İki qütb, tək hədəf

post-img

Milli maraqların qorunmasında Azərbaycan modeli

“Soyuq müharibə”dən sonra formalaşmış təkqütblü dünya nizamının sürətlə erroziyaya uğraması və qlobal hegemonluq uğrunda gedən amansız mübarizə müasir geosiyasətin əsas xarakteristikasıdır. Xüsusilə, Amerika Birləşmiş Ştatları və Çin Xalq Respublikası arasında cərəyan edən ticarət müharibələrindən tutmuş texnoloji rəqabətə, hərbi üstünlükdən ideoloji qarşıdurmaya qədər geniş spektri əhatə edən qlobal “savaş” dünyanın siyasi xəritəsində yeni ayırıcı xətlərin yaranması məsələsini özündə ehtiva edir. Bu tarixi şəraitdə Avrasiya materikinin strateji kəsişmə nöqtəsində qərar tutan, Şərq və Qərb arasında təbii körpü funksiyasını yerinə yetirən Azərbaycanın rolu artmaqdadır. Rəsmi Bakı yürütdüyü praqmatik, milli maraqlara söykənən və müstəqil xarici siyasət kursu sayəsində nəhəng güc mərkəzlərinin qlobal əməkdaşlıq platformasına, enerji təhlükəsizliyinin və nəqliyyat logistikasının əvəzolunmaz qovşağına transformasiya olunur.

ABŞ rəhbərliyi Hind–Sakit okean regionunda yaratdığı ittifaqlar və texnoloji sanksiyalar vasitəsilə Çinin yüksəlişini cilovlamağa çalışarkən, Pekin “Bir kəmər, bir yol” təşəbbüsü, Şanxay Əməkdaşlıq Təşkilatı kimi platformalar üzərindən qlobal Cənub ölkələrini öz ətrafında birləşdirərək alternativ güc mərkəzi formalaşdırır. Belə kəskin qütbləşmə şəraitində coğrafi baxımdan hər iki qütb üçün həyati əhəmiyyət kəsb edən regionlarda yerləşən dövlətlərin üzərinə böyük məsuliyyət düşür. Azərbaycan Prezidenti İlham Əliyevin müəllifi olduğu dövlətçilik strategiyası burada özünün unikallığını və effektivliyini nümayiş etdirir. Rəsmi Bakı sübut edir ki, kiçik və orta ölçülü dövlətlər qlobal güclərin vassalı olmaq məcburiyyətində deyillər. Əksinə, onlar balanslaşdırılmış siyasət və qarşılıqlı faydalı tərəfdaşlıq modeli əsasında beynəlxalq proseslərin gedişatına təsir etmək iqtidarındadırlar.

Azərbaycanın Çin Xalq Respublikası ilə münasibətlərinin inkişaf dinamikası, yuxarıda qeyd olunan tezisin əyani təsdiqidir. Pekin üçün Azərbaycan Avropaya çıxış imkanlarını şaxələndirən “Orta Dəhliz”in (Trans–Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əsas operatorudur. Rusiya–Ukrayna müharibəsi fonunda Şimal marşrutunun sanksiyalar səbəbindən iflic olması və Qırmızı dənizdəki təhlükəsizlik riskləri Çin mallarının Qərb bazarlarına çatdırılmasında Azərbaycan üzərindən keçən marşrutu alternativsiz variant kimi ön plana çıxarıb.

Paralel olaraq Azərbaycanın Qərb dünyası, xüsusilə Amerika Birləşmiş Ştatları ilə münasibətləri də strateji tərəfdaşlıq ruhunda davam edir. Bəzi bədxah dairələrin və lobbi qruplarının yaratmağa çalışdığı süni maneələrə baxmayaraq, real siyasi və strateji zərurətlər Vaşinqtonu Bakı ilə sıx əməkdaşlığa vadar edir. Ağ Ev administrasiyası yaxşı anlayır ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu əvəzedilməzdir. Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı ölkələrinin enerji xəritəsini dəyişdirərək Rusiya qazından asılılığın azaldılmasında həlledici rol oynayıb. 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya ixracının ikiqat artırılması və 20 milyard kubmetrə çatdırılması hədəfi Qərbin enerji strategiyasının mühüm tərkib hissəsidir. Bundan əlavə, Xəzər dənizinin nəhəng külək enerjisi potensialının istifadəsi və Qara dənizin dibi ilə çəkiləcək “Yaşıl Enerji Dəhlizi” layihəsi, Azərbaycanı XXI əsrin enerji ixracatçısı kimi yenidən qlobal bazara təqdim edir. Bütün bunlar deməyə əsas verir ki, rəsmi Bakı "sıfır cəm oyunu"ndan imtina edərək hər iki qlobal qütblə milli maraqlara cavab verən səmərəli əməkdaşlıq modelini uğurla reallaşdırır.

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunun ən böyük uğurlarından biri Azərbaycanın qlobal problemlərin müzakirə olunduğu və həll yollarının axtarıldığı beynəlxalq mərkəzə çevrilməsidir. Dövlət başçısının qlobal çağırışlara çevik reaksiyası, strateji hədəfləri dəqiq müəyyənləşdirməsi və milli maraqları qətiyyətlə müdafiə etməsi, Azərbaycanı beynəlxalq münasibətlərin subyektinə çevirmişdir.

Dünyanın nüfuzlu analitik mərkəzlərinin və aparıcı xəbər agentliklərinin Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibəsini geniş şəkildə işıqlandırması, orada səsləndirilən mesajları əsaslı şəkildə təhlil etməsi və Azərbaycan liderinin tezislərini qlobal gündəmin manşetinə daşıması rəsmi Bakının beynəlxalq çəkisinin və sözünün qüdrətinin əyani sübutudur. Həmin müsahibədə səsləndirilən fikirlər dünyanın aparıcı paytaxtları üçün nəzərdə tutulmuş strateji yol xəritəsi xarakteri daşıyır. Ekspertlər etiraf edirlər ki, İlham Əliyev müasir dünyada gedən proseslərin nəbzini tutan, gələcək riskləri öncədən görən və onlara qarşı preventiv tədbirlər görən nadir liderlərdəndir.

Geosiyasi təhlil konteksində regionda baş verən proseslərin inkişaf ssenarilərinə nəzər saldıqda, Azərbaycanın yaratdığı yeni reallıqların Cənubi Qafqazın gələcəyini formalaşdırdığı aydın görünür. İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirlərindən sonra yaranmış vəziyyət regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar olması üçün tarixi şans yaratmışdır. Ermənistanla sülh müqaviləsinin imzalanması prosesi bəzi kənar qüvvələrin, xüsusilə fransız neokolonializminin və erməni diasporunun destruktiv fəaliyyətinə baxmayaraq, Azərbaycanın diktə etdiyi prinsiplər əsasında irəliləyir. Zəngəzur dəhlizinin açılması məsələsi də gec-tez öz həllini tapacaq. Çünki iqtisadi məntiq və nəqliyyat logistikasının qlobal tələbləri bunu zəruri edir. Bu dəhliz, təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməyəcək, eyni zamanda, Çindən Avropaya uzanan Orta Dəhlizin səmərəliliyini artıracaq, Türk dünyasının coğrafi bütövlüyünü təmin edəcəkdir. Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzinə çevrilməsi prosesində Azərbaycanın oynadığı aparıcı rol xüsusi vurğulanmalıdır.

Qarşıdan gələn dövr üçün proseslərə gəldikdə Azərbaycanın hərbi qüdrətinin artırılması və milli müdafiə sənayesinin inkişafı prioritet istiqamət olaraq qalacaq. Müasir dünyada beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu, güc faktorunun ön plana çıxdığı bir zamanda güclü ordu dövlət müstəqilliyinin yeganə qarantıdır. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi əsasında hərbi əməkdaşlığın dərinləşməsi, Silahlı Qüvvələrin ən müasir texnologiyalarla təchiz olunması və peşəkarlığın artırılması, Azərbaycanın suverenliyinin etibarlı sığortasıdır.

Rəsmi Bakı coğrafi mövqeyinin verdiyi üstünlükləri siyasi zəkaya çevirərək qlobal arenada fəal ölkə statusunu qazanıb. Balanslaşdırılmış xarici siyasət, milli maraqların hər şeydən üstün tutulması və praqmatizm Azərbaycanın uğur formuludur. Azərbaycan həm Qərblə, həm də Şərqlə əməkdaşlıq edir, lakin heç kimin siyasi alətinə çevrilmir. Çinlə strateji tərəfdaşlıq, Qərblə enerji dialoqu, Rusiya ilə qonşuluq münasibətləri və Türk dünyası ilə qardaşlıq əlaqələri tam və düşünülmüş dövlət strategiyasının tərkib hissələridir. Zaman Azərbaycanın xeyrinə işləyir və tarix sübut edir ki, güclü liderə, milli birliyə və aydın hədəflərə malik olan dövlətlər ən çətin sınaqlardan belə üzüağ çıxmağı bacarırlar.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət