Prezident İlham Əliyevin növbəti mesajları nəyə hesablanıb?
Prezident İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edərkən, “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişdən söz açdı. O düzəlişdən ki, ədalətsizdir və “Bakı–Vaşinqton münasibətlərinin hazırkı inkişafının mahiyyətinə qətiyyən uyğun deyil”. Yazımız bu barədədir, amma digər məqamlardan da söz açacağıq.
Əvvəla, ondan başlayaq ki, son zamanlar Birləşmiş Ştatlardan ölkəmizə səfərlərin sayında intensivlik müşahidə olunmaqdadır və bu, özlüyündə müsbət haldır. Nəzərə alaq ki, Azərbaycana təşrif buyurmuş ABŞ nümayəndə heyətinə Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin, Nümayəndələr Palatasının üzvü və həmin qurumun Gəlirlər Komitəsinin sədri, Missuridən respublikaçı Ceyson Smit, Nümayəndələr Palatasının və həmin qurumun Silahlı Qüvvələr Komitəsinin üzvü, Texasdan respublikaçı Ronni Cekson, Nümayəndələr Palatasının və həmin qurumun Gəlirlər Komitəsinin üzvü, Kaliforniyadan demokrat Cimmi Panetta kimi mötəbər şəxslər daxil idi.
Ötən ilin noyabrında Oklahoma Milli Qvardiyasının Birləşmiş Qərargahının direktoru, briqada generalı Kolbi Uayattın, dekabrda isə ABŞ Avropa Komandanlığının (EUCOM) Tərəfdaşlıq, Təhlükəsizlik, Əməkdaşlıq və Kütləvi Qırğın Silahlarının Qarşısının Alınması üzrə direktor müavini, briqada generalı Kris Makkin başçılıq etdiyi nümayəndə heyətlərinin ölkəmizə səfərləri gerçəkləşmişdi. Siyahıya bir neçə iqtisadi missiyanı da əlavə etmək mümkündür və bütün bunlar Bakı–Vaşqinqton təmaslarındakı pozitiv dinamikanı vurğulayır. O dinamikanı ki, əsası 2025-ci il avqustun 8-də qoyuldu. Ona görə də Prezident İlham Əliyev amerikalı qonaqlarla görüşdə ilk növbədə özünün ABŞ-a səfərini xatırlatdı.
Həm ABŞ-dan Azərbaycana səfərlərin artan dinamikası, həm də ölkəmizin regional sülh gündəliyinə sadiqliyini vurğulayan məqamlar göstərir ki, Bakı sözündə qətidir. Əgər regional sülh gündəliyinin ilk təzahürləri fayda gətirirsə, deməli, həmin gündəliyi tam şəkildə başa çatdırmaq, onun ruhuna uyğun hərəkət etmək mütləqdir. Hər halda, Prezident İlham Əliyev TRIPP dəhlizinin nəqliyyat bağlantıları baxımından yeni imkanlar yaradacağına ümidvar olduğunu təsadüfən dilə gətirmir. Dövlətimizin başçısının mesajı kifayət qədər konkretdir. Birləşmiş Ştatlar TRIPP-in reallaşmasının vacibliyinə adekvat reaksiya verməlidir. Əlbəttə ki, Prezident İlham Əliyevin fikirlərində Ermənistana da mesaj payı var. Ölkə üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. İrəvanda nəzərə almalıdırlar ki, regional gündəliyin fundamentallığından – TRIPP-dən, yəni Naxçıvana maneəsiz yol məntiqindən, başqa sözlə desək, Zəngəzur dəhlizi ideyasından uzaq durulacağı təqdirdə, rəsmi Bakı fərqli davranacaq.
Digər tərəfdən, Prezident İlham Əliyev mesajları ilə ölkəmizin ABŞ–Azərbaycan münasibətlərinin hazırkı yüksək trayektoriyasına uyğun davranış nümayiş etdirdiyini vurğulayır. O trayektoriya ki, özünü ötən il avqustun 8-də Vaşinqtonda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasındakı Anlaşma Memorandumunda göstərib. Həmin gün dövlətimizin başçısı “33 il davam edən sanksiyaların sonu Prezident Trampın sayəsində mümkün oldu” demişdi.
Haşiyə çıxaq ki, Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri kimi qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələlər var. Bu barədə Prezident İlham Əliyev Vaşinqtonda ölkəmizin media vasitələrinə müsahibəsində söz açmışdı: “Yəni, sadəcə olaraq, bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır və artıq mənim göstərişimlə Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Biz öz təkliflərimizi irəli sürəcəyik. Artıq mənim səfərim çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirilmişdir. Yəni biz vaxt itirmək istəmirik. Onsuz da əvvəlki administrasiya dövründəki dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm”.
Bəli, vaxt itirmək olmaz. ABŞ–Azərbaycan münasibətləri yeni dövrün ahənginə uyğun qurulmalıdır. Bu baxımdan ən önəmli məsələ ölkəmizin liderinin “Azadlığa Dəstək Aktı”na ədalətsiz 907-ci düzəlişi yada salmasıdır. Yəni əlaqələrin davamlılığı baxımından heç hir risk pəncərəsi olmamalıdır. Deməli, “907” tamamilə tarixin arxivinə göndərilməlidir. Ona görə də Prezident İlham Əliyev amerikalı qonaqları qəbul edərkən, ABŞ Prezidenti Donald Tramp tərəfindən düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirdiyini deyib. Xatırladaq ki, dövlətimizin başçısı bununla bağlı mövqeyini avqustun 8-dəki müsahibədə daha parlaq şəkildə ifadə etmişdi: “Əlbəttə ki, “Azadlığa Dəstək Aktı”na edilən bu ədalətsiz 907-ci düzəlişdən mənim iştirakımla oval ofisdə imtina çox rəmzi məna daşıyır. Prezident Tramp bunu başqa formada da edə bilərdi. O, bunu daha sonra da imzalaya bilərdi. Amma bunu hələ 1992-ci ilin oktyabrından bəri Konqres tərəfindən haqsız olaraq sanksiyaya məruz qalan Azərbaycanın Prezidentinin qarşısında etmək qərarına gəldi. O zaman təbii ki, Konqres üzvlərinin Azərbaycandan, Cənubi Qafqazda baş verənlərdən xəbəri yox idi. Onlar erməni lobbi qruplarının təsiri altına düşüb və qurban Azərbaycanı işğalçı kimi təqdim edirdilər. Beləliklə, bu düzəliş bizi həmin o illərdə çox ehtiyac duyduğumuz birbaşa Amerika yardımından məhrum etmişdir”.
Məlum olduğu kimi, ötən ilin dekabrında ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişin tam ləğvini nəzərdə tutan qanun layihəsini təqdim edib. Bu barədə məlumat Konqresin rəsmi saytında yayımlanıb. Sözügedən qanun layihəsinin mətnində qeyd olunub ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan ABŞ və onun müttəfiqlərinin etibarlı tərəfdaşı olaraq qalıb, həm müharibə, həm də sülh dövrlərində mühüm əməkdaşlıq təmin edib. Layihədə, həmçinin, ölkəmizin Cənubi Qafqazda sülhü prioritet hesab etdiyini açıq şəkildə göstərdiyi, nəticə olaraq, Bakı və İrəvan arasında müvafiq sərhədlərin və ərazi bütövlüyünün qarşılıqlı şəkildə razılaşdırıldığı sülh sazişinin əldə olunduğu vurğulanıb. Buna görə də “907” ləğv edilməli və həmin maddə ilə bağlı müddəa qanundan çıxarılmalıdır.
907-ci düzəliş həm də ona görə ləğv edilməlidir ki, sənəd ABŞ-ın Azərbaycana qarşı ədalətsizliyinin təzahürüdür və bu barədə Prezident İlham Əliyevin diqqətə çatdırdığımız iqtibasında söz açılıb. Əlavə olaraq onu da deyək ki, müxtəlif dövrlərdə sözügedən düzəlişdən qaynaqlanan sanksiya siyasəti də Vaşinqtonun Bakıya münasibətdəki riyakarlığının göstəricisi olub. Məlum olduğu kimi, 2001-ci ildə bu sanksiyalar dayandırılmışdı. Çünki ABŞ Hökumətinin Əfqanıstanda Azərbaycanın köməyinə ehtiyacı var idi. Həmin vaxt ölkəmiz vacib nəqliyyat yollarını, “Şimal Paylayıcı Şəbəkə” adlanan əlaqəni təmin etmişdi. Sonra hər il Amerika prezidentləri “907”nin qüvvəsini dayandırırdılar və bu, 2023-cü ilə qədər davam etdi. Amma Co Bayden administrasiyası dövründə Vaşinqton tamam fərqli kurs götürdü. Ədalətsiz maddənin qüvvəsi dayandırılmadı. Çünki Birləşmiş Ştatlar Əfqanıstandakı missiyasını başa vurmuş və Azərbaycana ehtiyac qalmamışdı. Əlbəttə, belə yanaşma dünyanın supergücünə qətiyyən yaraşmırdı. Üstəlik, Bayden administrasiyası ABŞ-a yaraşmayan bir çox hərəkət və davranışlar gerçəkləşdirdi. Nəticədə Bakı–Vaşinqton münasibətləri pisləşdi, hətta böhran dövrünü yaşadı.
Tam əminliklə demək olar ki, 907-ci düzəliş özündə həm də ABŞ–Azərbaycan münasibətlərindəki keçmişin böhran mahiyyətini yaşadır və onun tam ləğvi həm də bu səbəbdən vacibdir. Ona görə də Prezident İlham Əliyev Bakıda səfərdə olan Konqres üzvlərinin mövcud istiqamətdə səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğulayıb. İnanmaq istərdik ki, ilk günlərini yaşadığımız 2026-cı ildə Azərbaycanın ümidləri özünü doğruldacaq.
Ə.CAHANGİROĞLU
XQ

