Azərbaycan Prezidenti İlham Əliyevin “Donald Tramp prezident seçiləndən sonra Azərbaycan–ABŞ münasibətləri yeni mərhələyə keçib” bəyanatının arxasında beynəlxalq münasibətlər sistemində dəyişən geosiyasi düzən, Ağ Evin Cənubi Qafqaza baxışındakı transformasiya və Azərbaycanın çoxvektorlu diplomatiyasının yetişmiş mərhələsi dayanır.
Azərbaycan–ABŞ münasibətləri tarixən dalğavari inkişaf edib: 1990-cı illərin əvvəllərində formalaşan, bəzən soyuqluq, bəzən yaxınlaşma mərhələləri ilə müşayiət olunan bu münasibətlər yeni məzmun kəsb etməyə başladı. Donald Tramp administrasiyası dövründə baş verən dəyişikliklər münasibətlərin xarakterini ideoloji təsirdən çıxararaq praqmatik maraqların sintezinə yönəltdi. Əgər əvvəlki onilliklərdə ABŞ Cənubi Qafqaza daha çox demokratiya, insan haqları və siyasi islahat prizmasından baxırdısa, Tramp dövründə bu yanaşma tədricən iqtisadi və təhlükəsizlik əsaslı realizmə keçdi. Dəyişiklik təkcə ABŞ siyasətinin təzahürü deyildi. Azərbaycan artıq həmin dövrdə regionun aparıcı enerji, təhlükəsizlik və nəqliyyat mərkəzinə çevrilmişdi. Bakı balanslı və proaktiv diplomatiya ilə Qərb və Şərq, Rusiya və ABŞ, region və qlobal aktorlar arasında sabit körpü rolunu möhkəmləndirirdi. Belə bir reallıqda Vaşinqtonun Bakı ilə münasibətlərə baxışı obyektiv şəkildə dəyişdi: Azərbaycan sabitlik və əməkdaşlıq üçün zəruri tərəfdaşa çevrildi.
Mərhələnin “yeni” adlandırılması, əslində, siyasi kursun dəyişməsi ilə deyil, keyfiyyətcə fərqli strateji bərabərlik modelinin formalaşması ilə bağlıdır. Əgər 1990-cı illərin ortalarında Bakı ilə Vaşinqton arasında əsas körpü enerji diplomatiyası idisə, Tramp dövründə bu münasibətlər artıq təhlükəsizlik, regional sabitlik və çoxtərəfli əməkdaşlıq aspektləri ilə zənginləşdi. Azərbaycanın artan geosiyasi çəkisi, enerji dəhlizlərindəki rolu və balanslaşdırılmış xarici siyasəti ABŞ üçün regiondakı strateji balansın saxlanması baxımından əvəzolunmaz amilə çevrildi.
* * *
Azərbaycan–ABŞ münasibətlərinin bugünkü dinamikasını anlamaq üçün bu əlaqələrin başlanğıc mərhələsinə qayıtmaq vacibdir. 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan beynəlxalq sistemdə hələ formalaşmamış statusa malik idi. Məhz bu dövrdə ABŞ-ın Azərbaycan siyasəti ziddiyyətli və birmənalı olmayan xəttlə xarakterizə olunurdu. Vaşinqton postsovet məkanında demokratik keçidi dəstəklədiyini bəyan etsə də, konkret addımlar regionun real geosiyasi balansına uyğun gəlmirdi. Bunun ən bariz nümunəsi 1992-ci ildə qəbul edilmiş “Azadlığa Dəstək Aktı”na əlavə kimi daxil edilən 907-ci düzəliş idi.
907-ci düzəliş mahiyyətcə ABŞ hökumətinə postsovet ölkələrinə yardım göstərməyi nəzərdə tutan qanunun məhz Azərbaycana tətbiqini qadağan edirdi. Formal əsas kimi Azərbaycanın “Ermənistana qarşı blokada və güc tətbiq etməsi” iddiası göstərilirdi. Amma bu hüquqi qərarın arxasında o dövrün ABŞ Konqresində güclü erməni diasporunun təsiri və regiondakı geosiyasi qütbləşməyə əsaslanan maraqlar dayanırdı. 907-ci düzəliş, faktiki olaraq, Azərbaycanın müstəqilliyinin ilk illərində Qərb ilə institusional əməkdaşlıq imkanlarını məhdudlaşdırdı və ABŞ–Azərbaycan münasibətlərinin psixoloji təməlinə uzunmüddətli etimad problemi yerləşdirdi.
Amma, eyni zamanda, bu hadisə Azərbaycan üçün mühüm siyasi dərs oldu. Bakı xarici siyasətdə emosional reaksiyalardan uzaq duraraq, rasional maraq əsasında çoxvektorlu yanaşmanı formalaşdırmağa başladı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” bu yeni strategiyanın konkret təzahürü idi: ABŞ şirkətləri (xüsusən “Amoco”, “Unocal”, “Pennzoil”) Xəzər hövzəsinin enerji resurslarında iştirak etməklə, Vaşinqtonun iqtisadi maraqlarını regiona qaytardı.
Beləliklə, paradoksal situasiya yarandı: bir tərəfdən, ABŞ-ın siyasi məhdudiyyətləri davam edirdi; digər tərəfdən, iqtisadi və enerji sahəsində əməkdaşlıq dərinləşirdi. 907-ci düzəlişin simvolik yükü uzun illər münasibətlərin üzərində qaldı. O, həm də ABŞ-ın region siyasətindəki ikili standartların göstəricisi kimi qəbul olundu. Yalnız 2002-ci ildə, 11 Sentyabr hadisələrindən sonra ABŞ-ın terrora qarşı qlobal mübarizə çərçivəsində Azərbaycanla əməkdaşlığın vacibliyini anlaması bu düzəlişin faktiki tətbiqini dayandırdı.
Tarixi retrospektdə bu qərar həm də Azərbaycanın gələcək diplomatik davranışını müəyyənləşdirdi. Bakı başa düşdü ki, beynəlxalq münasibətlərdə ədalət deyil, maraqlar sistemi işləyir. Elə buna görə də Azərbaycan 2000-ci illərdən etibarən öz xarici siyasətini “balanslaşdırılmış realizm” üzərində qurdu: bir tərəfdən Qərblə əməkdaşlıq, digər tərəfdən isə region gücləri ilə qarşılıqlı asılılıq siyasəti. 907-ci düzəlişin siyasi yükü bu gün artıq tarixi sənəd kimi qalır, amma onun yaratdığı təcrübə müasir Azərbaycan diplomatiyasının formalaşmasında dərin iz buraxıb. Prezident İlham Əliyevin “yeni mərhələ” ifadəsini işlədərkən vurğuladığı məhz bu təcrübənin aşılması, tarixi ədalətsizliyin yerini bərabərhüquqlu tərəfdaşlığın almasıdır.
* * *
2024-cü ildə Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi beynəlxalq münasibətlər sistemində yeni realist istiqamətin möhkəmlənməsi baxımından dönüş nöqtəsi oldu. Onun ilk administrasiyası dövründə ABŞ xarici siyasətində “Amerika maraqları hər şeydən öncə” prinsipi dominant idi, lakin ikinci dönəmdə bu siyasət daha sistemli və məqsədyönlü formaya keçdi. Əgər əvvəlki mərhələdə Tramp qlobal öhdəliklərin azaldılmasına və ABŞ-ın xarici müdaxilələrinin minimuma endirilməsinə üstünlük verirdisə, 2024-cü ildən sonra bu yanaşma qarşılıqlı fayda və bərabərhüquqlu tərəfdaşlıq üzərində qurulmağa başladı. Məhz bu kontekstdə Azərbaycan–ABŞ münasibətləri ikinci nəfəsini aldı. Cənubi Qafqaz artıq Vaşinqton üçün Avrasiya güc balansının formalaşdığı əsas məkana çevrilmişdi. Çin və Rusiya arasında rəqabətin dərinləşdiyi, Avropa İttifaqının enerji təhlükəsizliyi baxımından daha çox “alternativ marşrutlara” yönəldiyi bir mərhələdə Bakı Vaşinqtonun regional siyasətində strateji tərəfdaş statusunu praktik məzmunla doldurmağa başladı.
Tramp administrasiyası üçün Azərbaycan həm sabitlik amili, həm də Cənubi Qafqazda praqmatik siyasətin nümunəsi idi. 2020-ci il müharibəsindən sonra regionda yaranan yeni geosiyasi reallıqlar ABŞ-ın maraq xəritəsini dəyişdirdi. Vaşinqton bu dəfə birbaşa vasitəçilikdən çox, “sabitləşdirici təsir mexanizmləri” vasitəsilə proseslərə təsir etməyə üstünlük verdi. Həmin model Azərbaycana öz balanslı və çoxvektorlu diplomatiyasını daha rahat şəkildə həyata keçirməyə imkan yaratdı. Bakı nə Moskva ilə, nə də Qərb strukturları ilə münasibətləri ziddiyyətə gətirmədən, hər iki istiqamətdə əməkdaşlığı dərinləşdirdi.
Tramp administrasiyası dövründə münasibətlərin yeni dinamikası xüsusilə enerji və texnoloji əməkdaşlıq sahəsində özünü göstərdi. ABŞ şirkətləri Azərbaycanın bərpa-olunan enerji layihələrində – xüsusilə Xəzər dənizində külək enerjisi və yaşıl hidrogen təşəbbüslərində – daha aktiv şəkildə iştirak etməyə başladılar. Bununla yanaşı, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik və süni intellekt kimi istiqamətlərdə əməkdaşlıq diplomatik əlaqələrə yeni strateji məna verdi.
* * *
2020-ci il müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni status-kvo uzun illərdən bəri davam edən geosiyasi tənasübü köklü şəkildə dəyişdi. Ermənistanın işğal siyasətinə son qoyulması və regionda yeni nəqliyyat-kommunikasiya dəhlizlərinin gündəmə gəlməsi təkcə regional tarazlığa deyil, həm də qlobal aktorların maraqlar xəritəsinə təsir göstərdi.
Vaşinqton xüsusilə 2024-cü ildən sonra Cənubi Qafqazda məhz bu praqmatik xətti seçdi. ABŞ artıq regionda “tənzimləyici” deyil, “təmas yaradan” aktor rolunda çıxış etməyə başladı. Bu modelin ən bariz təzahürü 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan sülh sazişinin paraflanması idi. Prezident İlham Əliyevin həmin razılaşmaları “tarixi əhəmiyyətli” adlandırması, əslində, diplomatik prosesin məntiqini tam şəkildə ifadə edirdi: ABŞ-ın vasitəçiliyi bu dəfə qarşılıqlı maraqları uzlaşdıran platforma rolunu oynayırdı. Vaşinqton formatında aparılan danışıqlar Azərbaycanın mövqelərinin beynəlxalq legitimliyini daha da gücləndirdi. Vaşinqton görüşləri həm də diplomatiyada yeni ünsiyyət üslubunun yaranmasına təkan verdi. Əvvəllər regionla bağlı müzakirələrdə ABŞ daha çox “demokratik dəyərlər və insan haqları” kimi normativ aspektləri önə çıxarırdı. İndi isə diqqət konkret reallıqlara – enerji təhlükəsizliyinə, nəqliyyat xətlərinə, texnoloji inteqrasiyaya və sülh prosesinin davamlılığına yönəlib.
Əslində, Vaşinqton formatı ilə əldə edilən nəticələr bir sualı da ortaya çıxarır: ABŞ-ın vasitəçiliyi bu dəfə hansı məqsədə xidmət edir – Qafqazda yeni nizamın formalaşdırılmasına, yoxsa balanslı güc bölgüsünə? Cavab birmənalı deyil, amma bir fakt dəyişməzdir – Azərbaycan bu dəfə diplomatik gündəmi formalaşdıran əsas subyektlərdən biridir.
Beləliklə, bu gün Azərbaycan–ABŞ münasibətləri təkcə yeni dostluğun başlanğıcı deyil, keçmiş ziddiyyətlərin də xülasəsi deyil. Onlar qarşılıqlı hörmət, strateji rasional və uzunmüddətli perspektiv üzərində formalaşmış möhkəm tərəfdaşlıqdır. Əgər 1990-cı illərdə sual “Azərbaycan ABŞ üçün nə qədər önəmlidir?” idisə, indi ssenari dəyişib: ABŞ Cənubi Qafqazda balansı və enerji təhlükəsizliyini Azərbaycanın iştirakı olmadan qoruya ilməz – Bakı olmadan bu mənzərə tamamlanmaz.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


