Brüssel “qoca qitə”ni hara yönəldir?

post-img

“Dəyərlər” pərdəsi arxasında gizlənən qərəz və korafəhmlik

Qərb yarımkürəsində formalaşmış siyasi institutların, xüsusilə Avropa İttifaqının (Aİ) və onun qanunverici orqanı olan Avropa Parlamentinin fəaliyyəti getdikcə daha çox suallar doğurmağa başlayıb. Fəaliyyəti beynəlxalq hüququn norma və prinsipləri ilə daban-dabana ziddiyyət təşkil edən Avroparlamentdə Azərbaycanla bağlı keçirilən dinləmələr, qəbul edilən qərəzli qətnamələr, səsləndirilən əsassız ittihamlar, sadəcə, ikitərəfli münasibətlərdə gərginlik yaradan fakt kimi qiymətləndirilə bilməz. Mövcud vəziyyət daha dərin, sistemli böhranın, Avropanın siyasi təfəkküründəki deqradasiyanın və “qoca qitə”nin qlobal siyasətdəki obyektliyini itirməsinin bariz təzahürüdür.

Brüssel Cənubi Qafqaz regionunda süni ayırıcı xətlər çəkməyə cəhd göstərərək, şəxsi zəifliyini, strateji korafəhmliyini və keçmiş müstəmləkəçilik təfəkküründən xilas ola bilməməsini nümayiş etdirir. Azərbaycanın artan nüfuzu, müstəqil siyasəti və regional liderliyi Avropa paytaxtlarında narahatlıq yaratmaqla yanaşı, həm də həmin dairələrin geosiyasi acizliyini ifşa edir. Aİ-nin qlobal rolunun zəiflədiyi və iştirakçı statusunu itirdiyi bütün böyük dövlətlər, o cümlədən ABŞ tərəfindən dərk edilir. Vaşinqtonun yeni qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyası Avropada vüsət almış sistemli böhranı, dəyərlər sisteminin aşınmasını və strateji hədəflərin itirilməsini detalları ilə ortaya qoyur.

Okeanın o tayında formalaşan rəy ondan ibarətdir ki, Aİ qlobal çağırışlara cavab vermək iqtidarında olmayan, bürokratik aparatın əsirinə çevrilmiş qurumdur. Ukrayna cəbhəsində baş verən hadisələr Avropanın taleyinin məhz orada həll olunduğunu göstərir. Bütün dünya, o cümlədən Qlobal Cənub ölkələri diqqətini Ukraynadakı müharibənin gedişatına, qlobal ərzaq və enerji təhlükəsizliyi məsələlərinə yönəltmişkən Avroparlamentin Azərbaycanla bağlı əhəmiyyətsiz və qərəzli müzakirələrə vaxt ayırması qurumun reallıq hissini itirdiyini sübut edir. Aİ-nin Cənubi Qafqaz regionuna yanaşması təəssüf ki, sülh, sabitlik və əməkdaşlıq prinsiplərinə söykənmir. Əksinə, Brüssel regionda yeni ayırıcı xətlər çəkməyə, dövlətləri qarşı-qarşıya qoymağa və geosiyasi maraqlarını təmin etmək üçün manipulyasiya alətlərindən istifadəyə çalışır. Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi regionda yeni reallıqlar yaradıb. Müstəqil və güclü Azərbaycan faktoru Avropadakı bəzi dairələrin yuxusunu qaçırır. Çünki onlar Cənubi Qafqazı özlərinin “arxa bağça”sı kimi görmək istəyir və burada söz sahibi olan suveren dövlətin varlığını həzm edə bilmirlər. Aİ-nin bölgədə sülh gündəliyinə zidd fəaliyyəti rəsmi Bakını seçdiyi yoldan döndərmək gücündə deyil. Azərbaycanın xarici və daxili siyasətinin təməlində heç bir xarici qüvvənin təsirinə məruz qalmayan, yalnız xalqın mənafeyinə xidmət edən milli maraqlar dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkənin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin bərpa olunmasını ən ali məqsəd kimi qarşıya qoyur. Avropa Parlamentinin kağız parçası dəyərində olan qətnamələri Bakının qərarlarına zərrə qədər də təsir etmək imkanına malik deyil.

***

Aİ, xüsusilə Avropa Parlamenti uzun illərdir ki, özünü dünyaya demokratiya, insan hüquqları və şəffaflıq carçısı kimi təqdim etməyə çalışır. Amma son dövrlər ard-arda patlayan korrupsiya qalmaqalları qurumun mənəvi simasını darmadağın edib, onun ali dəyərlər pərdəsi arxasında gizlənən çirkin mahiyyətini üzə çıxarıb. Qatargate qalmaqalı, Avroparlamentinin vitse-prezidenti Eva Kailinin və digər deputatların rüşvət müqabilində lobbiçilik fəaliyyətinin üzə çıxması sistemin nə qədər çürük olduğunu bütün dünyaya nümayiş etdirdi. Roberta Metsola, Josef Borrell və digər yüksək rütbəli məmurların adlarının müxtəlif şübhəli maliyyə əməliyyatlarında, qeyri-şəffaf sövdələşmələrdə və ya etik davranış qaydalarının pozulmasında hallanması Aİ rəhbərliyinin mənəvi haqqını itirdiyini göstərir. Korrupsiyada batan, lobbi qruplarının əlində oyuncağa çevrilən və şəxsi maraqlarını ümumbəşəri dəyərlərdən üstün tutan məmurların Azərbaycana demokratiya dərsi keçməyə cəhd etməsi, yumşaq desək, ikrah hissi doğurur. Şəxsi problemləri ilə məşğul olmaq, daxili çürüməni dayandırmaq və itirilmiş etimadı bərpa etmək əvəzinə başqa ölkələrə qara yaxmaqla məşğul olmaq riyakarlıq nümunəsidir. Avropa ictimaiyyəti özü də həmin qurumlara inamını itirib və seçkilərdə ifrat sağçı, avroskeptik qüvvələrin yüksəlişi narazılığın nəticəsidir. Avroparlamentinin Azərbaycana qarşı sərgilədiyi düşmənçilik münasibətinin kökündə təkcə geosiyasi maraqlar yox, həm də dərin köklərə malik ideoloji nifrət – islamofobiya və turkofobiya dayanır. “Xristian klubu” təfəkküründən xilas ola, müsəlman və türk dövlətinin güclənməsini, müstəqil siyasət yürütməsini həzm edə bilməyən dairələr parlament tribunasından istifadə edərək şəxsi nifrətlərini sərgiləyirlər. Azərbaycanın dünyəvi, tolerant, multikultural modelə malik olması, İslam dünyasında və Türk Dövlətləri Təşkilatında aparıcı rol oynaması Qərbdəki bəzi neokolonialist qüvvələri narahat edir. Fransanın başçılıq etdiyi anti-Azərbaycan kampaniyası məhz bu ideoloji zəmində qurulmuşdur. Səlib yürüşü zehniyyəti ilə hərəkət edən, islamofobiyanı dövlət siyasəti səviyyəsinə qaldıran siyasətçilər Avroparlamenti çirkin məqsədləri üçün platformaya çeviriblər. Onların qəbul etdikləri sənədlərdə, səsləndirdikləri bəyanatlarda obyektivlikdən əsər-əlamət yoxdur.

***

Azərbaycan münaqişəni öz gücü ilə həll etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirdi, regionda yeni reallıqlar yaratdı. İttifaq bölgə ilə bağlı köhnə stereotiplərə əsaslanan və ermənipərəst yanaşmasından imtina etməyənədək regionda heç bir nüfuz qazana bilməyəcək. Vasitəçi olmaq iddiasında olan tərəf bitərəf, ədalətli və obyektiv mövqe tutmalıdır. Lakin Aİ-nin son dövrlərdəki fəaliyyəti, o cümlədən Ermənistana birtərəfli dəstək göstərilməsi, sərhəddə müşahidəçi adı altında kəşfiyyat missiyasının yerləşdirilməsi və Azərbaycan əleyhinə bəyanatlar verilməsi onun vasitəçilik missiyasını tamamilə itirməsinə səbəb olub. Belə bir şizofrenik siyasət İttifaqın vahid strategiyasının olmadığını və daxili ziddiyyətlər içində çabaladığını göstərir. Azərbaycan qazı Avropanın evlərini isitmək və sənayesini işlətmək üçün yaxşıdır, amma Azərbaycanın öz suverenliyini qoruması pisdir? Bu məntiq müstəmləkəçi təfəkkürün qalığıdır, çünki onlar resurslarımızı istəyir, lakin müstəqil iradəmizi qəbul etmək istəmirlər. Azərbaycan Afrika və ya Latın Amerikası ölkəsi deyil ki, resurslarını ucuz qiymətə satıb qarşılığında siyasi diktə qəbul etsin. Bizimlə enerji sahəsində əməkdaşlıq etmək istəyənlər siyasi sahədə də hörmət nümayiş etdirməlidirlər.

Proseslərin təhlili göstərir ki, Avropa İttifaqının aqressiv ritorikasının arxasında, əslində, qorxu dayanır. Müstəqil qərar verən, şəxsi resurslarına sahib çıxan və regional ittifaqlar quran güc mərkəzinin yaranması Avropanın ənənəvi “böl və idarə et” siyasətini iflasa uğradır. Avroparlamentdəki dinləmələr acizliyin hayqırtısından başqa bir şey deyil və Ukrayna bataqlığında strateji məğlubiyyətə uğrayan Avropa Cənubi Qafqazda əzələ nümayiş etdirməyə çalışsa da, bu cəhdlər gülünc görünür. Çünki burada qarşılarında forpost Ermənistan yox, qalib Azərbaycan dayanır. Tarix hər zaman qaliblərin tərəfində olub və bu gün o ünvan Azərbaycandır.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət