Azərbaycan liderinin postmünaqişə konsepsiyası

post-img

Azərbaycan Prezidenti Yeni il müraciətində qələbə, hüquq və sülhdən danışdı

Prezident İlham Əliyevin xalqa ünvanladığı Yeni il müraciəti Azərbaycanın müasir siyasi tarixində yeni mərhələnin ideoloji və strateji konturlarını müəyyən edən konseptual sənəd kimi çıxış edir. Müraciət dövlət başçısının postmünaqişə dövrü üçün formalaşdırdığı siyasi doktrinanın əsas sütunlarını sistemli şəkildə ifadə edir və Azərbaycanın regional, eləcə də qlobal siyasi arxitekturadakı roluna dair aydın baxış ortaya qoyur.

Müraciətdə səsləndirilən tezislər onu göstərir ki, Azərbaycan üçün 2020-ci il Vətən müharibəsi hərbi əməliyyatların uğurla başa çatması ilə məhdudlaşmadı. 44 günlük müharibə ölkənin 30 il ərzində üzləşdiyi status-kvonun dəyişdirilməsi, beynəlxalq hüququn selektiv tətbiqinə son qoyulması və regional güc balansının yenidən qurulması baxımından başlanğıc nöqtəsi kimi dəyərləndirilir.

Dövlət başçısının vurğuladığı əsas məqamlardan biri odur ki, hərbi qələbə birbaşa siyasi nəticə doğurmur. Qələbənin real və davamlı strateji üstünlüyə çevrilməsi üçün onun beynəlxalq legitimlik müstəvisində tanınması və qəbul edilməsi zəruridir. Məhz bu baxımdan Prezident İlham Əliyevin vurğuladığı mövqe Azərbaycanın postmüharibə strategiyasının mahiyyətini aydın şəkildə ortaya qoyur. Dövlət başçısının yanaşmasına görə, Vətən müharibəsindən sonrakı mərhələdə əsas hədəf qələbənin beynəlxalq və siyasi müstəvidə davamlı legitimliyinin təmin edilməsi olub. Məhz ardıcıl və məqsədyönlü diplomatik fəaliyyət nəticəsində Azərbaycanın haqq mövqeyi qlobal miqyasda qəbul edilib, müharibənin nəticələri beynəlxalq ictimaiyyət tərəfindən hüquqi və siyasi reallıq kimi tanınıb. Burada diqqətçəkən əsas siyasi məqam ondan ibarətdir ki, rəsmi Bakı müharibədən sonrakı mərhələdə emosional revanşizm və ya daxili auditoriyaya yönəlik populist ritorika xəttini seçmədi. Əvəzində, məqsədyönlü, ardıcıl və hüquqa əsaslanan diplomatik strategiya formalaşdırdı. Strategiyanın əsas məqsədi Qarabağ məsələsini siyasi manipulyasiya predmetindən çıxararaq beynəlxalq hüququn fundamental prinsipləri – dövlətlərin ərazi bütövlüyü və suverenliyi çərçivəsində qapadılmış məsələ statusuna gətirmək oldu.

Məhz bu yanaşmanın nəticəsidir ki, Qarabağ münaqişəsi artıq “mübahisəli ərazi”, “status məsələsi” və ya “dondurulmuş konflikt” kimi təqdim edilmir. Qarabağ problemi beynəlxalq hüquqi baxımdan tam həll olunub, siyasi müstəvidə isə bağlanmış məsələ kimi qəbul edilir. Bütün bunlar Azərbaycanın uzun illər qarşılaşdığı ikili standartlar siyasətinin iflasa uğradılmasının göstəricisidir.

Prezident İlham Əliyevin Yeni il müraciətində xüsusi vurğulanan məqamlardan biri ATƏT-in Minsk qrupunun, faktiki olaraq, tarix səhnəsindən çəkilməsi ilə bağlıdır. “Tarixin arxivinə göndərilməsi” 30 ilə yaxın müddətdə fəaliyyət göstərmiş, lakin real nəticə ortaya qoymamış beynəlxalq vasitəçilik mexanizminin siyasi-hüquqi iflasının açıq etirafıdır. Minsk qrupunun münaqişənin həllinə deyil, idarə olunan qeyri-müəyyənliyə xidmət etməsi postmüharibə reallığında beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilən faktdır.

Müraciətdə yer alan digər fundamental siyasi mesaj Azərbaycanın postmüharibə davranış modelinə aiddir. Tarixi və müasir beynəlxalq təcrübə göstərir ki, qalib dövlətlərin müharibədən sonrakı davranışı regional təhlükəsizlik mühitinin formalaşmasında həlledici rol oynayır. Qeyd etməliyik ki, Prezident İlham Əliyevin revanşist ritorikadan qəti şəkildə imtina edərək rasional sülh siyasətini ön plana çıxarması strateji seçim kimi dəyərləndirilməlidir.

Azərbaycan əldə etdiyi güc üstünlüyünü dayanıqlı sülh və təhlükəsizlik mühitinin qurulmasına yönəldir. Bu mövqe göstərir ki, Bakı üçün postmünaqişə mərhələsinin əsas hədəfi güc balansını qorumaqla yanaşı, regionda qarşılıqlı tanınma və sabitliyə əsaslanan siyasi münasibətlər sistemini formalaşdırmaqdır. Beynəlxalq sistemdə, xüsusilə postmünaqişə dövründə legitimliyin əsas ölçülərindən biri qalib tərəfin davranış modelidir. Bakı hərbi qələbəni diplomatik təzyiq və ya ərazi genişlənməsi vasitəsinə çevirmədən, onu hüquqa əsaslanan sülh gündəliyi ilə tamamlayır.

Müraciətdə xüsusi yer tutan əsas istiqamətlərdən biri Azərbaycanın Vətən müharibəsi zamanı həyata keçirdiyi hərbi-siyasi addımların beynəlxalq hüquqa tam uyğunluğunun normativ və siyasi müstəvidə təsdiqlənməsidir. Postmünaqişə dövründə qalib dövlətin legitimliyi məhz gücdən istifadə çərçivəsinin hüquqi əsaslarla məhdudlaşdırılması ilə ölçüldüyündən, bu vurğu xüsusi siyasi əhəmiyyət kəsb edir. Azərbaycanın müharibə zamanı gücdən istifadəsi beynəlxalq hüququn fundamental prinsipləri — dövlətlərin ərazi bütövlüyü, suverenliyi və özünümüdafiə hüququ əsasında həyata keçirildi. Burada diqqətçəkən əsas siyasi məqam odur ki, Azərbaycan uzun illər beynəlxalq sənədlərdə mövcud olsa da, icra olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrini faktiki siyasi iradə və real güc vasitəsilə həyata keçirdi. Belə bir hal beynəlxalq hüququn selektiv tətbiqindən fərqli olaraq onun praktik icrasına əsaslanan nadir presedent kimi çıxış edir və Azərbaycanın postmüharibə diskursunu əhəmiyyətli dərəcədə gücləndirir.

Müraciətin ən strateji məqamlarından biri Ermənistanla sülh prosesi ilə bağlı səsləndirilən fikirlərdir. “Vətən müharibəsindən cəmi beş il keçəndən sonra Ermənistanla paraflanmış sülh müqaviləsi bir daha xalqımızın böyüklüyünü və bizim siyasətimizin müdrikliyini göstərir” ifadəsi müharibədən sonra seçilmiş siyasi kursun mahiyyətini açıq şəkildə ortaya qoyur. Azərbaycanın yanaşması münaqişəni “dondurmaq” və ya qeyri-müəyyən statusda saxlamaq deyil, onu hüquqi sənədlər və beynəlxalq tanınma əsasında yekunlaşdırmaqdır. De-fakto sülh şəraitinin formalaşması isə regionda yeni təhlükəsizlik arxitekturasının qurulması üçün real zəmin yaradır.

Prezident İlham Əliyevin “Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək şanlı Qələbə qazanmışıq və bu Qələbəni dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika Prezidentinin iştirakı ilə möhürlədik” fikri Azərbaycanın qələbəsinin qlobal siyasi məkanda da tanındığını göstərən strateji tezisdir. Bu fakt Bakının xarici siyasət manevr imkanlarını genişləndirir və onu regionda mühüm güc mərkəzinə çevirir. Vaşinqtonda imzalanan bəyannamə həm qlobal siyasi legitimliyi, həm də regionda uzunmüddətli sabitliyi təmin etmək baxımından mühüm addım hesab olunur. Əvvəla, qlobal supergücün vasitəçiliyi Azərbaycanın diplomatik səylərini beynəlxalq səviyyədə təsdiqləyir, ölkənin siyasi və strateji mövqeyini möhkəmləndirir. İkincisi, üçtərəfli sazişin məzmunu Azərbaycanın hərbi və siyasi qələbəsinin sülh mexanizmlərinə çevrilməsini təmin edir, münaqişənin institusional bağlanmasını və regionda dayanıqlı sülhün formalaşmasını təsdiqləyir.

Son olaraq qeyd edək ki, Prezident İlham Əliyevin Yeni il müraciəti Azərbaycanın son otuz il ərzində qarşıya qoyduğu əsas milli hədəfin – ərazi bütövlüyünün bərpası və bu reallığın beynəlxalq səviyyədə qəbul etdirilməsi missiyasının siyasi baxımdan tamamlandığını rəsmiləşdirir. Dövlət başçısının “Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapmışdır” fikri uzunmüddətli strateji məqsədin yekun siyasi ifadəsidir.

Hazırkı mərhələ Azərbaycanın artıq münaqişə kontekstində tanınan və status-kvo ilə məhdudlaşan ölkə deyil, postmünaqişə dövrünün regional gündəliyini müəyyən edən, normativ və siyasi çərçivələri özü formalaşdıran suveren aktor kimi çıxış etdiyini təsdiqləyir. Azərbaycan bu mərhələdə regional proseslərin istiqamətini müəyyən edən və yeni siyasi reallıqlar yaradan dövlət statusunu möhkəmləndirib.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət