Günün məmuru “idarə edən” yox, “xidmət göstərən”dir

post-img

Prezident İlham Əliyevin noyabrın 12-də Naxçıvanda yeni səlahiyyətli nümayəndəni və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunmuş başçıları qəbul etməsi Azərbaycan dövlət idarəçiliyi tarixində növbəti mərhələ kimi yadda qaldı. Bu qəbul təkcə kadr estafeti deyil, həm də dövlətin daxili siyasətində yeni mərhələnin – məsuliyyət, şəffaflıq və xalqa xidmət fəlsəfəsinin təcəssümü idi.

Prezidentin çıxışı da adi inzibati təlimat deyil, sistemli bir konsepsiyanın ifadəsi kimi qəbul olunmalıdır. Yəni məmur anlayışının yenilənməsi, dövlət xidmətinin mahiyyətcə yenidən dərk edilməsi, əxlaqın idarəçiliyin ayrılmaz tərkib hissəsinə çevrilməsi və s. günün zəruri tələbidir.

Bu konsepsiyanın əsasları nədir? Məsələn, Prezident vurğuladı ki, rəhbər vəzifələrdə çalışan hər bir məmur xalqın arasında olmalı, onun problemlərini anlamalı və fəaliyyətini xalqa xidmət kimi formalaşdırmalıdır. “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməli, xalqa xidmət etməlisiniz”, – dövlət başçısı bildirdi. Bu fikir Azərbaycan idarəçilik modelinin mahiyyətini açır. Məmur artıq “idarə edən” yox, “xidmət göstərən” obrazdır.

Qəbul zamanı məmur davranışına dair sərt, amma prinsipial xəbərdarlıqlar səsləndi. İlham Əliyev qeyd etdi ki, rəhbər təvazökar olmalı, özünü hamıdan üstün tutmamalıdır. Əks təqdirdə, həm öz nüfuzunu, həm də dövlətin nüfuzunu itirər. “Əyri yola gedən hər bir məmur nəticədə qanun qarşısında cavab verir”, – deyən Prezident həm hüquqi, həm mənəvi məsuliyyətin idarəçiliyin ayrılmaz tərkib hissəsi olduğunu vurğuladı. Bu yanaşma dövlət idarəçiliyində etik və hüquqi normaların vəhdətini göstərir və son illərin real təcrübəsi ilə tam təsdiqlənir.

Prezident İlham Əliyev kadr siyasətində keyfiyyətə də xüsusi diqqət yetirdi. O, etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrların seçilməsinin vacibliyini qeyd etdi və bildirdi ki, mərkəzi icra orqanlarında aparılan sağlamlaşdırma siyasəti nəticəsində artıq qanunsuz tapşırıqlar verilməyəcək. Bu, idarəetmədə şəffaflığın və hüququn aliliyinin açıq göstəricisidir. Bütün bunlar kadr islahatlarının yeni mərhələsində mərkəzdən bölgələrə doğru intizamın yayılmasının zəruriliyini göstərdi.

Dövlət başçısı ölkənin bütün bölgələrində son illər həyata keçirilən infrastruktur layihələrinin nəticələrindən də bəhs etdi. Enerji, yol, su, sosial obyektlər sahəsində əldə edilən irəliləyişlər insanların gündəlik həyatına birbaşa təsir edir. Ölkə başçısı vurğuladı ki, sosial ədalət prinsipi yerlərdə dövlət siyasətinin əsas meyarıdır və insanlar hər bir kənddə bunu aydın görməlidir. Bu, dövlət və vətəndaş arasında sosial müqavilənin yeni forması kimi qəbul edilə bilər: dövlət yalnız infrastruktur təmin etməklə kifayətlənmir, həm də ədalət mühitini qoruyur.

Prezident İlham Əliyevin çıxışında məşğulluq və ekoloji balans məsələlərinə də geniş yer verildi. Yerlərdə iş yerlərinin yaradılması, sahibkarlığa dəstək və turizmin inkişafı prioritet olmalıdır. “Yerlərdəki rəhbərlər iş yerlərinin yaradılmasına çalışmalıdırlar. Çünki yerli istehsal həm məşğulluğu təmin edir, həm də iqtisadiyyatı gücləndirir”, – Prezident qeyd etdi.

Bu yanaşma regional iqtisadi siyasətin sosial yönünü göstərir və insanların rifahına birbaşa təsir edir. Eyni zamanda, ekoloji balansın qorunması və qanunsuz fəaliyyətlərin qarşısının alınması məsələsi də diqqət mərkəzindədir. Bakı və Sumqayıt şəhərlərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, çirklənmiş ərazilərin abadlaşdırılması bu məsələnin uğurlu təzahürüdür.

Ölkə rəhbəri İlham Əliyev çıxışının sonunda yeni təyinat alan məmurlara xalqa xidmət, şəffaflıq və məsuliyyətli idarəçilik prinsiplərinə sadiq qalmağı tapşırdı: “Əminəm ki, siz öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız”.

Bu sözlər həm tapşırıq, həm də dövlət idarəçiliyinin fəlsəfəsidir – müasir Azərbaycanda etimad təyinatla qazanılsa da, artıq əməl və xidmətlə doğruldulur.

Elnarə AKİMOVA,
Milli Məclisin deputatı,
filologiya elmləri doktoru

Siyasət