələcəyi nə qədər proqnozlaşdıra bilməsidir. Məhz bu çərçivədə Azərbaycanda formalaşmış sosial-iqtisadi sabitlik ölkənin beynəlxalq risk qavrayışını əhəmiyyətli dərəcədə yaxşılaşdırmış, maliyyələşmə imkanlarını genişləndirmiş və iqtisadi qərarların zaman üfüqünü uzatmışdır. Sabitlik burada abstrakt anlayış deyil, ölçüləbilən iqtisadi üstünlük kimi çıxış edir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyünün bərpası nəticəsində təmin olunan suverenlik sülh mühitini formalaşdırmış, sülh isə sosial-iqtisadi sabitliyin möhkəmlənməsi üçün etibarlı zəmin yaratmışdır. Bu dönüş nöqtəsindən sonra iqtisadiyyat ehtiyatlı, qısamüddətli uyğunlaşma mərhələsindən çıxaraq daha sistemli və planlaşdırılan qərarlar mərhələsinə keçmişdir. Sabitliyin dərinləşməsi riskləri zəiflətmiş, iqtisadi subyektlərin davranış məntiqini dəyişmiş, planlaşdırma üfüqünü genişləndirmiş və investisiya qərarlarının uzunmüddətli gözləntilər üzərində qurulmasına imkan vermişdir. Nəticədə iqtisadi artım keyfiyyət və dayanıqlıq baxımından da yeni mərhələyə yüksəlmişdir.

İqtisadi sabitliyin real dəyəri onun mövcud olmadığı halların yaratdığı itkilərin üzərindən daha aydın görünür. Beynəlxalq təcrübə göstərir ki, milli valyutanın qeyri-sabit olduğu və inflyasiyanın yüksək səviyyədə qaldığı ölkələrdə iqtisadiyyat artsa belə, o, adətən zəif, sosial baxımdan kövrək və fiskal baxımdan dayanıqsız olur. Argentina nümunəsində uzunmüddətli yüksək inflyasiya real gəlirlərin aşınmasına, daxili tələbin daralmasına və fiskal böhranların xroniki xarakter almasına səbəb olmuşdur. Türkiyədə isə son illərdə məzənnə dəyişkənliyi və inflyasiya təzyiqləri investisiya davranışını qısamüddətli və müdafiə xarakterli etmiş, istehsal və texnoloji sahələrdə uzunmüddətli sərmayələrin payını məhdudlaşdırmışdır. Bu nümunələr açıq şəkildə göstərir ki, ­həlledici olan artımın özü deyil, onu daşıyan makroiqtisadi çərçivənin keyfiyyətidir.

Azərbaycan kontekstində isə fərqli və daha ehtiyatlı makroiqtisadi yanaşma formalaşmışdır. Milli valyutanın dəyərinin qorunması və inflyasiyanın idarəolunan səviyyədə saxlanılması iqtisadiyyat üçün etibarlı nominal lövbər rolunu oynayır. Bu lövbər qiymət gözləntilərini sabitləşdirir, idxal qiymətlərində kəskin dalğalanmaların qarşısını alır və istehlak bazarında qiymət spirallarının yaranma riskini azaldır. Nəticədə, əhalinin real gəlirləri qorunur, daxili tələb süni şəkildə sıxılmır və iqtisadi artımın əsas dayaqları zəifləmədən saxlanılır.

Bu yanaşma Şərqi Avropa ölkələrinin uğurlu təcrübəsi ilə də uzlaşır. Polşa və Çexiya kimi ölkələr inflyasiyanı nəzarətdə saxlayaraq və məzənnə sabitliyini qoruyaraq istehsal və ixracyönümlü artımı təmin etmiş, sənaye və texnoloji sahələrdə dərinləşməyə nail olmuşlar. Bu ölkələrdə makroiqtisadi sabitlik iqtisadi qərarların zaman üfüqünü uzatmış və iqtisadiyyatın keyfiyyətcə yenilənməsinə imkan vermişdir. Azərbaycan da oxşar məntiq üzrə, lakin öz resurs və institusional xüsusiyyətlərinə uyğun şəkildə sabitliyi iqtisadi inkişafın ilkin və dəyişməz şərti kimi istifadə edir.

Bu baxımdan, Azərbaycanın timsalında sabitliyin əhəmiyyətini 3 əsas iqtisadi sütun üzərində izah etmək mümkündür.

Birincisi, fiskal siyasətdə kontr-tsiklik mexanizmlərin gücləndirilməsidir. Neft qiymətlərinin kəskin dalğalanması fonunda formalaşdırılmış valyuta ehtiyatları “fiskal bufer” rolunu oynayaraq qlobal böhranlar zamanı dövlətin sosial öhdəliklərini yerinə yetirməsinə və infrastruktur layihələrini fasiləsiz maliyyələşdirməsinə imkan verir. Sabitlik burada iqtisadiyyatın uzunmüddətli və balanslı inkişaf modelinə keçidini təmin edən əsas mexanizm kimi çıxış edir.

İkincisi, manatın sabitliyi və inflyasiya ilə mübarizədir. Kiçik və açıq iqtisadiyyat olan Azərbaycan üçün idxal olunan inflyasiyanın qarşısının alınmasında məzənnə sabitliyi həlledici əhəmiyyət daşıyır. Mərkəzi Bankın pul siyasəti qiymətlərin ümumi səviyyəsini tənzimləməklə həm sahibkarlar üçün iqtisadi vəziyyətin aydın olmasını təmin edir, həm də əhalinin real gəlirlərinin inflyasiya nəticəsində aşınmasının qarşısını alır.

Üçüncüsü, qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artırılmasıdır. Sabit makroiqtisadi mühit ölkənin beynəlxalq reytinqlərdə ölkənin mövqeyini gücləndirir və birbaşa xarici investisiyaların qeyri-neft sahələrinə yönəlməsini stimullaşdırır. Prezidentin qeyd etdiyi kimi: “Ölkəmizdə gözəl investisiya iqlimi vardır. Biz ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Bu gün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir”. Xüsusilə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və “yaşıl enerji”yə keçid strategiyası şəraitində bu sabitlik iqtisadiyyat üçün zəruri olan etibarlı güvən mühitini formalaşdırır.

Nəticə etibarilə, Azərbaycan timsalında məzənnə sabitliyi və inflyasiyanın idarəolunan səviyyədə saxlanılması iqtisadi artımın təsadüfi konyunktura deyil, məhsuldarlıq və keyfiyyət əsaslı mexanizmlər üzərindən formalaşmasına imkan verir. Bu çərçivə qorunduqca, iqtisadiyyat daha balanslı və uzunmüddətli inkişaf trayektoriyası üzrə irəliləyir.

Son 10 il: sabitliyin iqtisadi nəticələri

Formalaşmış makroiqtisadi mühit fonunda son 10 il Azərbaycan iqtisadiyyatında yenilənmə və davamlı artıma keçid mərhələsi olmuşdur. İqtisadiyyatda risk mühitinin yumşalması sosial-iqtisadi siyasətin diqqətini uzunmüddətli inkişaf hədəflərinə yönəltmiş, iqtisadi qərarların məntiqini dəyişmişdir: iqtisadi siyasət alətləri daha çox ölkədə iqtisadiyyatın potensialını genişləndirən istiqamətlərə fokuslanmışdır.

Nəticədə şaxələnmə, texnoloji yenilənmə və dayanıqlı inkişaf prinsipləri əsasında keyfiyyət dəyişikliyi sürətlənmişdir. Fiskal və monetar siyasət arasında koordinasiyanın güclənməsi, institusional islahatların ardıcıllığı və risklərin idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi iqtisadiyyatın daha stabil xarakter almasına şərait yaratmışdır. Bu mərhələdə milli iqtisadiyyatda artıq mövcud potensialın istifadəsi ilə yanaşı, yeni dəyər zəncirlərinin formalaşdırılması təmin olunmağa başlamışdır.

Ötən 10 ildə milli iqtisadiyyat ümumilikdə 16 faizə yaxın artmış, artımın əsas mənbəyi qeyri-neft sektorunun genişlənməsi olmuşdur: neft-qaz sektorunun azalmasına baxmayaraq, qeyri-neft sektoru 36% artmışdır. Artımın əsas hissəsi qlobal qeyri-müəyyənliyin kəskinləşdiyi son beş ildə formalaşmış, qeyri-neft sektorunda orta illik artım 6 faiz təşkil etmişdir. Bu dinamika iqtisadiyyatın sağlamlaşdığını, gəlir və məşğulluq kanalları vasitəsilə sosial-iqtisadi sabitliyi dəstəklədiyini göstərir.

Beləliklə, son onillikdə əldə olunan nəticələr sabitliyin iqtisadiyyatda aktiv transformasiyaedici amil kimi fəaliyyət göstərdiyini və artım mənbələrinin daha dayanıqlı əsaslar üzərində formalaşdığını təsdiqləyir. Bu əsasda ölkədə ötən illərdə müşahidə edilən mühüm dəyişikliklər kimi aşağıdakıları göstərmək olar:

1. Şaxələnmə qeyri-neft sektorunun dayaq xəttinə çevrilmişdir. Qeyri-neft sektorunun iqtisadiyyatda payının 71 faizi üstələməsi artım mənbələrinin tək bir sektorla məhdudlaşmaması, daxili istehsal və xidmət sahələrinin iqtisadi dinamikanın əsas dayaqlarına çevrilməsi deməkdir. Qeyri-neft sektorunun genişlənməsi həm məşğulluq, həm də vergi bazası baxımından dayanıqlığı gücləndirmişdir. Xidmət sahələrinin yüksək paya malik olması iqtisadiyyatın müasirləşməsini və bazar mexanizmlərinin dərinləşməsini nümayiş etdirir: tikinti, nəqliyyat, ticarət, ictimai iaşə və turizmdə artan fəallıq sosial ötürücülüyü gücləndirmiş, yeni məşğulluq imkanları yaratmışdır. Özəl sektorun 85 faizlik paya çatması sahibkarlığın rolunun artdığını və rəqabət mühitinin genişləndiyini təsdiqləyir. Qeyri-neft ixracının 2,8 dəfə artması isə şaxələnmənin xarici ölçüdə də keyfiyyət dəyişikliyi yaratdığını göstərir: ixracın coğrafiyası və məhsul strukturu genişləndikcə valyuta gəlirləri daha sabit xarakter alır, qlobal qiymət dəyişkənliyinin yaradacağı risklər azalır və mənfi təsirlərə qarşı ümumi makroiqtisadi dayanıqlıq möhkəmlənir.

2. Makroiqtisadi sabitlik mənfi təsirlərə qarşı çevik və davamlı sistemə çevrilmişdir. Uzun illər makroiqtisadi sabitliyin qorunması Azərbaycanın xarici iqtisadi şoklara qarşı davamlı sistem formalaşdırmasına imkan vermişdir. Neft qiyməti şokları və pandemiya kimi qlobal sınaqlar ölkədə makroiqtisadi sabitliyə fundamental təsir göstərə bilməmişdir. Strateji valyuta ehtiyatlarının 85 milyard ABŞ dollarını ötması və xarici borcun ÜDM-ə nisbətinin 6,5 faizə enməsi, habelə xarici valyuta ehtiyalarının idxalı dəfələrlə üstələməsi iqtisadiyyatda dayanıqlığın əsas göstəriciləridir. Bu çərçivə beynəlxalq maliyyə bazarlarında da müsbət qiymətləndirilmiş, kredit reytinqində yaxşılaşma makroiqtisadi sabitliyin beynəlxalq təsdiqinə çevrilmişdir. Prezidentin vurğuladığı kimi: “Bu gün Azərbaycanın kredit reytinqi yüksəlir. Bu, aparılan düşünülmüş iqtisadi siyasətin, fiskal intizamın və makroiqtisadi sabitliyin nəticəsidir.” Reytinq dinamikası iqtisadiyyatın maliyyələşməsi xərclərini azaldır, uzunmüddətli borclanma imkanlarını genişləndirir və investisiya üfüqünü uzadır. 

3. İnklüzivlik güclənmiş, iqtisadi artım sosial sabitliyə ötürülmüşdür. İqtisadi artım sosial göstəricilərə ötürülmüşdür ki, bu da məşğulluğun və gəlirlərin davamlı artımını təmin etmiş, iqtisadiyyatda böyümənin inklüziv xarakterini gücləndirmişdir. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin mühüm hissəsinin xidmət sahələrində formalaşması bu sektoru həm artımın, həm sosial sabitliyin əsas daşıyıcısına çevirmişdir. Turizm, ictimai iaşə və nəqliyyat sahələrində genişlənmə məşğulluğu artırmış, muzdla işləyənlərin mühüm hissəsinin xidmət sektorunda cəmlənməsi artımın daha geniş əhali təbəqəsinə ötürülməsinə xidmət etmişdir. Orta aylıq əmək haqqı 2016-cı ildən 2,2 dəfə artaraq 499,8 manatdan 1 090 manata, orta pensiya isə 3 dəfə artaraq 177,6 manatdan 540 manata yüksəlmişdir. Gəlirlərin sabit artımı daxili tələbi gücləndirmiş, onun dayanıqlı olması isə xarici mənfi iqtisadi təsirlərin ötürülmə kanallarını zəiflətmişdir. 

4. Texnoloji transformasiya başlamış və dəyər zəncirini genişləndirmişdir. Son illərdə texnoloji modernləşmə və rəqəmsal transformasiya iqtisadi artımın keyfiyyət göstəricilərini yüksəltmişdir. Ölkədə 9 sənaye parkı və 4 sənaye məhəlləsinin fəaliyyəti, qeyri-neft sənayesində istehsalın təxminən 1/5-nin yüksək və orta-yüksək texnoloji sahələrdə cəmlənməsi texnoloji dərinləşməni göstərir. 2016-cı ildən informasiya və rabitə sektorunda əlavə dəyərin 2 dəfədən çox artması transformasiyanın real nəticələr verdiyini təsdiqləyir. Sabit makroiqtisadi mühit investisiyaların daha çox texnoloji, innovativ və orta-yüksək dəyərli sahələrə yönəlməsini sürətləndirmiş, məhsul və xidmət istehsalı potensialının yüksəlməsini dəstəkləmişdir.

5. Postmünaqişə dövrü quruculuğu məqsədə çevrilmişdir. Postmünaqişə mərhələsində Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 22 milyard manatdan çox vəsait xərclənmişdir. Burada həyata keçirilən layihələr bərpanı iqtisadi potensialı genişləndirən kapital qoyuluşu kimi formalaşdırmışdır. Yeni yol və nəqliyyat infrastrukturu, enerji və kommunal şəbəkələr, sənaye və kənd təsərrüfatı zonaları bu ərazilərin iqtisadi dövriyyəyə inteqrasiyasını sürətləndirmişdir. Xüsusilə logistika və istehsal imkanlarının yaradılması regional iqtisadi fəallığın artmasına zəmin formalaşdırır.

Azərbaycan modelində fərqləndirici cəhət ondan ibarətdir ki, bərpa həm də ümumi iqtisadiyyatda struktur dəyişkliyin aləti olaraq nəzərdə tutulur. İnfrastruktur layihələri həm fiziki bərpa funksiyasını daşıyır, həm də gələcək istehsal və ticarət imkanlarını genişləndirən iqtisadi potensialın formalaşmasına xidmət edir. Qarabağ və Şərqi Zəngəzurun “sıfırdan qurulması” konsepsiyası bu yanaşmanın praktiki ifadəsidir: məqsəd köhnə təcrübələri təkrarlamadan daha məhsuldar və müasir regional iqtisadi sistem yaratmaqdır.

Struktur dayaqlar: qeyri-neft sektoru, ixrac və tranzit

Prezident İlham Əliyevin müsahibələrdə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycanın iqtisadi modeli üç əsas dayaq üzərində formalaşır: qeyri-neft sahələrin genişlənməsi, ixracın şaxələndirilməsi və tranzit imkanlarının kapitallaşdırılması. Bu üç istiqamət birlikdə iqtisadi artımın mənbə bazasını genişləndirir, artımı daha balanslı edir və iqtisadiyyatı xarici təsirlərə qarşı daha dayanıqlı hala gətirir.

Bu modeldə qeyri-neft sektoru mərkəzi rol oynayır. Qeyri-neft sahələrin genişlənməsi iqtisadi artımı daxili istehsal, xidmətlər və insan kapitalı üzərində qurur. Xüsusilə sənaye, aqrar emal, nəqliyyat, turizm, ticarət və xidmət sahələrinin inkişafı iqtisadiyyatın daxili dövriyyəsini gücləndirir, məşğulluq imkanlarını artırır və vergi bazasını genişləndirir. Qeyri-neft sektorunun artan payı iqtisadi artımın daha inklüziv xarakter almasına, gəlirlərin daha geniş əhali təbəqələrinə ötürülməsinə və sosial sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu sektor eyni zamanda iqtisadiyyatın şoklara həssaslığını azaldan əsas amortizator funksiyasını yerinə yetirir.

İxracın şaxələndirilməsi modelin xarici ölçüsünü tamamlayır. Enerji ixracı strateji əhəmiyyətini saxlayır, lakin qlobal enerji transformasiyası şəraitində daha müasir və dayanıqlı mənbələr üzərində qurulur. Bununla yanaşı, qeyri-neft ixracının artması qlobal qiymət dəyişkənliyinin daxili iqtisadiyyata ötürülməsini zəiflədir və tədiyə balansının keyfiyyətini yüksəldir. Burada əsas məsələ ixracın tərkibidir: emal və xidmət komponentlərinin artması valyuta gəlirlərini daha sabit edir, daxili dəyər zəncirlərini dərinləşdirir və istehsalın texnoloji səviyyəsini yüksəldir.

Tranzit imkanlarının genişlənməsi isə iqtisadi modelin məkan ölçüsünü formalaşdırır. Tranzit axınları ətrafında logistika, anbar, sığorta, maliyyə, emal və xidmət sahələrinin inkişafı əlavə dəyəri artırır və iqtisadi fəaliyyətin miqyasını genişləndirir. İqtisadi coğrafiya nəzəriyyəsinə görə, tranzit və ticarət xərclərinin azalması bazar ölçüsünü böyüdür, miqyas effektləri yaradır və iqtisadiyyatın potensial istehsal səviyyəsini yüksəldir. Bu baxımdan tranzit imkanlarının səmərəli idarə olunması investisiya qərarlarının zaman üfüqünü uzadır və istehsalın daha iri və səmərəli miqyasda planlaşdırılmasını stimullaşdırır.

Beləliklə, qeyri-neft sektorunun güclənməsi daxili istehsal və məşğulluq bazasını genişləndirir, ixracın strukturunun yaxşılaşması valyuta gəlirlərinin sabitliyini artırır, tranzit imkanlarının inkişafı isə iqtisadiyyatın məkan ölçüsünü böyüdərək miqyas effektləri yaradır. Bu üç istiqamətin sinerjisi Azərbaycanın yeni mərhələdə daha dayanıqlı, balanslı və uzunmüddətli iqtisadi inkişaf modelinə keçidini təmin edir.

2026-cı ilin büdcəsində sabitlik və inkişaf çərçivəsi

İqtisadiyyatın tərkib baxımından müasirləşməsi 2026-cı il üzrə fiskal siyasətdə də əksini tapir. Qəbul edilmiş dövlət büdcəsi Azərbaycanın yeni mərhələdə seçdiyi iqtisadi kursun fiskal müstəvidə ardıcıl və ehtiyatlı şəkildə dəstəkləndiyini göstərir. Büdcə gəlirlərinin 38,6 milyard manat, xərclərin isə 41,7 milyard manat səviyyəsində müəyyən edilməsi fiskal siyasətin mahiyyət etibarilə inkişafyönümlü, eyni zamanda, makroiqtisadi riskləri nəzərə alan balanslaşdırılmış xarakter daşıdığını təsdiqləyir. Burada əsas məqam təkcə xərclərin həcmi deyil, həmin xərclərin hansı iqtisadi məntiq üzərində qurulmasıdır.

Büdcə kəsirinin idarəolunan səviyyədə saxlanılması qısamüddətli fiskal genişlənmədən daha çox orta və uzunmüddətli makroiqtisadi dayanıqlığın qorunmasına üstünlük verildiyini göstərir. Bir tərəfdən, iqtisadi artımın dəstəklənməsi üçün zəruri fiskal impuls təmin olunur, digər tərəfdən isə dövlət borcunun və fiskal risklərin nəzarətsiz şəkildə artmasının qarşısı alınır. Bu yanaşma göstərir ki, 2026-cı il büdcəsi qısamüddətli genişlənməni deyil, orta və uzunmüddətli makroiqtisadi dayanıqlığı hədəfləyir. Başqa sözlə, fiskal siyasət artımı “borc hesabına sürətləndirmək” yox, mövcud fiskal imkanlar çərçivəsində keyfiyyətli artım yaratmaq məqsədi güdür.

Büdcə xərcinə nəzər yetirdikdə inkişaf prioritetlərinin aydın şəkildə seçildiyi görünür. Müdafiə və milli təhlükəsizlik xərclərinin artırılması təhlükəsizliyin iqtisadi inkişaf üçün ilkin və dəyişməz şərt kimi qorunduğunu göstərir. Postmünaqişə mərhələsində bu yanaşma xüsusi əhəmiyyət daşıyır: təhlükəsizlik yalnız siyasi sabitlik faktoru deyil, eyni zamanda investisiya qərarlarının, istehsal planlarının və uzunmüddətli iqtisadi layihələrin mümkünlüyünü təmin edən əsas iqtisadi şərtdir. Təhlükəsizlik xərcləri bu baxımdan iqtisadi fəaliyyət üçün baza xərci funksiyasını daşıyır.

Eyni zamanda, büdcədə insan kapitalına yönəlmiş xərclərin artması 2026-cı il fiskal siyasətinin strateji məzmununu daha da gücləndirir. Təhsil, səhiyyə və sosial müdafiə sahələrinə ayrılan vəsaitlərin artırılması göstərir ki, iqtisadi artım yalnız fiziki kapital və infrastruktur üzərindən deyil, əmək məhsuldarlığının yüksəldilməsi və insan potensialının gücləndirilməsi üzərindən də təmin edilməlidir. Makroiqtisadi baxımdan bu yanaşma xüsusilə əhəmiyyətlidir, çünki uzunmüddətli artım tempini müəyyən edən əsas amillərdən biri məhz insan kapitalının keyfiyyətidir. Təhsilə və səhiyyəyə qoyulan vəsaitlər qısa müddətdə xərc kimi görünsə də, uzun müddətdə iqtisadiyyatın potensialını artıran investisiyalardır.

Sosial müdafiə xərclərinin genişlənməsi isə fiskal siyasətin inklüziv xarakterini nümayiş etdirir. Sosial xərclər bu ­kontekstdə yalnız sosial ədalət məqsədi daşımır, onlar eyni zamanda daxili tələbin sabit saxlanılması, gəlir bərabərsizliyinin məhdudlaşdırılması və iqtisadi artımın sosial dayanıqlığının təmin edilməsi funksiyasını yerinə yetirir. Bu, postmünaqişə mərhələsində iqtisadi sabitliyin möhkəmləndirilməsi baxımından mühüm amildir.

2026-cı il büdcəsinin mühüm istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərin bərpasına və inkişafına 3,5 milyard manat vəsaitin ayrılmasıdır. Bu xərc maddəsi təkcə sosial və humanitar məqsədlərlə izah olunmur. Əksinə, bu vəsaitlər yeni iqtisadi məkanın formalaşmasına, istehsal və xidmət potensialının genişlənməsinə və regional iqtisadi inteqrasiyanın güclənməsinə yönəlmişdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr gələcək artımın əsasını qoyan kapital qoyuluşları kimi çıxış edir. Bu ərazilərin iqtisadi dövriyyəyə inteqrasiyası bazar ölçüsünü genişləndirir, logistika xərclərini azaldır və iqtisadiyyatın ümumi məhsuldarlıq səviyyəsinə müsbət təsir göstərir.

Beləliklə, Azərbaycanın son onillikdə əldə etdiyi əsas iqtisadi üstünlük ayrı-ayrı makroiqtisadi göstəricilərin yaxşılaşması ilə məhdudlaşmır. Bu üstünlük iqtisadi sistemin işləmə məntiqinin dəyişməsi ilə xarakterizə olunur. İqtisadiyyatda qeyri-müəyyənliyin azalması onu məhsuldarlıq əsaslı mexanizmlərə yönəltmişdir. Nəticədə, iqtisadi siyasətin ötürücülük qabiliyyəti artmış, artımın keyfiyyəti və dayanıqlığı möhkəmlənmişdir. 

Qarşıdakı mərhələdə mövcud sabitlik mühitinin qorunması, onun dərinləşdirilməsi və institusional üstünlüyə çevrilməsi hədəflənir. Bu, texnoloji transformasiyanın sürətləndirilməsini və qeyri-neft sektorunda məhsuldarlığı artıran islahatların davam etdirilməsini tələb edir. Yeni mərhələdə Azərbaycan üçün iqtisadi uğurun açarı sabitliyin özü və onun yaratdığı imkanların kapitallaşdırılmasıdır. Belə yanaşma qorunduğu təqdirdə milli iqtisadiyyatın daha yüksək məhsuldarlıq, daha geniş dəyər zənciri və daha dayanıqlı artım trayektoriyası üzrə inkişaf etmək potensialı genişlənəcəkdir.

Şaiq Adıgözəlov,
iqtisad üzrə fəlsəfə doktoru

Siyasət