ABŞ Müdafiə Nazirliyi Konqresə “907-ci düzəliş”in üz qarasını təmizləməyi təklif edib
Əgər bu çağırış qanunverici orqan tərəfindən eşidilib, müvafiq qərar qəbul olunarsa, ABŞ tarixində nadir hadisələrdən birinin şahidi olacağıq. Söhbət 1992-ci ildə Konqresin “Azadlığa Dəstək Aktına” əlavə etdiyi 907-ci düzəlişin ləğvindən gedir. Yəni, Birləşmiş Ştatların tarixində qanunun ləğvi, yaxud ona hansısa əlavə və ya düzəlişin aradan qaldırılması az müşahidə olunan haldir.
Bugünlərdə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) “Stars and Stripes” adlı nəşri Konqresə xüsusi qaydada müraciət ünvanlayıb. Nəşr ölkənin ali qanunverici orqanını 33 il bundan əvvəl Azərbaycan əleyhinə qəbul etdiyi 907-ci düzəlişi ləğv etməyə, həmçinin TRIPP (Zəngəzur dəhlizi) layihəsinin uğurunu möhkəmləndirməyə çağırıb. Müraciətdə o da xüsusi olaraq vurğulanır ki, “Azadlığa Dəstək Aktı”na edilən bu bədnam əlavə o zaman Bakı ilə İrəvan arasında münaqişə kontekstində, ABŞ-dakı erməni diasporunun təsiri altında qəbul olunub və artıq o, keçmişin qalığına çevrilib.
Pentaqonun təşəbbüsü başadüşüləndir. Bu gün o bədnam düşəlişin aradan qaldırılmasına, Konqresin 33 illik üz qarasının “yuyulmasına” Bakıdan daha çox Vaşinqtonun ehtiyacı var. Axı, bu düzəliş strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan–ABŞ münasibətlərinə xələl gətirməsə də, müəyyən qədər kölgə salır.
Oxuculara xatırladaq ki, “907-ci düzəliş”in icrası Donald Trampın ikinci dəfə Ağ Evə qayıdışından sonra, bu il avqustun 8-də Vaşinqtonda ABŞ liderinin təşəbbüsü və şahidliyi ilə keçirilən Sülh Sammitinin yekunu olaraq daha bir il müddətinə dondurulub. Fəqət onun tam qüvvədən salınması üçün Konqresin iki palatası – Senat və Nümayəndələr Palatası yeni qanun layihəsini təsdiqləməlidir. Bu baş verəcəyi təqdirdə, yəni, “Azadlığa Dəstək Aktına” 907-ci düzəlişin ləğv olunması reallaşarsa, bu, ABŞ-ın müasir tarixinə fövqəladə hadisə kimi düşməklə yanaşı, həm də Azərbaycanla yeni strateji əməkdaşlıq formatına keçidin başlanğıcı olacaq. Önəmli faktlardan biri də odur ki, bu düzəlişin aradan qaldırılması məhz Prezident İlham Əliyevin iştirakı ilə avqustun 8-də Vaşinqtonda baş tutan üçtərəfli görüşdən sonra aktuallaşdı. Konqresin ləğvetmə prosedurunu gerçəkləşdirməsi tarixi əhəmiyyətə malik olmaqla yanaşı, həm də rəmzi xarakter daşıyır.
Bütün parametrlər üzrə Cənubi Qafqazın liderinə çevrilmiş Azərbaycanın bu gün xarici dəstəyə, yaxud yardıma ehtiyacı yoxdur. Məhz bu baxımdan yanaşanda Prezident Trampın məlum qərarı daha çox tarixi ədalətin bərpası, onun tərəfindən Azərbaycan üçün siyasi jest xarakteri daşıyır.
* * *
Oxucuların yadına onu da salaq ki, 1992-ci ilin oktyabrında Ermənistanın lobbi qruplarının hərtərəfli təsiri altında olan konqresmenlərin təşəbbüsü ilə qəbul olunmuş bu ədalətsiz qərar ölkəmizi ABŞ-ın birbaşa dəstəyindən məhrum etdi. Üstəlik, müstəqilliyini yenicə qazanmış və hələ qəddini dikəltməmiş respublikamız sanksiyalara məruz qaldı. Amma hərdən varlıların kasıblara işləri düşdüyü kimi, güclülərin də zəiflərin dəstəyinə ehtiyac duyduqları məqamlar olur. ABŞ hökumətinin Əfqanıstanda başlatdığı antiterror əməliyyatlarında kənar dəstəyə ehtiyacı yarananda Azərbaycan ona yardım əlini uzatdı və bu dəstəyi hava limanları, nəqliyyat vasitəsilə təqdim etdi. Məhz bunun sayəsində sonradan bədnam düzəlişin icrası hər il müvəqqəti olaraq dayandırılırdı.
2023-cü ilə qədər belə davam etdi. Demokrat Cozef Bayden administrasiyasının həmin qadağanı və sanksiyaları yenidən Azərbaycana qarşı tətbiq etməsi Vaşinqtonun bölgəyə münasibətdə yanlış, ermənipərəst siyasətinin, mənfi davranışının kulminasiyası sayıla bilərdi. Ermənistan və Gürcüstan ABŞ-dan milyonlarla dollar dəyərində dəstək aldığı halda, Azərbaycan bu imkandan qərəzli şəkildə məhrum olundu. İndi 907-ci düzəlişin tam ləğvi yalnız siyasi jest deyil, həm də konkret faydalar deməkdir.
Maraqlı suallar yaranır: Pentaqon nədən düzəlişin tam ləğvini istəyir? Və niyə məhz indi? Bəs Konqresə məlun çağırışı Dövlət Departamentinin deyil, Müdafiə Nazirliyinin etməsi nə ilə bağlıdır? Aydın məsələdir ki, Pentaqonun nəşrinin bu çağırışı heç də səbəbsiz deyil. Bu versiyanı daha məntiqli hesab edə bilərik ki, supergücün Müdafiə Nazirliyinin rəsmi media orqanı Konqresin Azərbaycana hərbi yardımı qadağan edən əlavəsinin ləğvi, başqa sözlə, ədalətin bərpası üçün təşəbbüs göstərib. İntəhası, bu heç də o demək deyil ki, Konqres məsələyə müsbət mövqedən yanaşarsa, ABŞ Azərbaycana dərhal hərbi yardım edəcək. Əslində, indiki durumda ölkəmizin buna ehtiyacı da yoxdur. Bakı üçün daha önəmli amil ədalətin, gec də olsa, öz yerini tapması məsələsidir.
* * *
Bəli, “Azadlığa Dəstək Aktına” 907-ci düzəlişin qüvvədən salınmasının ABŞ liderinin qətiyyətli mövqeyi sayəsində mümkün olduğu sirr deyil. Qanun statusuna malik həmin əlavənin ləğvi üçün Konqresin qərar verməsi çətin, amma mümkün məsələdir. Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, Birləşmiş Ştatlarda qanunu dəyişmək elə də asan proses deyil. Doğrudur, qeyri-müəyyən müddətə onun tətbiqinin qarşısının alınması mümkündür. Tam ləğvi isə Konqresin iki palatasının yekdil qərarından asılı olacaq. Əgər biz hazırda respublikaçıların Konqresdə sayca demokratlardan üstün olmaları faktını nəzərə alsaq, bunun üçün əsl fürsətin yarandığını söyləyə bilərik. Aydın məsələdir ki, demokratlar, xüsusən də erməni lobbisinin təzyiqi və təsiri altında olan senator və konqresmenlər bu məsələdə müqavimət göstərməyə çalışacaqlar. Güman edirik ki, qarşıdakı mərhələdə rəsmi Bakı özünün beynəlxalq hüquqa və ədalətə söykənən diplomatik rıçaqlarından istifadə etmək barədə düşünəcək. Bu zaman Pentaqon kimi nəhəng strukturun çağırışına istinad etmək yetərli sayıla bilər. Bununla paralel olaraq Dövlət Departamenti ilə təmasları gücləndirmək lazımdır ki, məsələ Konqresin gündəliyinə salınsın.
Amma yaranmış duruma reallığın gözü ilə baxmağı da unutmamalıyıq. Həmin bədnam 907-ci düzəlişə və məlum sanksiyalara baxmayaraq, Azərbaycan yeni silahlar almaqda davam etdi, ordusunu gücləndirdi və məhz gücün sayəsində erməni işğalına son qoydu.
Noyabrın 8-də Bakıda keçirilən möhtəşəm hərbi paradda Azərbaycan Ordusunun qüdrəti bütün dünyaya nümayiş etdirildi. Ən müasir silahlar, modrn qoşun növləri, insansız idarə olunan hərbi texnikamızla bədxahlarımıza gözdağı verdik. Yəni, 33 il davam edən 907-ci düzəlişin Azərbaycan üçün nə qədər yararsız olduğu növbəti dəfə sübuta yetirildi. İlbəil hərbi potensialını artıran, hərbi sənaye-kompleksini inkişaf etdirən, eləcə də Türkiyə, Rusiya, İsrail, Serbiya, Belarus və digər ölkələrdən müasir silahlar alan Azərbaycan üçün 907-ci düzəliş işləmir.
Sonda bir daha təkrarlamaq istəyirik ki, 33 il bundan əvvəl ABŞ Konqresi ədalətsiz qərarını verəndə torpaqlarımız işğal olunurdu. Yəni, dünyada analoqu olmayan hadisələrdən biri – işğala məruz qalan ölkəyə qarşı hərbi yardımları qadağan edən sanksiya tətbiq olunurdu. Amma biz buna da dözdük və haqq işimizi ədalətin gec-tez zəfər çalacağına inanaraq davam etdirdik. Və bu gün Pentaqonun Konqresə məlum müraciətini ikili standartdan, qərəzli yanaşmadan, deməli, ədalətsizlikdən geri çəkilmə kimi qəbul etməliyik.
İ.HƏSƏNQALA
XQ

